Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub.
Partiyadan Strateq.az-a verilən məlumata görə, toplantı iştirakçıları ilk növbədə son dövrlərdə ölkədə sosial-iqtisadi böhranın dərinləşməsindən, daxili siyasi vəziyyətin gərginləşməsindən, korrupsiya və rüşvətxorluq faktlarının getdikcə dövlətin iqtisadi qüdrətini zəiflətməsindən, işsizliyin, infilyasiyanın, bahalaşmanın son həddə çatmasından, hakimiyyətdaxili qruplaşmalar arasında dövləti cinayətlərin sayının durmadan artmasından və mafioz qrupların onsuz da saxtakarlıqla müşahidə olunan seçkilərin nəticələrinə müdaxilə etməsi faktlarından ciddi narahat olduğunu bildirib və yaranmış dərin sosial-iqtisadi, siyasi böhrandan çıxması üçün ölkədə ədalətli, şəffaf, qanuni, xalq etimadına layiq yeni parlament seçkilərinin keçirilməsinin vacibliyini bir daha diqqətə çatdırıb.
İdarə Heyəti MTN olayları ilə bağlı adı çəkilən strukturda və digər nazirlik və komitələrdə bir çox yüksək rütbəli məmurların cinayət əməllərinin üstünün açılması və bu cinayətlərin dairəsinin getdikcə genişlənməsi faktına münasibət bildirib.
Sonda isə ölkədə yaranmış dərin sosial-iqtisadi, siyasi böhranın qarşısının alınması, vətəndaş həmrəyliyinin təmin edilməsi, xarici təhdidlərə qarşı milli səfərbərliyin gücləndirilməsi, milli problemlərin masaya yatırılması üçün iqtidar-müxalifət dialoqunun bir daha gündəmə gətirilməsini zəruri hesab edilib və hakimiyyəti bu yöndə yeni təşəbbüslə çıxış etməyə çağırıblar.