XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

16 Dekabr 2015 - 06:35

Rusiyalı ekspert: Türkiyə ilə birbaşa münaqişəyə girişməməliyik, açıq qarşıdurma bizə sərfəli deyil – Müsahibə

Türkiyənin xarici siyasət sahəsində davranışının dəyişilmə səbəbi və bu durumda Rusiyanın necə hərəkət etməli olduğu haqda Rosbalt.ru-ya türkoloq, şərqşünaslıq, beynəlxalq münasibətlər və ictimai diplomatiya araşdırmalar Mərkəzinin direktoru Vladimir Avatkov danışıb. Müsahibəni Strateq.az-ın oxucularına təqdim edirik. 

 

– Uzun müddət Türkiyənin xarici siyasətinin əsaslarından biri “qonşularla sıfır problem” idi – o cümlədən Rusiya ilə. Lakin hər şeyə baxanda hazırda kurs dəyişilib. Bu nə ilə bağlıdır?

– Doğrudan da, Türkiyə əvvəlcə qonşu ölkələrə təsir üçün yumşaq güc üsullarından – məsələn, müxtəlif lobbilər formalaşdırmaqdan istifadə edirdi. Lakin bu yanaşma növü heç də həmişə istənilən nəticəni gətirmirdi. Buna görə də Türkiyə daha aqressiv xarici siyasətə keçdi və qonşu ölkələrdə, xüsusən də İraq və Suriyadakı münaqişələrdə fəal şəkildə iştirak etməyə başladı. Lakin əslində, bu da “qonşularla sıfır problem” siyasətinin tərkib hissəsidir. Axı qonşularla qucaqlaşmaq olar, amma onlarda elə bir qayda-qanun yaratmaq mümkündür ki, özləri sizi qucaqlamağa gələr. Türkiyə indi ikinci ssenari üzrə hərəkət etməyə başlayıb.

– Və bu cür ssenari nə qədər məhsuldar çıxa bilər?

– Yəqin ki, o, sülh planı baxımından iflasa uğrayacaq. Lakin qonşulara bu cür təsirin bütünlükdə nə dərəcədə uğurlu ola biləcəyi haqda yalnız müəyyən bir zaman keçdikdən, vətəndaş müharibəsinin bürüdüyü Suriya, İraq və Liviyada nəticədə hansı rejimlərin bərqərar olduğunu gördükdən sonra danışmaq olar.

– Hər halda, Türkiyə rəhbərliyi İraqa qoşun yeridərkən konkret hansı məqsədləri güdürdü?

– Yada salım ki, türk ordusunun İraqa yeridilməsi –  ki, əlbəttə, bu ölkənin ərazi bütövlüyü və suverenliyinin qeydsiz-şərtsiz pozulmasıdır – əvvəllər də baş verib. Lakin indi müəyyən fərqlər var. Əvvəllər ordu Kürdüstan Fəhlə Partiyası (PKK-red.) yaraqlılarının məhv edilməsi üçün yeridilir və bu vəzifə icra edildikdən sonra dərhal İraq ərazisini tərk edirdi. Türk ordusu hazırda orada platsdarm yaradıb və hər şeyə görə fikir yürüdəndə uzun müddət qalacaq. Türkiyə rəhbərliyi hazırda bir-birinə zidd bəyanatlar verir. Gah deyilir ki, qoşun İŞİD-ə qarşı mübarizə üçün kürdlərin xahişi ilə yeridilib, gah da deyilir ki, bu, İraq rəhbərliyi ilə çoxdankı razılaşmadır. Lakin əslində, hər şey yetərincə sadədir. Türkiyənin qoşun yeritdiyi ərazi enerji daşıyıcıları ilə zəngin olan Mosula çox yaxındır. Türkiyə rejimi bununla iki şeyi göstərmək istəyir. Birincisi, onda maraqlıdır ki, nəinki təkcə Türkiyədə kürd muxtariyyəti yaranmasın, həm də İraqdakı kürd muxtariyyəti də onun nəzarətində olsun. İkincisi, Ankara öz təsir dairəsini cızır. Sirr deyil ki, Suriya və İraqlın quzey ərazilərinə nisbətdə Türkiyənin tarixi iddiaları var. Bu iddialar hətta bəzi sənədlərdə əks olunub. Xüsusən də Türkiyənin ilk parlamentlərindən birinin qəbul etdiyi “türk vədi” deyilən sənəd mövcuddur. Onda birbaşa deyilir ki, bura Türkiyə əraziləridir. Həm də çoxları bunu unutsa da, bu sənəddən heç kim imtina etməyib.

