“Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyası (AzMDEP) İŞİD-dən çoxdan təmizlənmiş Suriyanın Bayır Bucaq və Türkmən dağı bölgəsində Rusiya Federasiyasının hərbi hava qüvvələrinin dəstəyi ilə İran İslam Republikası (İİR) və Əsədçi hərbi qüvvələr tərəfindən Türkmən xalqına qarşı gerçəkləşən soyqırımı qətiyyətlə pisləyir”.
Strateq.az xəbər verir ki, bu sözlər Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyasının sədri Tufan Kərimin yaydığı bəyanatda yer alıb.
Bəyanatda bildirillir ki, bu gün Rusiyanın, İranın və Əsəd rejiminin iştirakı ilə Suriya ərazisində gerçəkləşən Türkmən soyqırımı bir daha bölgədə anti-türk və anti-Azərbaycan qüvvələrinin kim olduğunu göstərməkdədir:
“Digər tərəfdən, tarixi Türk xalqlarının soyqırımları, Türk xalqlarından oğurlanmış mədəniyyət və dövlətçiliyin üzərində qurulmuş Rusiya imperiyasının anti-türk koalisiyasının önündə getməsi barədə AzMDEP-in daim vurğuladığı fikir də öz təsdiqini bir daha tapmaqdadır.
AzMDEP Bayır Bucaqda və Türkmən dağında baş verən soyqırımın təcili olaraq dayandırılmasını tələb edir! Türkmən soyqırımının davam edəcəyi halında partiya Azərbaycan Respublikasının MDB tərkibindən çıxmasını, millətimizin elmi və mədəni inkişafına ciddi maneələrdən biri olan, təhsil və mədəniyyət sahələrində rus dilinin əsassız olaraq şişirdilmiş iştirakının minimallaşdırılmasını tələb edəcək, nəinki bölgədə, hətta Türk dünyasında türk xalqlarının bir qismini müstəmləkə əsarətində saxladığı Rusiyanın strateji mənafeləri üçün siyasi problemlər yaratmağı əsas hədəflərindən birinə çevirəcək”.