XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

26 Noyabr 2015 - 16:48

Elmar Məmmədyarov: “Rusiyanın irəli sürdüyü təkliflər üzərində işləyirik”

Riqa sammitindən keçən dövr ərzində Parisdəki faciəvi hadisələr, Suriya sərhədindəki son proseslər də daxil olmaqla, çox dəyişikliklər baş verib.Biz terrorçuluğun bütün forma və təzahürlərinə qarşı mübarizədə əməkdaşlıq etməliyik. Hazırda bu, gündəlikdə duran ən önəmli məsələdir”.

Bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Tiflisdə “Şərq Tərəfdaşlığı” ölkələrinin VI Qeyri-rəsmi Nazirlər Dialoqu Toplantısında deyib.

E. Məmmədyarov bildirib ki, Azərbaycan Avropa Qonşuluq Siyasətinin təsbit olunmuş fərqləndirmə yanaşmasını yüksək qiymətləndirir: “Fikrimizcə, miqrasiya və insan hüquqları, fundamental azadlıqlar və anti-radikalizm kimi məsələlərin müzakirəsində tarazlıq gözlənilməlidir. Həmçinin, Avropada İslamofobiya meyllərinin yayılmasının qarşısının alınması vacibdir. Şərq Tərəfdaşlığı Təşəbbüsünə üzv dövlətlər kimi tərəfdaş ölkələrdə insan hüquqlarının vəziyyətinə dair ünvanımıza mütəmadi əsasda tənqidlər səsləndirilir. Məsələ burasındadır ki, Avropa İttifaqının özündə insan hüquqlarının durumu maraq doğurur. Əgər biz həqiqətən də qarşılıqlı sahiblik prinsipindən danışırıqsa, o zaman vətəndaş cəmiyyəti qurumları Avropa İttifaqına üzv dövlətlərin ərazisində insan hüquqlarının pozulması kimi məsələləri də qeyd etməlidir”.

E. Məmmədyarov qeyd edib ki, enerji sektoru Avropa İttifaqı ilə münasibətlərimizdə aparıcı rol oynamaqda davam edəcək.

“Cənub Qaz Dəhlizi ilə bağlı işlər öz axarı ilə plana uyğun şəkildə davam etdirilir. Azərbaycandan qazın 2018-ci ilin sonu və ya 2019-cu ilin əvvəlində Avropaya çatdırılması nəzərdə tutulub. Qeyd edilməlidir ki, Cənub Qaz Dəhlizinin nəzərdə tutulmuş zaman kəsiyində reallaşdırılması baxımından Avropa İttifaqının dəstəyi vacibdir. Əməkdaşlığımızın digər mühüm sahəsi kimi nəqliyyat sferasını qeyd edə bilərəm. Azərbaycan, Türkiyə və Gürcüstanın ortaq təşəbbüsü olan İpək Yolu təşəbbüsü yalnız bizim üçün deyil, həm dən Mərkəzi Asiya ilə əməkdaşlığı sürətləndirməkdə maraqlı olan Avropa İttifaqı üçün əhəmiyyətlidir. Bu nəqliyyat dəhlizi Avropanı Azərbaycan, Türkiyə və Gürcüstandan keçməklə, ilkin mərhələdə bu region, gələcək perspektivdə isə çinlə birləşdirəcək. Əməkdaşlığımızın bünövrəsində ən zəif həlqə istisnasız olaraq münaqişənin nizamlanmamasıdır. Biz hazırda həmsədrlər adından Rusiya tərəfindən irəli sürülmüş təkliflər üzərində işləyirik. Azərbaycanın işğal edilmiş ərazilərindən Ermənistan silahlı qüvvələrinin çıxarılması, məcburi köçkünlərin öz evlərinə qayıtması, Azərbaycanın Dağlıq Qarabağ regionunun azərbaycanlı və erməni icması arasında təmasların qurulması münaqişənin həlli istiqamətində mühüm elementlərdir və biz müzakirələrimizi bu elementlər üzərində cəmləşdirməliyik. Hər birimiz həll edilməmiş münaqişənin regionda əməkdaşlığa başlıca əngəl olması barədə fikirlərimiz üst-üstə düşür”, – deyə, o, əlavə edib.