XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

07 İyul 2017 - 14:38

Azərbaycan XİN-i ikinci dəfə Rusiyaya kəskin cavab verdi –Moskva dipolmatik qalmaqalı niyə körükləyir?

 “Rusiya Xarici İşlər Nazirliyinin erməni əsilli Rusiya vətəndaşlarının Azərbaycan ərazisinə girişinin qadağan edilməsinə təkrarən qeyri-diplomatik formada münasibət bildirməsi təəccüb və anlaşılmazlıq doğurur. Bu dostluqdankənar münasibət iki dövlət arasında strateji tərəfdaşlığın mahiyyətinə uyğun deyil.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Rusiya Xarici İşlər Nazirliyinin bəyanatına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi erməni əsilli Rusiya vətəndaşlarının Azərbaycan ərazisinə girişi üçün "əvvəlcədən məlumatlandırma və xəbərdarlıq rejimi əsasında" şərait yaradıb.

"İndiyədək Rusiyadan və digər ölkələrdən yüzlərlə erməni əsilli vətəndaşın əvvəlcədən müvafiq xəbərdarlıq edilməklə Azərbaycan ərazisinə girişi təmin edilib", -deyə o qeyd edib.

Mətbuat xidmətinin rəhbəri xatırladıb ki,"Azərbaycan milli maraqlarına və təhlükəsizlik maraqlarına əsaslanaraq, xarici vətəndaşların öz ərazisinə buraxılması barədə qərarı özü qəbul edir".

Rusiya tərəfin milliyyətcə erməni olan Rusiya vətəndaşlarının Azərbaycan ərazisinə girişi məsələsinə bu diqqəti ciddi suallar doğurur.

"Rusiya ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrdən biridir və biz Rusiyanın üzərinə qoyulmuş məsuliyyətdən irəli gələrək, münaqişənin tezliklə həlli üçün səyləri daha da fəallaşdıracağına və erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılacağına ümid edirik. Bundan sonra vətəndaşların sərbəst giriş-çıxışı üçün imkan yaranacaq. Azərbaycan tərəfin bu mövqeyi dəfələrlə müvafiq formada Rusiya Xarici İşlər Nazirliyinin diqqətinə çatdırılıb”, -deyə o qeyd edib.

Xatırladaq ki, iyunun 6-da Rusiya Xarici İşlər Nazirliyi bu həftə ərzində Azərbaycan qarşı ikinci bəyanatı ilə çıxış edir.

“Rusiya XİN "iki ölkə arasında dostluq münasibətləri ilə bir araya sığmayan qəzəbləndirici ayrı-seçkilik təcrübəsinə son qoymağı" tələb edir”. Bu barədə Rusiya XİN-in İnformasiya Departamentinin erməni əsilli Rusiya vətəndaşlarının Azərbaycana girişinin qadağan edilməsi ilə bağlı şərhində deyilir.

Rusiya XİN Bakının bununla bağlı izahatlarını qəbul etməyərək, onları "anlaşılmaz və qeyri-kafi" adlandırır və "yaranmış vəziyyətdən nəticə çıxaracağını" bildirir.