XƏBƏR LENTİ

22 Sentyabr 2020

Digər Xəbərlər

08 İyul 2017 - 13:57

“L’Opinione”:"Alxanlı faciəsi Ermənistan dövlətinin terrorçu mahiyyətini bir daha sübut edir"

Alxanlı faciəsi Ermənistan dövlətinin terrorçu mahiyyətini bir daha sübut edir.

Trend-in məlumatına görə, bunu İtaliyanın aparıcı KİV-lərindən olan “L’Opinione” qəzetində jurnalist-tədqiqatçı Domeniko Letizia Ermənistanın azərbaycanlı mülki əhaliyə qarşı törətdiyi cinayətlər və bunun İtaliyadakı əks-sədasına dair məqaləsində yazır.

Müəllif qeyd edir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin təmas xəttindən yeni və qorxunc xəbərlərin gəldiyini, orada azərbaycanlı mülki şəxslərinin qətlini və onların başına gətirilənləri dərk etməyə insanın şüurunun yetmədiyini yazır.

Jurnalist Azərbaycanın Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyinin bəyanatlarına istinad edərək, 4 iyul tarixində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonun Alxanlı kəndinin mülki əhalisinin və mülki obyektlərinin hədəflənmiş şəkildə və qəsdən 82 və 102 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhranın həlak olduğu, digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Sərvinazın yaralandığı və mülki obyektlərə zərər yetirildiyi və baş verənlərin vandalizm aktı olaraq Ermənistan dövlətinin terrorçu mahiyyətini bir daha sübut etdiyi barədə məlumat verir.

İtaliyanın müxtəlif siyasi partiyalarının nümayəndələrinin yekdil şəkildə baş verənləri pislədiyini vurğulayan D.Letizia italyan parlamentarlar “Demokratik Partiyası”nın üzvləri, deputatlar Xalid Çauki və Kristina Barcero, “5 Ulduz Hərəkatı Partiyası”nın üzvü, senator Vito Petroçelli və “Şimal Liqası” partiyasının üzvü, İtaliya parlamentində İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, senator Sercio Divina tərəfindən verilmiş hər bir bəyanata istinad edərək italyan parlamentarlarının Ermənistan tərəfindən törədilən təcavüz aktını qəti və kəskin şəkildə qınadıqlarını, ziyan çəkmiş azərbaycanlı mülki əhali ilə tam həmrəyliyini ifadə etdiklərini bildirir.

Müəllif əlavə edir ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin beynəlxalq hüququn norma və prinsipləri və beynəlxalq təşkilatların qərar və qətnamələrinə, o cümlədən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə uyğun olaraq, Ermənistandan öz qoşunlarını tezliklə Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması, azərbaycanlı məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmasını və işğala əsaslanan status-kvonun dəyişdirilməsini tələb etməli olduqlarını və Ermənistanın substantiv danışıqlarda konstruktiv iştirak etməli olduğunu bildirdiklərini, eləcə də parlamentarların İtaliyanın gələn ildən ATƏT-ə sədrlik edəcəyini nəzərə alaraq, İtaliya hökumətini sülhün tapılması və münaqişənin həlli üzrə səylərini əsirgəməməyə çağırdıqlarını qeyd edir.

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri – 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.