XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

17 İyun 2017 - 14:30

Sahil Tahirli yazır:"Qurtuluş dastanından Əlincə zirvəsinə"

XX əsrin 90-cı illəri… Həmin dövr mənim də uşaq yaddaşımda silinməz izlər buraxıb.

1988-ci ildən başlayaraq, Naxçıvan davamlı olaraq erməni silahlılarının  hücumuna məruz qalır, mərkəzi hakimiyyət bu diyarı  getdikcə ümidsizliyə tərk edirdi. Əhali özünümüdafiə dəstələri yaradır, gecə-gündüz doğma torpağın sərhədlərinin keşiyini çəkirdi.

Ailə üzvlərimiz və qonşularımızın hər gün Ermənistanla sərhəddə yerləşən ucqar Yuxarı Buzqov kəndində əliyalın postlara çıxmaları, digər sərhəd kəndlərimizin də elə bu cür müdafiə  olunması, insanların topla, tüfənglə deyil, şərəf, namus, qeyrət və vətənpərvərliklə düşmən qarşısında sipər kimi dayanması uşaq yaddaşımın bir küncündə ilişib qalıb, özünə əbədi məskən salıb.

Narahat günlər, soyuq, aclıq, kəskin enerji böhranı və bütün bunların özü ilə bərabər gətirdiyi çətinliklər güclü küləyə bənzəyirdi. Sanki bu külək qarşısına çıxan hər şeyi  sovurub aparacaqdı. Amma yox! O zaman nə güclü külək, nə də tufan və fırtınalar insanlara özünü diktə edə bilmirdi. Bu külək, özü də bilmədən, məcbur edirdi ki, tənha ağaclara bənzəyən Naxçıvan Muxtar Respublikası və onun sakinləri yıxılmamaq üçün daha dərinə kök atsınlar, torpağa daha möhkəm bərkisinlər, əcdadlarının yolu ilə gedərək daha  da mübariz və yenilməz olsunlar!

 

Naxçıvandan siyasi olimpə doğru

 

1990-cı ilin 22 iyulundan sonra bu proses dönməz xarakter aldı. Yekdil fikir bu idi: “Heydər Əliyev burdadırsa, düşmən bizə bata bilməz”.

Xatirimdədir, o vaxt yaşadığımız Cəhri kəndindən də əhali tez-tez  sarı rəngli “PAZ” avtobuslarına doluşub şəhərə mitinqlərə gəlirdi. Naxçıvan şəhərində əhali ardı-arası kəsilməyən mitinqlər keçirir, hamı tələb edirdi ki,  fövqəladə sessiya  çağırılsın və dahi Heydər Əliyevin Ali Məclisin Sədri seçilməsi məsələsi müzakirəyə çıxarılsın. Ulu öndər isə xalq qarşısına çıxaraq dəfələrlə bildirirdi: “Mən heç bir vəzifə tutmaq  niyyətində deyiləm.  Bu ağır günlərdə  yalnız  xalqımla  birgə olmaq, ona dayaq durmaq üçün Naxçıvana  gəlmişəm”.

Bu QURTULUŞ DASTANInın ilkin rüşeymləri, ilkin közərtiləri idi.  “Şöhrət” ordenli əməkdar jurnalist Elmira Axundova “Heydər Əliyev: ömrün Naxçıvan  aşırımları” kitabında yazır: “Onun yeni missiyası  çox çətin, bəlkə də mümkünsüz  missiya idi. O, Naxçıvandakı nisbətən sakit,  sabit, qapalı dünyadan ayrılıb hər şeyin  qeyri-müəyyən, amorf vəziyyətə  düşdüyü, hər şeyin uçulub-dağıdıldığı, Azərbaycanın bu gününün və gələcək  taleyinin həll edildiyi saysız hadisələr burulğanına atılmalı oldu. Məhz Azərbaycanın taleyinin həll edildiyi o an  onun üçün  həqiqət anı idi. Belə bir taleyüklü məqamda o kənarda qala bilməzdi… Onun  kənarda qalmağa  sadəcə olaraq  haqqı yox idi”.

Göründüyü kimi, inadkarlıq göstərən xalq ulu öndər Heydər Əliyevi yenidən siyasi olimpin zirvəsinə ucaltmaqda qərarlı idi. Çünki Heydər Əliyev ölkəmizə rəhbərliyinin birinci dövründə – 1969-1982-ci illərdə Azərbaycanı müttəfiq respublikalar içərsində iqtisadi və mədəni inkişafına görə ön sıraya çıxarmış, bununla da gələcək müstəqilliyin güclü dayaqlarını yarada bilmişdi. Bu amili əldə rəhbər tutan Naxçıvan əhalisi, nəhayət, ulu öndəri Muxtar Respublika Ali Məclisinin Sədri seçdi. Bununla da çağrılması qaçılmaz olan 1991-ci ilin 3 sentyabr sessiyası  Azərbaycanın yeni tarixində  dönüş anına çevrildi. 

