XƏBƏR LENTİ

29 Sentyabr 2020

Digər Xəbərlər

21 İyul 2017 - 10:58

Ləğv edilmiş MTN-nin sabiq nazir müavini:“Azərbaycanın taleyi həll olunmayıb...”

mtn-1.jpg

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həyata keçirilmiş əks-kəşfiyyat tədbirləri nəticəsində xarici xüsusi xidmət orqanlarının tapşırığı üzrə Azərbaycan ərazisində casusluq yolu ilə toplanılmış məlumatları kiçik ölçülü elektron informasiya daşıyıcılarında Azərbaycan Respublikasından çıxarmağa çalışan Muxtar Yağubov ölkəni tərk etməyə cəhd edərkən saxlanılıb.

DTX-nin İctimai əlaqələr şöbəsindən verilən məlumata görə, dövlətə xəyanət faktı üzrə casus şəbəkəsinin üzvləri – Azərbaycan vətəndaşları Yağubov Muxtar Camal oğlu, Əhmədov Şakir Xanlar oğlu, Zeynallı Zəka Abış oğlu, Abbaszadə Səbuhi Oktay oğlu, Nuriyev Xudaşükür Məcid oğlu və Hüseynov Kəmaləddin İsaxan oğlu ifşa edilərək cinayət məsuliyyətinə cəlb ediliblər. İstintaq-əməliyyat tədbirləri nəticəsində xarici xüsusi xidmət orqanları ilə qarşılıqlı yazışmalar və ötürülməsi nəzərdə tutulan müxtəlif xarakterli məlumatlar aşkarlanaraq ələ keçirilib, casus şəbəkəsinin xarici xüsusi xidmət orqanlarının tapşırığı üzrə dövlət məmurları, ictimai xadimlər və digər dairələrə nüfuz etmək, Azərbaycanın təhlükəsizlik orqanları, silahlı qüvvələri, ölkədə aparılan təhlükəsizlik tədbirləri barədə məxfi məlumatları toplamaq istiqamətində fəaliyyət göstərdiyi müəyyən edilib.

Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq nazir müavini Sülhəddin Əkbər bu məlumatı Yeni Müsavata şərh edərkən bildirib ki, belə məlumatların təhlili göstərir ki, adətən Rusiya xüsusi xidmət orqanları ilə bağlı olan hallarda konkret dövlət adı çəkilmir: “Praktikada elə hallar da var ki, tutulanların açıq şəkildə Rusiya ilə əlaqəli olduqları bilinir, amma başqa dövlətin adı çəkilir”.

Sabiq təhlükəsizlik zabiti tutulanların Azərbaycanda topladıqları məlumatların daşıyıcılarda ölkədən çıxarmaq istəyinin onların qeyri-peşəkar olmalarına dəlalət edən fakt kimi qiymətləndirilməsinə belə münasibət bildirdi: “Doğrudur, internetin, xüsusi proqramların olduğu bir dönəmdə toplanan məlumatların daşıyıcılarda – istər hard-disk olsun, istərsə də fleş-kart və ya digər bir vasitədə ölkədən çıxarmaq istəyi qəribə görünür. Amma bu gün elə daşıyıcılar var ki, açırsan, hansısa müğənninin konsertinin, oyun proqramının yazıldığını görürsən. Hər bir xüsusi xidmət orqanının informasiya daşıma yolu var. Amma həmin konsertin, oyun proqramının olduğu disk, digər daşıyıcıya xüsusi şifrə yazılanda tamam başqa görüntülər – gizli şəkildə casusların çəkdiyi video, əldə olunan məlumatlar, bir sözlə, daşıyıcıya yazılan, lakin şifrəsiz baxılması mümkün olmayan informasiyalar ortaya çıxır”.

S.Əkbər deyir ki, Azərbaycan böyük güclərin qarşı-qarşıya gəldiyi bir regionda yerləşdiyindən, bura bir çox dövlətlərin xüsusi xidmət orqanlarının maraq dairəsindədir: “Azərbaycanlıların əksəriyyəti hansı coğrafiyada yaşadıqlarının fərqində deyillər. Azərbaycan geopolitik baxımdan çox mürəkkəb bir məkanda qərarlaşıb. Geopolitikda Hartlənd və Rimlənd anlayışları var. Hartlənd Rusiya, Rimlənd okean ərazisindəki sahil qurşağıdır. Azərbaycan Hartləndlə Rimləndin arasındadır. Ona görə də Azərbaycan Hartlənd və ya əksinə Rimlənd uğrunda aparılan mübarizədə həmişə savaş meydanına çevirilir. Rusiya ilə ABŞ və onun ABŞ-ın müttəfiqləri arasında gedən geopolitik savaşda biz coğrafi olaraq ortadayıq. Bundan başqa, Rusiya ilə İranın arasındayıq. Dünya siyasəti ilə məşğul olanlar bilirlər ki, Azərbaycan Qacarlar dövlətinin bir parçası olub. Bunu Azərbaycan türklərinin böyük əksəriyyəti dərk etməsələr də, dünya siyasəti ilə məşğul olanlar yaxşı bilirlər. Hazırda Azərbaycan müharibə vəziyyətindədir. Və ən nəhayət, Azərbaycanın taleyi həll olunmayıb. Digər tərəfdən, Azərbaycanın yerləşdiyi regionda geopolitik, geostrateji, geoekonomik, geokültürəl mübarizə gedir. Taleyimiz geoekonomik baxımdan nisbətən həll olunub. Geokültürəl taleyimiz bəllidir – əhalinin böyük hissəsi İslam dininə etiqad edir. Geopolitik, geostrateji baxımdan bunları demək olmaz. Azərbaycan strateji seçimini etməyib. Nə Avropa Birliyinin NATO yoluna, nə də Avroasiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qoşulmayıb. Düşünürlər ki, neytral yol seçmək daha uyğun, təhlükəsizdir. Amma tam əksinədir. Azərbaycan kiçik dövlət olduğuna görə seçim edənə qədər daim ikitərəfli – Rusiya və Qərbin təzyiqi altında olacaq. Azərbaycan KTMT-ni seçəcəksə, Azərbaycan sərhədlərini sovet dövründə olduğu kimi Rusiya qorumalıdır. Hava hücumundan müdafiə sistemləri Rusiyanın anoloji sistemlərinə birləşdirilməlidir. Və ya NATO və Avropa Birliyinə qoşulmalı, NATO təhlükəsizlik sistemi çətiri altına keçməlidir. Bu seçim olmayınca Azərbaycanda xarici dövlətlərin xüsusi xidmət orqanlarının xüsusi marağı qalacaq”.