XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

06 Aprel 2015 - 13:29

Müsavat Partiyası bəyanat yaydı
Müsavat Partiyası ölkəmizdə həbsdə saxlanılan və siyasi motivlərlə həbs edildikləri bildirilən məhbuslarla bağlı bəyanat yayıb.
Strateq.az-a daxil olan bəyanatda deyilir:
“Azərbaycanda fundamental insan haqlarının məhdudlaşdırılması, ölkədə siyasi məhbusların sayının artması siyasi məhbusların azadlığa buraxılmaması ölkə ictimaiyyətini və beynəlxalq birliyi narahat edir.
Beyunəlxalq qurumların, o cümlədən Avropa Şurası Parlament Assambleyasının ölkədə siyasi məhbuslar problemini həll etmək çağırışlarına baxmayaraq, hakimiyyət təmsilçiləri beynəlxalq tribunalardan çıxış edərək, “Azərbaycanda siyasi məhbuslar yoxdur” iddasını davam etdirir.
Beynəlxalq təşkilatlar və real müxalifət qüvvələri tərəfindən vicdan və siyasi məhbus kimi tanınan insanların azad edilməsi istiqamətində göstərilən səylər əhəmiyyətli nəticələrə səbəb olmur.
Novruz bayramı ərəfəsində imzalanan əfv sərəncamı siyasi məhbus problemini qismən də olsa həll etmədi. Nəticədə yüzə yaxın vicdan və siyasi məhbus hələ də həbsdə qalmaqda davam edir. Son günlər həbsxanadan alınan məlumatlardan aydın olur ki, vicdan və siyasi məhbuslara qarşı cəzaçəkmə müəssisələrində pis münasibət davam edir. Onların KİV-lə tanış olmaq hüququ pozulur. Məhbusların abunə yolu ilə almalı olduqları müxalifətyönümlü qəzetlərdə siyasi və vicdan məhbuslarına aid olan hissələr kəsilir və məhbuslara xüsusi otaqda bir saat ərzində həmin qəzetlərlə tanış olmaq şərti tətbiq olunur. Belə faktlar siyasi fəalların sifariş əsasında həbs edildiklərini bir daha təsdiq edir.
Müsavat Partiyasının Məclisi Azərbaycan hakimiyyətindən vicdan və siyasi məhbuslar siyahısına daxil edilən şəxslərin – Müsavat Partiyası başqanının müavinləri Tofiq Yaqublunun, Yadigar Sadıqovun, Fərəc Kərimovun, “REAL” Hərəkatının rəhbəri İlqar Məmmədovun, hüquq müdafiəçiləri – Leyla Yunusun, Arif Yunusun, İntiqam Əliyevin, Rəsul Cəfərovun, “NİDA” Vətəndaş Hərəkatının üzvləri – Rəşadət Axundovun, Rəşad Həsənovun, Məmməd Əzizovun, İlkin Rüstəmzadənin, jurnalistlər – Xədicə İsmayılın, Pərviz Həşimlinin, Rauf Mirqədirovun, Seymur Həzinin, keçmiş səhiyyə naziri Əli İnsanovun, dini kəsimin nümayəndələri – Taleh Bağırovun, Abgül Süleymanovun, Mövsüm Səmədovun, QHT rəhbərləri Anar Məmmədlinin, blogger ömər Məmmədovun, siyasi fəallar – Abdul Əbilovun, Murad Ədilovun, Müsavat Partiyasının üzvləri – Sirac Kərimlinin, Xəqani Məmmədin, Taleh Xasməmmədovun, siyasi xadim Nemət Pənahovun və digərlərinin tezliklə həbsdən azad olunmasını, bununla da ölkə ictimaiyyətinin və beynəlxalq birliyin çağırışlarına əməl etməyi tələb edir.
Vicdan və siyasi məhbusların tezliklə azadlığa buraxılmayacağı təqdirdə, Bakı şəhərində keçirilməsi nəzərdə tutulan Avropa Oyunlarının boykot edilməsi çağırışı ilə dünyanın demokratik dövlətlərinə müraciət etmək haqqında Müsavat Partiyası Məclisinin əvvəllər qəbul etdiyi qərarın praktiki həlli həyata keçiriləcək”.