Naxçıvan televiziyasının arxiv kadrlarından izləyirik ki, sessiya gedən binanın qarşısına toplaşan  minlərlə insan “Heydər Əliyev bizim rəhbərimizdir”, “Qurtuluş Heydər Əliyevdədir!”, “Xilaskar Heydər Əliyevdir” şüarlarını səsləndirir. Bu, bir xalq sevgisi, bitib-tükənməyən azadlıq, müstəqillik istəyi idi. Bu qüvvənin qarşısında heç kim və heç nə duruş gətirə bilməzdi və  bilmədi də. Və tarix bir daha təsdiq etdi ki, xalqın iradəsi ən pozulmaz qanundur.

 

Xalqımızın qurtuluş mübarizəsi min illərlə tökülən qanlar və aparılan mübarizələrdən sonra qalib gəldi

 

Və nəhayət, 1990-1993-cü illərdə Naxçıvanı ağır təlatümlərdən çıxaran, işğal və məhv olmaq təhlükəsindən xilas edən BÖYÜK SƏRKƏRDƏni artıq BÖYÜK AZƏRBAYCAN çağırırdı. Xalq və onun təkidli tələbi qarşısında geriyə yol yox idi. 24 il əvvəl-1993-cü ilin 15 iyununda xalqımızın qurtuluş mübarizəsi, azadlıq və müstəqillik əzmi min illərlə tökülən qanlar və aparılan mübarizələrdən sonra qalib gəldi: Heydər Əliyev qısa vaxtda xalqı öz ətrafında birləşdirmiş, müstəqilliyimizi qorumuş, torpaqlarımızın işğalının qarşısını almış, güclü iqtisadiyyat, ordu və ən əsası bir nöqtəyə vuran sabit cəmiyyət yarada bilmişdi. Bu, Qobustandan, Gəmiqayadan başlayan, Cavanşirlə, Babəklə davam edən, Əlincəqala yenilməzliyinə ucalan və nəhayət 1918-ci ildə şirin dadını dadıb tezcə də itirdiyimiz müstəqillik, azadlıq mübarizəmizin zirvəsi idi.

 

"Qoy al qanımıza boyanmış bu kətan parçası bizim üsyan bayrağımız olsun!"

 

“Qanlı düşmən bizi qorxudur ki, ürəyimiz alçaq itaətə vərdiş eləsin. Əzmi qırılsın, iradəmiz şikəst olsun, ruhumuza qaranlıq çöksün. Mən – Babək Xürrəmi bu gecə Xürrəmilər içində birinci döyüşçü vəzifəsini qəbul edərkən, and içirəm! Siz də and için! Göydə yeni aypara görünən gecə, bizim üçün həm də Qurtuluş gecəsi olacaq. Qoy al qanımıza boyanmış bu kətan parçası bizim üsyan bayrağımız olsun. Əgər üsyanımız azadlıq üçündürsə, azadlığımız bərabərlik üçündür. Əgər qara torpağa qızıl dəni biz əkiriksə, gərək, biçin də bizim olsun, bərəkət də. Əgər zəhmət və cəfa bizimdirsə, gərək, səfası da bizim olsun, sevinci də”!

Bu, Xilafətin Samirə şəhərində tikə-tikə doğrananda belə “Azərbaycan”,  “Azərbaycan” deyərək ODLAR YURDUNUN azadlığı uğrunda şəhidlik məqamına ucalan Babəkin 12 əsr bundan əvvəlki sərkərdəlik hünərinin dillərə dastan olan ifadəsi idi. Əlində qanlı köynəyi tutaraq “Qoy alqanımıza boyanmış bu kətən parçası bizim üsyan bayrağımız olsun”,- deyən Xalq Qəhrəmanının qaldırdığı o al bayrağı biz 12 əsr sonra məğrurluq və yenilməzlik simvolu olan Əlincəqalanın zirvəsinə sancdıq. O, Əlincəqala ki, Əmir Teymur kimi qüdrətli fatehin aramsız hücumlarına 14 il sinə gərdi. Ulu babalarımız bu qalada doğma torpağı qorumağın, onun üçün savaşmağın, döyüşməyin, yeri gəlsə ölümə belə getməyin nümunəsini yaratdılar. Bir tərəfdə intizamlı və yenilməz, atlarının ayaqlarından od sıçrayan güclü Teymur ordusu, bir tərəfdə də Vətən-yurd sevgisi. Bu yerdə – Əlincəqalada güc deyil, vətən sevgisi, azadlıq yanğısı qalib gəldi. Teymur bu uğursuzluğa görə oğlu Miranşahı ayaqları altına atanda əslində onun fərsizliyinə deyil, Əlincəqala müdafiəçilərinin vətən, torpaq sevgisindən yoğrulan məğrurluğu və qəhrəmanlığı qarşısındakı acizliyinə hiddətlənir və deyirdi: “Sən ləyaqətini Əlincəqalada itirmisən”.

