XƏBƏR LENTİ

24 Sentyabr 2020

Digər Xəbərlər

10 İyul 2017 - 11:12

İtaliya TAP-dan imtina edir?Qubernator ABŞ-dan sıxılmış qazın nəqli ilə bağlı gözlənlməz qərar verib

İtaliyanın Apuliya bölgəsinin qubernatoru Miçel Emiliano gözlənilmədən TAP qaz kəməri layihəsinin əleydarları sırasında yer alıb.

Virtualaz.org İtaliya mətbuatına istinadla xəbər verir ki, ağlasığmaz hərəkətləri ilə tanınan Emiliano bəyan edib ki, TAP-a alternativ olaraq Balkan regionu Apuliya bölgəsi ilə birləşdirən yeni qaz kəmərinin çəkilməsini dəstəkləməyə hazırdır. Bu, “Falcone Group” şirkəti tərəfindən irəli sürülən və heç kimin ciddi qəbul etmədiyi Eagle LNG layihəsidir. Həmin layihəyə əsasən İtaliya Balkan regionu üzərindən ABŞ, Qətər və digər ölkələrdə sıxılmış qazı 110 kilometrlik “Eagle” kəməri vasitəsilə nəql edə bilər.

Qubernator layihəni ötən həftə öz ofisində təqdim edib və onu “Avropa və Balkanlar üçün strateji layihə” adlandırıb. Lakin Emiliano nəzərə almayıb ki, onun da təmsil olunduğu hökumət 2016-cı ilin iyulunda həmin layihəni “yararsız” hesab edərək kənara atmışdı. Çünki iqtisadi baxımdan effektiv hesab etməmişdi. İndi isə qubernator gözlənilmədən bu layihəni gündəmə gətirir, özü də İtaliyada  TAP-a qarşı etirazların yenidən vüsət aldığı bir vaxtda.

Emiliano bildirib ki, o, “Eagle” layihəsi barədə “təsadüfən xəbər tutub”. “Falcone Group” şirkətinə gəldikdə isə onun haqqında İtaliyada çoxdandır unutmuşdular, xəbər lentlərinin arxivini axtaranda məlum olur ki, bu şirkətin adı 2008-ci ildə 2.2 milyard avroluq İtaliya-Albaniya energetika razılaşmasında çəkilib. Şirkətin sahibi Cayanpaolo Tarantinidir. Həmin Tarantini Apuliya bölgəsindəndir, İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin barəsində baş qaldıran məşhur “Bunqa-Bunqa” qalmaqalında adı keçənlərdən biridir.

Xatırladaq ki, Azərbaycanın “Şahdəniz” yatağından hasil olunacaq qazı Yunanıstan üzərindən İtaliyanın cənubuna, oradan Albaniyaya nəql etmək üçün çəkilən TAP kəmərinə qarşı İtaliyada neçə vaxtdır etirazlar, təxribatlar təşkil olunur. Bu təxribatların təşkilatçısı İtaliya parlamentində 22 faiz səslə təmsil olunan “5 Star” hərəkatı və onun rusiyayönümlü lideri, şoumen Beppe Grillodur. Apuliya bölgəsinin bəzi bələdiyyə rəhbərləri də TAP-a qarşı etirazlara dəstək verir. Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, TAP-a qarşı təxribatların arxasında “müəyyən qüvvələr” dayanır və həmin qüvvələr Azərbaycan qazının Avropa bazarlarına nəqlində maraqlı deyil.