XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

29 İyun 2017 - 15:56

Vaşinqtonda Azərbaycanın statusu ilə bağlı müzakirələr başlanıb –Açıq Hökumət Tərəfdaşlığı təşəbbüsü hansı qərarı verəcək?

İyunun 28-də axşam Vaşinqtonda Açıq Hökumət Tərəfdaşlığı (ingiliscə, Open Government Partnership – OGP) təşəbbüsünün Rəhbər Komitəsi Azərbaycanın bu təşəbbüsdəki statusunu müzakirəyə çıxarılıb.

Bu haqda OGP-nin saytı xəbər verir.

OGP Azərbaycanın bu qurumdakı statusunu ötən ilin martında vətəndaş cəmiyyəti qurumlarının fəaliyyəti üçün əlverişli mühit yaradılmaması əsası ilə "qeyri-aktiv" etmişdi. Həmin vaxt Azərbaycana təşəbbüs qarşısında götürdüyü öhdəliklərə əməl etməsi üçün 1 il vaxt vermişdi.

Müzakirələr zamanı Azərbaycanın 1 il ərzində öhdəliklərə necə əməl etməsi müzakirə ediləcək.

Müzakirələrdən əvvəl OGP-nin Ölçülər və Kriteriyalar üzrə Alt Komitəsi İdarə Heyətinə Azərbaycanla bağlı tövsiyyələrini də təqdim edib. Tövsiyyələr əsasən, 3 istiqaməti əhatə edir.

Alt Komitə tövsiyyələrində vurğulayır ki, Azərbaycanda müsbət dəyişikliklər istiqamətində atılmış addımlar alqışlanmalıdır.

Bununla belə, İdarə Heyətinə tövsiyyə edilir ki, Azərbaycanın statusunun "qeyri-aktiv" elan edilməsi ilə bağlı qərarın müddəti daha 1 il müddətinə artırılsın.

Bundan başqa, Azərbaycana vətəndaş cəmiyyəti qurumlarının fəaliyyəti üçün əlverişli ortamın yaradılması üçün 30-60 gün aralığında konkret müddət müəyyən edilməsi istənilir.

OGP hökumətlərin hesabatlı, şəffaf və iştirakçılıqla idarə edilməsini hədəf götürən nüfuzlu beynəlxalq təşəbbüsdür.

Qurucuları arasında ABŞ və Böyük Britaniyanın da olduğu OGP 2011-ci ilin sentyabrında yaradılıb. Azərbaycan bu təşəbbüsə 2011-ci ildə, öz təşəbbüsü ilə ilk qoşulan ölkələrdən olub.

Təşəbbüsün tarixində birlikdəki statusu "qeyri-aktiv" elan edilən ölkə də məhz Azərbaycan olub. Bu, 2016-cı ilin martında baş verib.

Həmin vaxt OGP-nin Rəhbər Komitəsi Azərbaycanın iştirakını "qeyri-aktiv" elan edən qərar qəbul edib. Qərar hökumət və vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət Komitənin Keyptaunda nazirlər səviyyəsində keçirilən görüşündə çıxarılmışdı. Komitə qərar verərəkən, "təəssüflə" bəyan etmişdi ki, Azərbaycanda QHT-lərin fəaliyyətinə "çözülməyən maneələr" yaradılması səbəbindən belə qərar vermək zorunda qalıb.

Komitə vətəndaş cəmiyyəti təşkilatlarının problemlərinin həlli üçün Azərbaycan hökumətinə bir il vaxt vermişdi. Qeyri-aktiv statusla Azərbaycan OGP seçkilərində səs vermək imkanından məhrum olmuşdu. Azərbaycan həmçinin, OGP-nin tədbirlərinə yalnız müşahidəçi qatıla bilərdi. (Turan)