XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

20 İyul 2017 - 19:09

Elmar Məmmədyarov BMT Baş katibinin köməkçisini qəbul etdi –Müzakirə + FOTO

Xarici işlər naziri Elmar Məmmədyarov Bakıda BMT və İƏT-in birgə təşkilatçılığı ilə keçirilən “Yerusəlim məsələsi üzrə Beynəlxalq Konfrans” da iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan BMT Baş katibinin siyasi məsələlər üzrə köməkçisi Miroslav Yençanı qəbul edib.

Strateq.az XİN-ə istinadən xəbər verir ki, Miroslav Yença konfransın təşkil edilməsi üçün ev sahibliyi etdiyinə görə Azərbaycan tərəfinə təşəkkürünü ifadə edib.

Konfrans çərçivəsində baş tutan görüş və müzakirələrin səmərəli olduğunu deyən M.Yença Yaxın Şərq də daxil olmaqla, dünyanın digər regionlarında da hərtərəfli inkişafın ədalətli sülhün bərqərar olmasından asılı olduğunu bildirib.

E.Məmmədyarov Azərbaycanda hökm sürən tolerantlıq və multikulturalizm ənənələrinə toxunaraq müasir dövrdə baş verən münaqişələrin qarşısının alınması və həll edilməsi üçün multikultural dəyərlərin beynəlxalq səviyyədə təşviq edilməsinin vacibliyini diqqətə çəkib.

Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalından danışan nazir BMT tərəfindən münaqişənin həll edilməsi üçün substantiv danışıqların dəstəklənməsinin təqdir olunduğunu vurğulayıb. O, həmçinin münaqişə nəticəsində Azərbaycanın üzləşdiyi humanitar fəlakətin qarşısının alınmasında, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həll edilməsində BMT-nin ixtisaslaşmış qurumları, xüsusilə Qaçqınlar üzrə Ali Komissarlığın rolunu qeyd edib.

Danışıqlar prosesinin gedişi barədə məlumat verən E.Məmmədyarov əlavə edib ki, münaqişənin həllinin əsasını təşkil edən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən tam şəkildə və qeyd-şərtsiz çıxarılması təmin olunmalıdır.

Eyni zamanda, nazir Azərbaycanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasında ilk dəfə “Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlıq münasibətlərinin gücləndirilməsi” mövzusunda iclasın keçirildiyini xatırladaraq, sülh və sabitliyin əldə edilməsində bu kimi təşkilatların sıx əməkdaşlığının təqdirəlayiq hal olduğunu vurğulayıb.

Görüşdə həmçinin Azərbaycan-BMT tərəfdaşlığı, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.