Murat Özgülün baş direktor olduğu “Genel Energy” (GE) şirkəti ilə İraqın şimalındakı Kürdüstan Regional Hökuməti arasında 471 milyon dollar məbləğində ödənilməmiş neft satışı pullarına dair razılaşma əldə edildikdən sonra GE-nin səhmləri beşdə bir nisbətində yüksəlib.
BBC radiosu bildirir ki, bu barədə "The Times" qəzeti yazır. Kürdüstan Regional Hökuməti Genel Energy şirkətinə çatacaq vəsaitlərin ödənişini 2014-cü ilin ortalarından 2015-ci ilin sentyabrınadək dayandırmışdı. Bu elə bir vaxt idi ki, muxtar kürd regionunun hökuməti neft qiymətlərinin düşməsi və eyni zamanda İŞİD-lə döyüşlərlə bağlı maliyyə sıxıntısı içində idi. Məqalədə deyilir ki, Genel Energy şirkətinin özü də çətinliklərlə üzləşmişdi və onun təsisçisi və BP şirkətinin keçmiş başçısı Tony Hayward şirkəti tərk etməli olmuşdu.
Əldə olunmuş razılaşmaya əsasən Genel Energy Kürdüstan Regional Hökumətinin borcunu siləcək, lakin bunun müqabilində qarşıdan gələn 5 ildə onun İraqın Tavke neft yatağından əldə olunan gəlirinə 4,5 faiz də əlavə edəcək. Bundan əlavə GE 25 faiz paya malik olduğu yataqdan gəlir götürdüyünə görə əlavə vergidən birdəfəlik azad olunacaq.
Genel Energy bundan əvvəl ona ödənməmiş borcun yalnız 202 milyon dollarını istəyirdi. Arden firmasından Daniel Slater bildirib ki, yeni razılaşma, neft qiymətlərinin bir barrel üçün 50 dollar olacağı təqdirdə GE şirkətinə 391 milyon dollar gəlir gətirəcək. Qiymətlərin bir barrel üçün 60 dollara çatacağı təqdirdə isə gəlir 543 milyon dollara yüksələcək.
"The Times" əldə olunmuş razılaşmanı Genel Energy üçün gözlənilməz sevinc adlandırır. Genel Energy şirkətinin baş direktoru Murat Özgül deyib ki, şirkətin 2017-ci il üçün strateji məqsədi ödənilməmiş gəlirlərin alınması idi və bu razılaşma ilə bu strategiya uğur gətirib.
"The Times" və "Financial Times" qəzetlərində dərc olunmuş bu xəbərdən bir həftə əvvəl Oilprice.com saytı Genel Energy və onun İraqın şimalındakı fəaliyyəti ilə bağlı təhlili material dərc etmişdi. Bu məqalədə deyilirdi ki, GE Türkiyənin keçmiş media maqnatı Mehmet Emin Karamehmet tərəfindən yaradılıb. O həm də Turkcell-in daxil olduğu Çukurova Holdinqinin sahibi idi. 2011-ci ildə Vallares PLC şirkəti ilə birləşən GE Britaniyanın Normand adalarında (Channel İslands) qeydiyyatdan keçib. Tony Hayward da elə həmin vaxt şirkətə rəhbər təyin edilmişdi. Hazırda GE Kürdüstan Regional Hökumətinin nəzarətində olan 6 yataqda çalışır. Bunlardan Taq Taq və Tavke – neft, Miran və Bina Bavi isə qaz yataqlarıdır. Çia Şurx və Peşkəbir yataqları isə inkişaf etdirilməkdədir.
Oilprice saytı yazır ki, GE-nin düşdüyü çətin vəziyyətdə yeganə çıxış yolu KRH-nin qaz yataqlarından çıxarıdğı təbii qazı Türkiyəyə satmaq idi. Şirkət Türkiyə hökuməti və KRH arasında imzalanmış qaz satışı sazinə uyğun olaraq TEC (Turkish Energy Company) şirkəti ilə danışqılara başlamışdı. Oilprice saytı TEC barədə də açıqlama verir. Məqalədə deyilir ki, Tayyip Erdoğan və KRH-nin başçısı Neçirvan Bərzani 2013-cü ilin iyununda enerji sazişlərini imzalayarkən bu sənəddəki "türk vahidi" termini oradan çıxarılmışdı. Daha sonra "türk vahidinin" elə TEC olduğu bəlli olurdu. Məqalədə deyilir ki, KRH-nin neft-qaz xəritələrində TEC adı bu gün də qeyd olunur. TEC-in KRH-nin qaz yataqlarında üç hasilat blokunun olduğu bildirilir. Oilprice ehtimal edir ki, Ankara TEC-in anonimliyini saxlamaqla özünü Bağdadın gələcək beynəlxalq məhkəmə iddialarından sığortalamaq istəyirdi.
Məqalədə daha sonra deyilir ki, 2011-ci ilin 18 oktyabrında Türkiyə və ExxonMobil şirkətləri arasında imzalanmış hasilatın pay bölgüsü sazişinə görə TEC ExxonMobil-in bütün hasilat bloklarında 16 faiz pay alırdı. Bu sazişə görə ExxonMobil-in payı 64, Kürdüstan Regional hökumətinin payı isə 20 faiz idi.
Bu saziş üzrə TEC-in ödənişlərinə dair məlumatlar 2016-cı ilin 27 iyununadək gəlib çıxır. Həmin tarxidən bu yana heç bir məlumat yoxdur. Bloklar üzrə konsessiyaların uzadıldığı, yoxsa vaxtının bitdiyi bəlli deyil.