XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 July 2017 - 10:30

Politoloq Qabil Hüseynli:“ABŞ-ın  Ermənistana yardımı təşviş doğuran faktdır”

“ABŞ-ın  Ermənistana yardım məsələsi təşviş doğuran faktdır. Bu yardımı əsasən humanitar məsələlərə xərcləmək, əhalinin sağlamlığı, qida problemlərinin həllinə yönəltmək adı ilə alırlar. Ancaq heç kimə sirr deyil ki, Ermənistan Amerikanın indiyə qədər etdiyi yardımların hamısını hərbi xərclərə ayırıb, silaha çevirib Azərbaycana, onun mülki əhalisinə qarşı yönəldib. Amerika bu məsələni də bilməmiş deyil.

Strateq.az bildirir ki, bu sözləri politoloq Qabil Hüseynli Vaşinqtonun  2018-ci il üçün Ermənistana ayırdğı 6,2 milyon dollar maliyyə yardımını musavat.com-a şərh edərkən deyib.

Q.Hüseynlinin sözlərinə görə, Minsk Qrupunun həmsədrlərindən biri kimi problemin həllində iştirak edənlərdən biri də odur. Tərəfləri hər zaman kompromisə çağırır. Ancaq bu məsələdə kompromisin necə əldə edilməsinin mümkünlüyünə diqqət yetirmir: Çünki təcavüzkar dövlət hücum edib, başqa bir dövlətin ərazisinin 20 faizini işğal edib. ABŞ isə deyir ki, kompromisə getməlisiniz, dil tapmalısınız. Başqa bir problem odur ki, ABŞ Qarabağ probleminin özünün guya Dnestryanı, Cənubi Abxaziya, Osetiya problemlərindən fərqli olduğunu və buna görə də ona əlahiddə yanaşma metodlarının tətbiq edilməsinin gərəkdiyini söyləyir. Bu zaman da ərazi bütövlüyü ilə öz müqəddəratını təyinetmə hüququnu eyniləşdirirlər, çox ziddiyyətli mövqe tuturlar. Təcavüzkarı şirnikləşdirən bir mövqe sərgiləyirlər.

Politoloq vurğulayıb ki, Azərbaycan müxtəlif yollarla bunu Amerika rəhbərliyinin diqqətinə çatdırmalıdır: “Bu barədə Xarici İşlər Nazirliyi də bir açıqlama verərək mövqe ortaya qoysa yaxşı olar. Dnestryanı ərazilərdə, Abxaziyada ərazi bütövlüyü əsas məsələ kimi qəbul olunub. Ancaq bizə gələndə o şərtlərə bir də ”öz müqəddəratını təyin etmə hüququ" əlavə edirlər. Biz bunu XİN, səfirliklər, diaspora təşkilatları vasitəsilə həmin ölkələrin diqqətinə çatdırmalıyıq. Problemin həllinə bu cür fərqli yanaşma metodu ziddiyyət yaradan məsələlərdən biridir. Bu maliyyə yardımı bizdə nifrət doğurduğu kimi, ermənilərdə də bir rahatlıq doğurur. Ermənistanı təcavüzkar kimi tanımaq əvəzinə, problemlərdən əziyyət çəkən bir ölkə kimi qəbul edirlər".