XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

26 Noyabr 2015 - 03:57

Qüdrət Həsənquliyev: “Türkiyə Su-24-ü vurmamalı idi”

“Pilotları Türkiyə tərəfi deyil, əraziyə nəzarət edən türkman silahlı qüvvələrinin döyüşçüləri vurub. Təbii ki, türkmanlar bunu qisas hissi ilə ediblər. Bilirsiniz ki, xeyli vaxtdır Rusiya təyyarələri dinc türkmanları bombalayır və Türkiyə də dəfələrlə buna etirazını ən sərt diplomatik dillə bildirib”.

Strateq.az xəbər verir ki, bu sözləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Moderator.az-a açıqlamasında deyib. Millət vəkili bildirib ki, Türkiyə “Su-24”-ü vurmamalı idi:  

“Hesab edirəm ki, Türkiyə o təyyarəni vurmamalıydı və çalışmalıydı ki, Rusiya ilə münaqişədən qaçsın. Amma düşünmürəm ki, Türkiyə bu qərarı təkbaşına verib. Yəqin ki, Türkiyə NATO üzrə müttəffiqləri ilə məsləhətləşəndən sonra belə bir qərar qəbul edib. Türkiyə artıq bir neçə dəfə xəbərdarlıq etmişdi ki, rus təyyarələri onların hava məkanını pozur. Hesab edirəm ki, Rusiyanın Türkiyənin çağırışlarına məhəl qoymaması, eyni zamanda, görünür, Türkiyəyə “qorxma, vur” deyilməsi sonda belə bir situasiyanın yaşanmasına gətirib çıxardı. Mən əminəm ki, Ərdoğana təminat verilməsəydi, o, heç bir halda belə bir riskə getməzdi. Hadisədən dərhal sonra Barak Obamanın Ankaranı dəstəkləməsi bunun sübutudur”.

Q.Həsənquliyev bildirib ki, bu hadisə Putinin nüfuzunu zədələdi: “Putinin hazırda Rusiyadakı reytinqi və yürütdüyü xarici siyasət dünyaya meydan oxuyan bir siyasətçi obrazı üzərində qurulub. Amma təyyarənin vurulması onun bu məğlubedilməz imicini kifayət qədər zədələyir. Putin də bunun fərqindədir. Rusiyanın Krımda qısa müddətdə çox az itki hesabına nəhəng hərbi zəfər əldə etməsi Putini xeyli ruhlandırmışdı və onun böyük bir sərkərdə obrazını yaratmışdı. Amma etiraf etmək lazımdır ki, belə bir məqamda rus təyyarəsinin Türkiyə tərəfindən vurulması Ərdoğanın Putinə vurduğu tərs şillə effekti verdi. Ona görə də əgər təminatı olmasaydı, düşünmürəm ki, Türkiyə belə bir riskə gedəydi”.   

Millət vəkili Azərbaycanın bu məsələyə qarışmasının və mövqe bildirməsinin doğru olmadığı qənaətindədir:

“Azərbaycan bu məsələdə mövqe ortaya qoymamalıdır. Yəni bir tərəfdə bizə qardaş olan bir Türkiyə, qarşı tərəfdə də böyük qonşumuz Rusiya var. Ona görə də bu münaqişədə tərəflərdən hansısa birinin mövqeyini müdafiə etmək kökündən yanlış olardı. Türk qardaşlarımız da vəziyyətimizi yaxşı anlayır və bilirlər ki, əgər sabah Rusiya Azərbaycanın üstünə gəlsə, onların Azərbaycanı müdafiə etmək imkanları sıfra bərabərdir. Yəni biz bu acı reallığı birinci Qarabağ savaşında görmüşük. Halbuki o vaxt torpaqlarımızı Rusiya yox, Ermənistan işğal edirdi və Moskva özü bu münaqişədə açıq şəkildə tərəf kimi çıxış etmirdi. Ona görə də düşünmürəm ki, sabah Rusiya Azərbaycanın üzərinə gəlsə, Türkiyə birinci Qarabağ savaşından fərqli mövqe ortaya qoya biləcək. Digər tərəfdən, bizim Rusiyanı da dəstəkləyimiz doğru olmazdı. çünki bu hadisəyədək Rusiya əsassız olaraq dinc türkmanları bombalayırdı, aqressor kimi davranırdı. Etiraf etmək lazımdır ki, Türkiyənin ixtiyarı öz əlində deyil və NATO Ankaraya bu icazəni də verməz. Vaxtilə Azərbaycanın çox tanınmış diplomatlarından biri bir neçə millət vəkili ilə söhbətində deyirdi ki, bir dəfə rəhmətlik Heydər Əliyev türkiyəli həmkarı Əhməd Necdət Sezəri yoxlamaq istəyir və görüş zamanı ona deyir ki, xalq məndən Qarabağın hərbi yolla azad edilməsini tələb edir. Təsəvvür edin ki, hətta Əhməd Necdət Sezər ona öz sözünü bitirməyə aman vermir və deyir ki, sayın Haydar bəy, NATO-nun izni olmadan biz sizə bir kurşun da verə bilmərik. Bunlar çoxumuzun bildiyimiz acı faktlardır. Vaxtilə Əbülfəz Elçibəy ürək ağrısı ilə söyləyirdi ki, mən Kəlbəcərin işğalı ərəfəsində 3 dəfə Dəmirələ telefon açaraq sadəcə mülki əhalini qırğınlardan qurtarmaq üçün mülki helikopter istədim, hər dəfə bəhanə gətirərək iki mülki helikopter ayırmaqdan imtina etdi. Dəmirəl axırda məcbur olub Elçibəyə etiraf edib ki, siz məni başa düşün, bu, Türkiyənin münaqişəyə müdaxilə etməsi kimi yozula bilər və bu da Rusiyanı qəzəbləndirər. Ona görə də mən hesab edirəm ki, bu cür qorxaq siyasi liderləri olan bir dövlətin Rusiya təyyarəsini vurması sadəcə öz iradəsinin nəticəsi ola bilməz. Biz Ərdoğanı da kifayət qədər tanıyırıq və onun yürütdüyü siyasəti yaxından izləyirik. Heç kimə sirr deyil ki, Ermənistanla bütün ticarət əlaqələr qurulub, ermənilər də Türkiyədə sərbəst gəzib dolanırlar. Ona görə də Ermənistanla sərhədlərin rəsmən bağlı qalması sadəcə Azərbaycana siyasi və mənəvi dəstəkdən başqa heç nəyi ifadə etmir. Yəni sərhədlərin bağlı olması Ermənistan üçün heç bir iqtisadi məhrumiyyət yaratmayıb. Bu bağlama simvolik xarakter daşıyır və Türkiyə-Ermənistan ticarət dövriyyəsi artıq 300 milyon dolları keçib. Azərbaycanın da indiki gərginləşən situasiyada edə biləcəyi odur ki, hər iki ölkə ilə normal münasibətləri qoruyub saxlasın. Eyni zamanda hər iki ölkə ilə münasibətlərin yüksək səviyyədə olmasından istifadə edərək çalışmalıdır ki, bu münaqişə daha da dərinləşməsin. çünki dərinləşsə, bundan ən çox ziyanı Azərbaycan çəkəcək. Əlbəttə, böyük dövlətlər üz-üzə gələndə kiçik dövlətlərin edə biləcəyi az şey qalır. Amma biz də çalışmalıyıq ki, nəyə gücümüz çatırsa, bu münaqişənin ən qısa zamanda həllini tapmasına öz töhfəmizi verək”.