XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

07 Aprel 2015 - 06:07

YAP-la AMİP eyni qurumda təmsil olunacaq

YAP-la AMİP eyni qurumda təmsil olunacaq

Arzuxan Əlizadə: “üzvlüyə qəbulla bağlı bir sıra prosedurları keçmişik”

Yaxın aylarda YAP-la AMİP-in Avropa Xalq Partiyası ilə bu quruma rəsmi üzv olmaq üçün saziş imzalayacaqları gözlənilir. Bu barədə “Yeni Müsavat”a daxil olan xəbərdə deyilir ki, məsələ AMİP rəhbərliyinin mart ayının üçüncü ongünlüyündə Avropaya səfəri zamanı Avropa Xalq Partiyasında keçirilən görüşlərdə müzakirə olunub.
Xəbəri dəqiqləşdirmək üçün AMİP-in baş katibi Arzuxan Əlizadə ilə əlaqə saxladıq.
“YAP-la AMİP-in Avropa Xalq Partiyasına üzv qəbul ediləcəyi haqda xəbərlər yayılıb. Doğrudurmu? Doğrudursa, niyə məhz YAP-la” suallarına Arzuxan Əlizadə belə cavab verdi.
“Biz 7 ildən artıqdır ki, Avropa Xalq Partiyası ilə əməkdaşlıq edirik. AXP-nin Marseldə, Buxarestdə və Dublində keçirilən son üç konqresində iştirak etmişik və bir neçə dəfə həm Brüsseldə AXP-nin baş ofisində, eləcə də Bakıda rəhbərlik səviyyəsində görüşlərimiz olub. üzvlüyə qəbulla bağlı bir sıra prosedurları keçmişik. Düşünürük ki, yaxın gələcəkdə üzvlüklə bağlı məsələ reallaşacaq. Bunu mart ayında keçirilən son görüşümüzün nəticələrinə əsasən deyirəm. AXP-nin konqreslərində YAP nümayəndələrinin də iştirakının şahidi olmuşuq. ümumiyyətlə, bizdə olan məlumata əsasən, Azərbaycandan AXP ilə AMİP, bir də YAP əməkdaşlıq edir. Amma YAP-ın AXP üzvlüyünə qəbulu ilə bağlı məsələlərin hansı səviyyədə olması ilə bağlı məlumatsızıq”.
Arzuxan Əlizadə onu da bildirdi ki, AMİP yarandığı dövrdən etibarən beynəlxalq əlaqələrə xüsusi önəm verib və bu gün ölkədə fəaliyyət göstərən siyasi təşkilatlarla müqayisə olunmayacaq dərəcədə əhatəli beynəlxalq əlaqələrə malik partiyadır: “Partiya 1999-cu ildən dünyanın 80-ə yaxın ölkəsindən 100-ə qədər sağ mərkəz yönümlü siyasi partiyanı özündə birləşdirən Beynəlxalq Demokrat İttifaqının (İDU) tam hüquqlu üzvüdür. Partiyanın lideri Etibar Məmmədov 2005-ci ildən etibarən 3 dəfə ardıcıl olaraq seçilməklə bu nüfuzlu beynəlxalq təşkilatın sədr müavini postunu tutur. Partiya BDİ çərçivəsində bir sıra ölkələrin aparıcı siyasi təşkilatları ilə əməkdaşlıq edir.
Bu əlaqələrin davamı olaraq artıq 7 ildir ki, AMİP Avropa Parlamentində ən böyük fraksiya olan Avropa Xalq Partiyası (EPP) ilə də əməkdaşlıq edir. ötən müddət ərzində partiya rəsmiləri AXP-nin Marsel, Buxarest və Dublində keçirilən qurultaylarında iştirak ediblər. Son 3 il ərzində əlaqələrimiz daha intensiv xarakter alıb. Bu illər ərzində AXP-nin mərhum prezidenti Vilfrid Martens və sabiq beynəlxalq əlaqələr katibi Nikolas Breyk Bakıya səfərləri zamanı AMİP rəhbərliyi ilə görüşlər keçiriblər. Eyni zamanda son üç il ərzində biz də AXP rəhbərliyi ilə görüş məqsədilə Brüsselə səfərlər etmişik və budəfəki sayca üçüncü səfərimiz əlaqələrin möhkəmləndirilməsi baxımından çox əhəmiyyətli idi. Budəfəki səfərimiz bilavasitə AXP rəhbərliyinin rəsmi dəvəti əsasında reallaşdı.
İkitərəfli görüşlər zamanı 7 ildən artıq tarixi olan AMİP-AXP münasibətləri yüksək qiymətləndirildi və bu münasibətlərin inkişafında hər iki tərəfin maraqlı olduğu vurğulandı. Eyni zamanda məxsusi olaraq AMİP-in AXP-yə üzvlük məsələsi və digər ikitərəfli maraq doğuran məsələlər də müzakirə olundu”.
AMİP rəsmisinin dediyinə görə, Gürcüstan və Ermənistanın hər birindən iki siyasi partiya AXP-yə müşahidəçi üzv qismində qəbul olunurlar. Avropa üçün əhəmiyyətliliyinə, iqtisadi potensialına, karbohidrogen ehtiyatlarına və bir sıra digər önəm daşıyan xüsusiyyətlərinə görə regionun aparıcı dövləti olmasına baxmayaraq Azərbaycandan heç bir siyasi təşkilat hələ AXP-də rəsmi təmsil olunmur: “Bu isə heç şübhəsiz bizi narahat etməyə bilməz. Biz bu məsələni xüsusi olaraq AXP rəhbərliyinin diqqətinə çatdırdıq. Biz siyasət mənsubları olaraq çalışmalıyıq ki, mümkün qədər çox beynəlxalq qurumda təmsil olunaq və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında öz töhfəmizi verək. Budəfəki görüşümüzdə mən AXP-nin yeni rəhbərliyinin bizim yaxın zamanlarda rəsmi statusla AXP-yə üzv olmağımızda maraqlı olduğu qənaətinə gəldim. Yeni Azərbaycan Partiyası da AXP ilə əlaqə
lərə malikdir və AXP rəsmiləri Azərbaycanı AXP-də AMİP-lə yanaşı, hakim partiya olaraq YAP-ın da təmsil etməsində maraqlı görünürlər. Sadəcə, bəzi kriteriyalar var ki, onlara cavab verilməlidir və yalnız bundan sonra üzvlük rəsmiləşə bilər”.