Sabiq səfir Əli Nağıyev: “Türkiyə bu böyük səhvini dərinləşməyə qoymamalıdır”
Yeni Azərbaycan Partiyasının qurucularından olan sabiq nazir, Azərbaycanın Belarusdakı keçmiş səfiri Əli Nağıyev Türkiyənin Rusiya təyyarəsini vurmasına münasibət bildirib.
Əli Nağıyev illər əvvələ qayıdaraq Türkiyənin BMT-də özbəkistanın əleyhinə səs verməsi məsələsini yada salıb:
“Rusiya təyyarəsinin vurulmasıTürkiyənin böyük səhvidir. 2005-ci ilin noyabrında nazir kimi Türkiyədə rəsmi səfərdə idim. O zaman baş nazirin müavini olan Abdulla Gül məni qəbul edəndə özbəkistan hadisələrindən söhbət açdı və özbəkistanı demokratiyaya qarşı çıxmaqda günahlandırdı. Həmin vaxt özbəkistanda “Oş” hadisələri baş vermişdi, Rusiya əraziyə öz qoşunlarını yerdərək hadisələri yatırtmışdı. Qiyamçılar İslam Kərimovu devirmək istəyirdilər və orada da ABŞ-ın barmağı var idi. Abdulla Gül də Türkiyənin xarici işlər naziri kimi BMT-də özbəkistanın əleyhinə səs vermişdi. Hansı ki, ABŞ-ın xətrinə belə dəymədən heç olmazsa bitərəf qala bilərdi. Bununla da Türkiyə ilə özbəkistanın münasibətləri pozuldu, Türkiyə özbəkistanı itirdi. Bununla da Süleyman Dəmirəlin Heydər Əliyevlə birlikdə çox böyük əziyyətlə yaratmaq istədikləri Türk birliyi zəncirinin vacib bir halqası itdi. Həmin görüşümüzdə Abdulla Gülün “demokratiya vacibdir” sözünü yarımçıq kəsərək bildirdim ki, İslam Kərimov düz etdi, özbəkistanı uyuşdurucu satanların dağıtmasına icazə vermədi. Həmin sözdən sonra Abdulla Gül gördü ki, mənim fikrim, mövqeyim qətidir və mövzunu dəyişdi”.
Sabiq nazir bu olayın Türkiyəyə vuracağı ziyanlardan da danışıb: “Mən yenə də deyirəm, Türkiyənin Türkiyə olması təkcə NATO-nun üzvü və bir milyonluq güclü silahlı hərbi qüvvələrə sahib olmasında deyil. Türkiyənin Türkiyə olması Türk Birliyinə başçılıq etməyi bacarmasındadır. Türkiyənin NATO-ya üzv olması, hərbi qüvvələrə malik olması hələ təkcə Türkiyəni bu çətin, dolaşıq dünya siyasətindən çıxara bilməsi çox çətin bir sual yaradır. çünki Türkiyənin yanında sürətlə hərbi gücü artan İran, yüz milyonluq Misir var ki, ABŞ ağzından vuraraq Mürsini bayıra atdı və dedi ki, burada mən istəyən şəxs prezident olacaq. Türkiyənin başında duranlar bütün bunları görməyi bacarmalıydı. Bu məqamda ABŞ-a dəstavüz verib Rusiya kimi dövləti itirmək heç də yaxşı hal deyil. Bir daha deyirəm ki,Türkiyənin Türkiyə olması Türk birliyinə başçılıq etməyi bacarmasındadır. Rusiya ilə münasibətiləri pis olarsa, bu, qətiyyən mümkün olan iş deyil.
Beş-altı ay əvvəl Putinlə görüşdə 2023-cü ilə hədəfi 100 milyard dollar ticarət dövriyyəsinə qoymuşdular. Hazırda dövriyyə 30 milyard dollardır, Türkiyə 65 faiz qazı Rusiyadan alır, Türkiyənin istehsal etdiyi məhsulların əsas bazarı Rusiyadır”.
Sonda Əli Nağıyev bildirib ki, Türkiyə Rusiya ilə münasibətləri dərhal yoluna qoymağa çalışmalıdır: “Hesab edirəm ki, Türkiyə bu böyük səhvini dərinləşməyə qoymamalıdır. Dünən bir not eşitdim və vəziyyətdən çıxmaq üçün önəmli olduğunu düşündüm. Dedilər ki, bir neçə dəfə xəbərdarlıq olunduqdan sonra təyyarənin Suriya və ya hansı ölkənin təyyarəsi olduğunu ayırd edə bilməyiblər. Hesab edirəm ki, bu yaxşı bir başlanğıcdır və elə bu əsasda da Rusiya ilə münasibətləri barışdırmalıdır. “Biz bunu qəsdən etməmişik, Rusiyanın təyyarəsi olduğunu bilsəydik, vurmazdıq” deyilməlidir”.
Moderator.az