XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

23 İyul 2017 - 10:57

İkibaşlı qartalın “dörd qılıncı”-Bakı ilə Moskva arsında niyə “soyuq müharibə” küləkləri əsir? - TƏHLİL

Rusiya ilə Azərbaycan arasındakı münasibət getdikcə daha da pisləşir və politoloqlar düşünür ki, bu, ciddi nəticələrə səbəb ola bilər.

Strateq.az bildirir ki, bu barədə BBC radiosunun siyasi təhlilində deyilir.  Təhlildə yazılıb:

"Bakı siyasət, iqtisadiyyat, miqrasiya və energetika üzrə "böyük qardaşı"ndan asılıdır. Söhbət hərbi-siyasi sahədən gedir.

Burada əsas rolu Dağlıq Qarabağ konflikti, Azərbaycanda istehsal olunan məhsulların ən böyük istehlakçısı Rusiya olduğuna görə iqtisadiyyat, Rusiyada yaşayan yarım milyon Azərbaycan vətəndaşı səbəbi ilə miqrasiya, hər iki ölkənin Avropaya enerji daşıyıcısı və Rusiyanın təsir gücünün daha böyük olduğu energetika oynayır.

 

Pisləşmənin səbəbləri

 

İyulun 20-i Bakıda məhkəmə rusiyalı bloqer Aleksandr Lapşinin üç il azadlıqdan məhrum edilməsi qərarı verib.

Dağlıq Qarabağa baş çəkdikdən sonra, Azərbaycan XİN-n "qara siyahısına" düşən bloqçu, bununla belə az keçmədən Azərbaycana adı cüzi şəkildə fərqli yazılan Ukrayna pasportu ilə səfər edib. Buna görə də ölkə sərhədlərini qeyri-qanuni yolla keçdiyinə görə həbs olunub. Ümumiyyətlə bu il, ölkələr arasındakı münasibət üçün ən əlverişsiz ilə çevrilib.

Mayda Rusiya məhkəməsi Azərbaycan diasporasının Moskvada yerləşən ən tanınmış təşkilatının – 2001-ci ildə qurulan Ümumrusiya Azərbaycanlılarının konqresi"nin – bağlanması ilə bağlı qərar qəbul edib.

Qərara qarşı Azərbaycan XİN-i və prezident köməkçisi Novruz Məmmədov tərəfindən sərt reaksiya verilib. Buna cavab olaraqsa Rusiya XİN-i bildirib: "Bizim, ölkəmizdəki millətlər arası münasibəti qurmaq üçün şübhəli məsləhətlərə ehtiyacımız yoxdur."

Bundan sonra, hər iki ölkənin Xarici İşlər Nazirlikləri bir-birinə qarşı bu və ya digər səbəbləri önə çəkməyə başladılar. Vəziyyət Qarabağın təmas xəttində iyulun dördü yaşanan hərbi atışmadan sonra daha da gərginləşib. Belə ki, atışmada biri iki yaşlı körpə olmaqla iki dinc sakin həyatını itirib. Növbəti gün Rusiya XİN-i etnik erməni olan Rusiya vətəndaşlarının Azərbaycana girişinə qadağanı pisləyən bəyanat yayıb. Azərbaycanda bu, "atışmanın izahı" kimi qəbul edilib.

"Bu gün biz, bir növ soyuq müharibə yaşayırıq," – deyə "Qafqaz düyünü" nəşrinin redaktoru, rusiyalı hüquq müdafiəçisi və jurnalist Qriqori Şvedov deyib: "Rusiya ilə Azərbaycan arasındakı qarşılıqlı münasibət uzun müddətdir ki, soyuqdur. XİN Lapşini müdafiə etdiyi kimi başqa Rusiya vətəndaşlarını müdafiə etməyib."

Ekspertin sözlərinə görə, Azərbaycana təsir və təzyiqin faktoru Rusiyanın buraya göndərdiyi silah ola bilər.