Əsl vətənpərvərlik nümunəsi

 

Belə, bu, həmin Əlincəqaladı. Daşı-daş üstə qalmayan, uçulub dağılan, az qala tarixdə özü yox, adı qalan Əlincə. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin böyük vətənpərvərlik nümunəsi və fədakarlığı ilə bu qala 2016-cı ildə yenidən həyata vəsiqə aldı, ikinci ömrünə qovuşdu. Əlbəttə, təkcə həyata yox, elə tariximizə, mədəniyyətimizə, milli irsimizə, vətənpərvərliyimizə qaytarıldı. Qala kərpic-kərpic, pillə-pillə elmi əsaslarla bərpa edildi, atla-ulaqla daşınan daşlarla yenidən tikildi. Qalaya rahat yollar, daş divarlar çəkildi, ərazidə muzey quruldu, üç rəngli bayraq Naxçıvan Muxtar Respublikasının tarixilik və vətənpərvərlik zirvəsinə – Əlincəqalaya sancıldı. Və bununla da Əlincə vətənimizin qurtuluş, istiqlal mübarizəsinin bayraqdarı oldu. Ali Məclis Sədrinin dərin dövlətçilik bağlılığının məntiqi nəticəsi olan bu addımı gənclər üçün əsl vətənpərvərlik nümunəsinə çevrildi. Dosta fəxarət, düşmənə göz dağı oldu…Şair Asim Yadigarın təbirincə desək:

 

İgidlərin al qanıyla rənglənən

Torpağımın bayrağıdır Əlincə!

Naxçıvanın mərd  qalası, ər oğlu,

Düşmənimə göz dağıdır Əlincə!

 

Milli iradənin, milli birliyin və milli düşüncənin Əlincəqala zirvəsindən daha aydın görünən qələbəsi

 

Tarix 15 iyun 2017-ci il. Budur, Naxçıvan gəncləri Milli Qurtuluş Gününün işığına toplaşıb. 15 iyunda “Qurtuluşdan Əlincəqalaya” devizi altında yürüş keçirən gənclər qurtuluşumuzun memarı Heydər Əliyevin portreti və bayraqlarla qurtuluşumuzun və milli mübarizəmizin rəmzi olan Əlincəqalaya doğru hərəkət edirlər. Niyə məhz Əlincəqalaya? Çünki bu qala tarix və milli ruhumuzda böyük rəmzi mənaya malikdir. Bu qalanın hər bürcündə ərənlərin nərəsi, qələbə cəngisinin sədası eşidilir, hər daşından Nəimi hikməti, Nəsimi şeiriyyəti duyulur. Qalaya gedən yol, bu yolda salınan körpülər, yolboyu tikilən təhsil, mədəniyyət və səhiyyə ocaqları, sabitlik, sosial rifah, Əlinəqala kimi bərpa edilib həyata qaytarılan minlərlə tarixi abidə məhz Milli Qurtuluş Gününün bəhrələridir. Bir sözlə, ulu öndər Heydər Əliyevin xalqımıza miras qoyduğu bu qurtuluş təkcə müstəqil dövlətçiliyimizin, xalqımızın qurtuluşu yox, həm də milli tariximizin, mədəniyyətimizin, dilimizin, mənəviyyatımızın QURTULUŞU idi. Bu, həm də milli iradə və milli düşüncənin Əlincəqala zirvəsindən daha aydın görünən qələbəsidir.

1990-cı ilin 17 noyabrında qədim Naxçıvanda başlar üzərinə qaldırılıb müstəqillik çarçısına çevrilən üçrəngli bayrağımız bu gün Əlincənin zirvəsində qürurla dalğalanır, elimizə, obamıza haray çəkir. Bu harayda Heydər qətiyyəti, bu harayda qələbə əzmi, bu harayda qurtuluş dastanı yaşayır.

Bir qədim Şərq məsəlində deyilir: "Əgər planın bir illikdirsə – darı səp, on illikdirsə – ağac ək, bir əsrlikdirsə – insan tərbiyə et, insan yetişdir". Bəli, Milli Qurtuluşumuzdan başlanan yol həm də vətənpərvər, intellektli və bilikli, vaxtilə ulu öndərin də dediyi kimi xalqın, vətənin taleyini öz talelərinə çevirən gənclər yetişdirdi. Bu gün gənclərimiz müstəqil Azərbaycanın gələcəyinə məhz Əlincə zirvəsindən baxır, ürəklərində Əlincə boyda vətən sevgisi daşıyır, çiyinlərinə ölkəmizin işıqlı sabahı naminə Əlincə dağları qədər yük götürə bilirlər.

Amalınız, yolunuz və yolumuz daim açıq olsun, əziz gənclər!

 

Sahil Tahirli,

Naxçıvan