XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

22 İyun 2017 - 16:51

Əli İnsanovun apellyasiya şikayəti təmin olunmadı –Məhkəmə prosesi

Bakı Apellyasiya Məhkəməsində həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun Qaradağ rayon Məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinə baxılıb.

Strateq.az Trend-ə istinadən xəbər verir ki, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə çıxış edən Əli İnsanovun vəkili Ağaveyis Şahverdi şikayətə məhkəmə istintaqı aparılmaqla baxılmasını istəyib.

Vəkil bildirib ki, cinayət işindəki bir sıra hallara aydınlıq gətirilməsi üçün mütləq araşdırma aparılmalıdır: "Birinci instansiya məhkəməsində təkrar ekspertiza keçirilməsi ilə bağlı vəsatət qaldırmışdıq. Çünki ekspertiza bizim ekspert qarşısında qoyduğumuz suallara cavab verməmişdi. Yəni ekspert rəyi tam deyildi. Amma vəsatətimiz təmin olunmadı".

Vəkil Əli İnsanov haqqında cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini istəyib.

Məhkəmədə zərərçəkmiş qismində ədliyyə mayoru Anar Məmmədov da iştirak edib. O, məhkəmədə çıxış edərək hökmün qüvvədə saxlanılmasını, apellyasiya şikayətinin rədd edilməsini istəyib.

Dövlət ittihamçısı Ceyhun Budaqov hökmün dəyişdirilməsinə heç bir əsas olmadığını deyib. Məhkəmədə 5 dəqiqəlik müşavirədən sonra hökmün qüvvədə saxlanıldığını elan edib.

Xatırladaq ki, Qaradağ rayon Məhkəməsinin hökmü ilə Ə.İnsanov 7 il 5 gün azadlıqdan məhrum edilib. Hökmlə razılaşmayan Ə.İnsanov apellyasiya şikayəti verib.

Qeyd edək ki, ötən il avqustun 24-də həbsdə olan sabiq səhiyyə naziri Ə.İnsanov barəsində Cinayət Məcəlləsinin 234.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2 (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri ilə cinayət işi başlanılıb.

Ötən il oktyabrın 11-də Ə.İnsanov barəsində Qaradağ rayon Məhkəməsinin qərarı ilə 3 aylıq həbs qətimkan tədbiri seçilib. Bu il yanvarın 11-də prokurorluğun təqdimatı ilə Qaradağ rayon Məhkəməsi Ə.İnsanov barəsində həbs qətimkan tədbirinin daha 2 ay, martın 3-də isə daha bir ay uzadılması barədə qərarlar çıxarıb.

Ə.İnsanov 2005-ci ilin oktyabr ayında həbs edilib. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunub. 2007-ci ilin aprel ayında Ə.İnsanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə əmlakı müsadirə olunmaqla və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan edilməklə 11 il müddətinə azadlıqdan məhrum edilib.