Rusiyanın Azərbaycandakı keçmiş səfiri Hikmət Hacızadə son aylar baş verən hadisələr haqqında danışarkən bildirib ki, bu qalmaqallar heç də yeni deyil və sadəcə olaraq, barışıq görüntüsü altında ört-basdır edilirdi:

"Əslində isə ölkələrimiz arasında münasibət olmayıb və yoxdur. Hər şey imperiya ambisiyaları, Rusiyanı Azərbaycanı tabe halına salması və buraya sülhməramlı məqsəd bəhanəsi ilə qoşunlarını yeritmək məqsədi daşıyır," – deyə diplomat düşünür. Hacızadənin sözlərinə görə, Rusiyanın Azərbaycana təzyiqi üçün kifayət qədər yolu var. Və məsələ təkcə hərbi üstünlükdə yox, həm də ölkələrin iqtisadi bağlılığındadır.

Federal Miqrasiya Xidməti (FMX) bu ilin əvvəlində Rusiyada yaşayan etnik azərbaycanlıların sayının 523 min olduğunu göstərib. 2010-cu ilin siyahıyaalınmasına əsasən isə, ölkədə yaşayan etnik azərbaycanlılar 603 min təşkil edib. RF Mərkəzi Bankının məlumatlarına əsasən, Rusiyadan Azərbaycana ildə 1.2 milyard dollar məbləğində pul köçürmələri baş tutur. Bununla yanaşı, Rusiya Azərbaycanın qeyri-neft məhsulları ixracatında ən böyük müştərisidir.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, ötən il ərzində Rusiyaya 409 milyon dollar dəyərində məhsul (əsasən meyvə və tərəvəz) ixrac edilib: "Azərbaycanın ixracatının ümumi hissəsinin 10%-i Rusiyanın payına düşür və buraya kənd təsərrüfatı məhsullarının 70%-i daxildir. Buna görə də əlbəttə ki, iqtisadi asılılıq mövcuddur," –deyə iqtisadçı Natiq Cəfərli deyir: "Rusiya tez-tez digər ölkələrdən məhsulların idxalını dayandırmaqla iqtisadi təzyiq göstərməyi bacarır."

Ekspertin sözlərinə görə, baxmayaraq ki, ölkələrin rəhbərlərinə Azərbaycanın kənd təsərrüfatı məhsullarını Avropa bazarına çıxararaq Rusiyadan asılılığı azalda biləcəyi bəlli olsa da, Azərbaycan bununla bağlı heç bir addım atmır: "Azərbaycan artıq uzun illərdir ki, Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olmağı uzadır. Oraya üzvlük – Avropa İttifaqına idxalın ən əsas şərtlərindən biridir. Amma, ölkə bunu istəmir. Çünki ÜTT-n şərtləri, məhsulların keyfiyyəti üzərində nəzarət və gömrük işinin yaxşılaşdırılmasını tələb edir. Beləliklə, Azərbaycan Rusiyada baş verən dəyişikliklərdən iqtisadi baxımdan asılı olur."

Rusiya-Azərbaycan münasibətlərinin başqa bir aspekti də energetikadır. Bu mənada ölkələr tərəfdaş yox rəqibdir. Çox güman ki, Azərbaycan üçün son illərin ən iddialı energetika layihəsi "Cənub qaz dəhlizi"dir. Onun ümumi dəyəri 45 milyard dollardır. Planlaşdırılır ki, bu boru kəməri Rusiyaya daxil olmadan qazı Gürcüstan və Türkiyə vasitəsilə 2020-ci ildən Avropaya apara biləcək. Bu isə öz növbəsində Transadriatik qaz kəmərinə (TQK) birləşəcək və Avropanın Rusiya qazından asılılığını azaldacaq. Bu layihəni Moskva bəyənmir. Avropada qaz kəməri ilə bağlı etirazlar keçirilir. Etirazların vüsətçilərindən biri də İtaliyanın "Beş ulduz hərəkatı" partiyasıdır. Onlar Rusiya meylli məqsədlərini gizlətmirlər.

Bundan başqa Rusiya, "Türk axını" adlı TQK bazarına köklənmiş bir layihə üzərində işləyir ki, bu da alternativə alternativ yaratmaq deməkdir. Ümumilikdə demək olar ki, Rusiya Azərbaycanın da iştirak etdiyi sözügedən qaz layihəsinə neqativ münasibət bəsləyir. Keçən il "Qazprom"un sədr müavini Aleksandr Medvedyev bildirmişdi ki, Azərbaycanın boru kəmərini qazla doldurmaq imkanı yoxdur və bu mənada Avropa üçün Rusiya ən yaxşı alternativdir.