XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 Avqust 2017 - 18:13

ABŞ demokratiyaya dəstək missiyasından imtina edir –Departamentdən siyasi spektri heyrətə salan bəyannamə

ABŞ Dövlət Departamenti özünün dünya missiyasından "demokratiya" sözünün çıxarılması məsələsini nəzərdən keçirir.

Strateq.az BBC-yə istinadən bildirir ki, bu barədə "The Independent" qəzeti yazıb.

Məqalədə deyilir ki, dövlət katibi Reks Tillersonun tapşırığı ilə hazırlanan missiya bəyannaməsi əvvəlkilərdən fərqlənmir. Lakin ABŞ-ın bütün dünyada demokratiyanı yaymaq məqsədi yeni bəyannamədə olmaya bilər. Ötən cümə günü göndərilmiş daxili email-dən bəlli olur ki, Dövlət Departamentinin icraiyyə komitəsi departamentin məqsəd, missiya və ambisiyalarını müzakirə edib. Yeni bəyannamə layihəsində deyilir: "Biz bütün dünyada Amerika xalqının təhlükəsizlik və firavanlığı maraqlarını yürüdəcəyik."

"The İndependent" bunu keçənilki bəyannamə ilə müqayisə edib. Orada deyilirdi ki, Dövlət Departamenti "daha əmin-amanlıqlı, çiçəklənən, ədalətli və demokratik dünyanın formalaşdırılmasına çalışacaq". Dövlət Departamentinin hər iki partiyadan olan keçmiş rəsmiləri bildirirlər ki, yeni bəyannamə layihəsindən "ədalətli" və "demokratik" sözlərinin çıxarılması nə təsadüfdür, nə də xətadır.

Corc Buşun  prezidentliyi dövründə milli təhlükəsizlik müşavirinin müavini işləmiş Eliot Abrams deyib ki, "ədalət" və "demokratiya" sözlərinin yeni bəyannamə layihəsində olmamasını yalnız bir cür izah etmək olar: "Biz ədalətli və demokratik dünya istəyirdik, indi belə görünür ki, daha istəmirik".

Abrams deyib ki, Dövlət Departamentinin missiya bəyannaməsi mühüm sənəddir. Çünki bütün dünya hökumətlərinə və xalqlarına verilən siqnaldır. Yeri gəlmişkən Tillerson Abrams-ı departamentə vəzifəyə gətirmək istəsə də, Tramp onun namizədliyini rədd etmişdi. Abrams deyib ki, bu dəyişiklik "çox ciddi səhvdir və dərhal düzəldilməlidir": "Əgər səhv düzəldilməsə, bu bəyanat dünyanın bütün diktatorlarının ürəyindən xəbər verəcək".

Obama administrasiyasında dövlət katibinin demokratiya məsələləri üzrə müavini işləmiş Tom Malinovski deyib ki, missiya bəyannaməsindəki bu dəyişiklik Birləşmiş Ştatları Rusiya da daxil ABŞ-ın bir çox düşmənlərinə "yoldaş" edir. Malinovski deyib ki, hazırkı bəyannamə variantı Putinin istədiyi dünyanı nəzərdə tutur. Əlavə edib ki, əgər bəyannaməyə düzəliş edilməsə, bu dəyişiklik Dövlət Departamentinin öz içərisində çaşqınlıq və vurnuxma yaradacaq.

Tramp özünün inauqurasiya nitqində demişdi ki, Amerika bundan sonra öz həyat tərzini başqalarına qəbul etdirməyəcək, əvəzində hər bir kəsə nümunə kimi parlayacaq. Elə Tillersonun özü də bəzi bəyanatlarında bildirib ki, Amerika dəyərlərinin təbliğ olunması, Amerikanın milli təhlükəsizlik maraqlarının yürüdülməsinə mane olur. O ötən mart ayında, illərdir davam edən ənənəni pozaraq departamentin illik insan haqları hesabatının təqdimatını özü keçirməyib.