Mərakeş Krallığının Azərbaycandakı səfirliyi Kral VI Məhəmmədin taxta çıxmasının 18 – ci ildönümü münasibəti ilə rəsmi qəbul təşkil edib.
Səfir Məhəmməd Adil Embarş çıxış edərək, Krallığın son illər əldə etdiyi nailiyyətlərə toxunub: “Son on iki ay ərzində Mərakeş haqqında bir çox mühüm hadisələr beynəlxalq mətbuatda dərc olunub. 2016-cı il noyabrında mifik və rəngli Marakeş şəhəri COP22 kimi tanınan Birləşmiş Millətlər İqlim Dəyişikliyi Konfransına ev sahibliyi edib. Paris Konvensiyasını həyata keçirilməsi yollarını tapmaq üçün 196 ölkədən 30.000-dən çox iştirakçı konfransa qatılıb”. Səfir bildirib ki, Mərakeş artıq dünyanın ən böyük günəş enerjisi zavoduna və Afrikadakı ən böyük külək təsərrüfatlarına sahibdir. Ümümiyyətlə, 2030-cu ilə qədər bütün enerji ehtiyaclarının 52 faizi bərpa olunan enerji mənbələrindən qarşılanacaq.
Diplomat son 18 il ərzində Kral VI Məhəmmədin 46 dəfə qitəni ziyarət etdiyini və 1000-dən çox ikitərəfli müqavilələr imzalandığını xatırladaraq, bu müqavilələrin bir çoxunun strateji əhəmiyyət daşıdığını önə çəkib.
Ölkə iqtisadiyyatına toxunan Məhəmməd Adil Embarş qeyd edib ki, kənd təsərrüfatı, turizm, minerallar Mərakeş iqtisadiyyatının əsas sektorlarıdır: “Son illər Mərakeşdə avtomobil, aerokosmik və elektron sənayeləri kimi yeni sektorlar da ciddi şəkildə sürətlə inkişaf edir. Boeing, Safran, Bombardier daxil olmaqla dünyanın bir çox təyyarələrinin hissələri də Mərakeşdə fəaliyyət göstərən 115-dən çox şirkətlərdə istehsal olunur”.
25 il əvvəl Mərakeş və Azərbaycan arasında diplomatik əlaqələrin qurulduğunu xatırladan səfir Embarş, 1994-cü ildə prezident Heydər Əliyevin Mərakeşə səfəri zamanı Əlahəzrət II Həsən ilə görüşünü, Kral VI Məhəmməd və prezident İlham Əliyevlə münasibətlərin yüksək səviyyədə olduğunu xüsusi vurğulayıb: “2012-2013-cü illərdə Mərakeş və Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri idi və bu dövr ərzində iki ölkə arasında siyasi əməkdaşlıq daha da yüksək səviyyəyə qalxdı. Sahara məsələsinə dair Azərbaycan tərəfinin Mərakeş mövqeyinə verdiyi dəstəyi nəzərə alsaq, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi əsasında Mərakeş də Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyib”.
O, ölkələrimiz arasındakı əməkdaşlığın İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də gücləndiyini, hər iki ölkənin multikulturalizm, islam dəyərlərinə sahib və tolerantlıq modelləri kimi tanındığını önə çəkib. Səfir sonra deyib ki, bu il Azərbaycan və Mərakeş arasında Hökumətlərarası Birgə Komissiyasının iclası keçiriləcək və hər iki tərəf bu iclasın müsbət nəticələrini gözləyir.
Azərbaycan hökuməti adından bayram münasibəti ilə Mərakeş xalqının təbrik edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, əlaqələrimizin yüksələn xətlə inkişaf etdiyini, turizm, kənd təsərrüfatı, energetika və digər sahələr üzrə ikitərəfli əməkdaşlığın genişləndiyini, ölkələr arasındakı ticari dövriyyənin son illərdə 50 dəfə artdığını söyləyib. Komitə sədri Azərbaycan və Mərakeşin beynəlxalq müstəvidə bir-birini dəstəklədiyini də xüsusi vurğulayıb.
L.SƏMLA
Strateq.az