– Sizin fikrinizcə, türk ordusunun İraqa girməyi onların NATO üzrə müttəfiqləri üçün sürpriz oldu?

– Mənə elə gəlir ki, ABŞ qeyri-sabit türk rejimi xüsusunda getdikcə daha az maraqlıdır. Amerikalılar bu yaxınlarda Türkiyəni Suriya ilə sərhədi dərhal bağlamağa çağırdılar. Bu ondan xəbər verir ki, onlar NATO ölkəsinin faktiki olaraq İŞİD-ə tabe olan münaqişə zonası olmasında çox da maraqlı deyillər. Bu və ya digr mövzu üzrə öz mövqeyini tez-tez və gözlənilməzcəsinə dəyişən hakim partiyanın siyasəti də onları çox da sevindirmir. Düşünürəm ki, həmsərhəd dövlətlərə nisbətdə Türkiyənin iddiaları da müəyyən gərginlik doğurur. Lakin Türkiyənin “yeniosmanlıçılıq” iddialarını gerçəkləşdirməsi xüsusunda ABŞ-ın əndişələri Türkiyənin bölgədə Rusiyanın planlarına qarşı fəaliyyətdə ola biləcəyi prinsipi ilə müqayisədə ikinci plana keçə bilər.

– İraq BMT Təhlükəsizlik Şurasından (TŞ) türk ordusunun təcili çıxarılmasını tələb etdi. Bu tələblər nəyə gətirib çıxaracaq?

– Qorxuram ki, heç nəyə. İraq beynəlxalq ictimaiyyətdən bu problemə diqqət tələb etməkdə haqlıdır və bunu etməlidir. Onun BMT TŞ-yə müraciət etməyi çox yaxşıdır. Həmişə hüquqi üsullarla hərəkətə cəhd etmək lazımdır. Lakin türklərin irəliləməyi davam etsə, İraqın buna ciddi müqavimət göstərəcəyi haqda məndə böyük şübhələr var.

– Bəs türk qoşunlarının çıxarılması haqda ziddiyyətli məlumatlar necə olacaq?

– Məsələ burasındadır ki, “Cəbhət ən-Nusra”nın başçısı Suriyanın quzeyində təsiri genişləndirmək üçün Türkiyənin bu terror qurumuna dəstək planlarından danışıb. Bütün bəyanatları da bu kontekstdə nəzərdən keçirmək lazımdır. Ordunun təkrar yerdəyişməsi də baş versə, o, sadəcə, İraq ərazisində “əriyəcək”. Və hətta qoşunun bir hissəsi çıxarılsa, digər hissəsi yerində qalacaq. Türkiyənin öz qoşunlarını İraqdan tamamilə çıxarması üçün Rusiyanın BMT TŞ vasitəsilə göstərməyə cəhd etdiyi ən ciddi beynəlxalq təzyiqlər lazımdır, lakin hər şeyə baxanda bu, yetərli deyil.

– Bəs İraqın yardım xahişi ilə müraciət edəcəyi durumda Rusiya necə hərəkət etməlidir? çünki bu haqda İraq rəhbərliyi arasında söhbətlər artıq olub…

– Bu cür təqsim kifayət qədər pisdir, çünki xahişə necəsə reaksiya vermək lazım gələcək, lakin bununla belə, birbaşa münaqişəyə girişməməliyik. Bu prosesdə Rusiyanın müəyyən iştirakının zəruriliyini inkar etmirəm. Lakin Tükiyə ilə açıq qarşıdurma kim desən, sərf edir, təkcə bizə yox. Biz İraqa münasibətdə fəaliyyətimizdə son dərəcə səliqəli olmalıyıq. Ehtimal ki, hamının hamıya qarşı savaşını törətmiş türklər vəziyyətin kəskinləşməsini çox istəyirlər. Hakim türk rejimi hazırda ölkədə millətçi ritorikanı hədsiz dərəcədə yüksəldib. Türk cəmiyyətində, hətta  bu cür qırımın prinsipcə xas olmadığı ziyalılar arasında çox böyük neqativ və millətçilik dalğası törəyib. Ərdoğan və tərəfdarları mövqelərini gücləndirmək üçün bundan sonra da bu ruhda hərəkət etməkdən çəkinmirlər.

 

Söhbətləşdi: Tatyana Xrulyeva

Rosbalt.ru, 15.12
.2015