XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

07 İyul 2017 - 17:34

Daha bir təşkilatdan Ermənistanı cəzalandırmaq çağırışı:"Kriminal rəhbərliyinə sanksiyalar tətbiq edilməlidir"

Füzuli  rayonunun Alxanlı kəndində iyul ayının 4-də erməni  işğalçı ordusu tərəfindən mülki əhalinin atəşə tutulması ilə bağlı törətdikləri ağır  cinayətə Azərbaycan cəmiyyətinin ən müxtəlif təbəqələrinin etirazı davam edir.

Strateq.az xəbər verir ki, daha bir təşkilat  – “Kooperasiyanın İnkişafına  Dəstək”  İctimai Birliyi də bu gün erməni işğalına son verilməsi üçün beynəlxalq təşkilatların təsirli və qətiyyətli addımlar atması tələbiylə çıxış edib.

Təşkilatın yaydığı bəyanatda deyilir ki, erməni işğalçı ordusu Azərbaycan torpaqlarından çıxarılmadıqca və Dağlıq Qarabağdakı terrorçu-separatçı hərəkata son verilmədikcə, dinc və günahsız insanların qətlə yetirilməsi halları nəinki dayanmayacaq, əksinə, daha da artacaq: “Əgər ABŞ və Avropanın insan hüquqlarını və qanunun aliliyini əllərində bayraq etmiş təşkilatları müsəlman ölkələrə münasibətdə xristian həmrəyliyindən çıxış etmirlərsə, işğalçını, terrorçu-separatçını himyə etmirlərsə,  o halda bu amansız cinayət hadisəsinə göz yummamalı və Ermənistanın cəzalandırılması üçün təsirli addımlar atmalıdırlar. Bu olmadıqca, işğalçı ordu öz cinayət əməllərini daha da artıracaq, terrorçu-separatçılar öz fəaliyyətlərinin əhatə dairəsini daha da genişləndirəcək, nəticədə, sülh təşəbbüsləri arxa plana keçərək, körpə uşaqlar, qadın və qocalar yenə də müharibənin qurbanlarına çevriləcəklər”.

İctimai Birlik bəyanatında vurğulayır ki, beynəlxalq təşkilatlar BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qərarların icrası və işğalçı erməni ordusunun torpaqlarımızdan çıxarılması üçün təsirli addımlar atılmalı, xüsusən də Ermənistanın hazırki kriminal rəhbərliyinin cəzalandırılması üçün sanksiyalar tətbiq etməlidirlər: "Çünki Azərbaycan torpaqlarını işğal etmək və mülki əhalinin yaşadığı mənətəqələri atəşə tutmaq əmrini verənlər məhz Ermənistanın hazırki rəhbərliyi – vaxtilə Qarabağda, Xocalıda körpələrimizi qətlə yetirmiş terrorçu-separatçı şəxslərdir".