Milli Məclisə keçirilən seçkilərin nəticələri təsdiqlənsə də, prosesdən narazı qalanlar da olub.
Keçmiş deputatlar, Ədalət Partiyasının sədri İlyas İsmayılov və ümid Partiyasının sədri İqbal Ağazadə səsvermənin nəticələri ilə razılaşmayaraq Avropa Məhkəməsinə müraciət edə biləcəklərini bildiriblər.
Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov məsələ ilə bağlı Modern.az-a açıqlama verib. Onun fikrincə, Avropa Məhkəməsinə müraciət etmək onların haqlarıdır:
“Səsvermənin nəticələrindən narazı qalanlar istədikləri instansiyalara müraciət edə bilərlər. Bu, onların haqqıdır. Avropa Məhkəməsi məsələ ilə bağlı hər hansı bir qanun pozuntusu qeydə alarsa, bu zaman yalnız cərimədən söhbət gedə bilər. Amma nəticə dəyişməz olaraq qalacaq. Ona görə ki, nəticəni Azərbaycanın ən ali orqanı olan Konstitusiya Məhkəməsi təsdiq edib. Bununla da məsələ bitmiş hesab olunur”.