XƏBƏR LENTİ

05 Mart 2021

Digər Xəbərlər

30 Avqust 2017 - 19:17

Birləşmiş Ərəb Əmirliyindən mesaj –“İran və Türkiyə Suriyadakı müstəmləkəçi hərəkətlərə son qoysun”


Birləşmiş Ərəb Əmirlikləri İran və Türkiyəni, onun təbirincə deyilsə, Suriyadakı "müstəmləkəçi" hərəkətlərinə son qoymağa çağırıb.

BBC radiosunun məlumatına görə, bu barədə "The Daily Mail"  qəzeti yazıb. Məqalədə deyilir ki, bu çağırış Ərəb körfəzinin bu regionda gedən müharibəyə təsir gücünün tükəndiyini göstərir. Suriya münaqişəsində regional güc sayılan Səudiyyə Ərəbistanı, habelə BƏƏ, Suriya prezidenti Əsədə və onu dəstəkləyən İrana qarşı çıxır. Bu iki ölkə həm də Birləşmiş Ərəb Əmirliklərinin bütün ərəb dünyasında qarşı durduğu və Türkiyə tərəfindən dəstəklənən islamçı qüvvələrə qarşı düşmən mövqedədir. BƏƏ-nin xarici işlər naziri Şeyx Abdullah bin Zayed əl-Nəhyan "Suriyanın suverenliyini məhdudlaşdıran tərəfləri" bu ölkədən çıxmağa çağırıb: "Mən açıq danışacağam, burada söhbət İran və Türkiyədən gedir" – deyə nazir vurğulayıb.

BƏƏ-nin xarici işlər naziri bu bəyanatı özünün rusiyalı həmkarı Sergey Lavrovla birgə keçirdiyi mətbuat konfransında səsləndirib. Reuters agentliyi xatırladır ki, elə Rusiyanın özü də Əsəd rejiminə hərbi dəstək verir. Şeyx Abdullah deyib ki, "əgər İran və Türkiyə öz aralarında və ərəb torpaqlarında eyni tarixi, müstəmləkəçi və rəqabətçi davranışı davam etdirsələr, biz Suriyada yaranmış vəziyyətlə sabah başqa bir ölkədə üzləşəcəyik".

Məqalədə deyilir ki, Suriyada 6 ildir davam edən münaqişə bu bölgəyə burada öz maraqları olan regional və beynəlxalq gücləri çəkib gətirib. İranın Suriyaya göndərdiyi qoşunlar Bəşər əl-Əsədi əsasən Səudiyyə Ərəbistanı və başqa Körfəz ölkələri tərəfindən dəstəklənən qüvvələrdən müdafiə edir. Suriya hökumət qoşunları 2015-ci ildən bəri Rusiya hərbi aviasiyası zərbələrinin köməyi ilə itirilmiş torpaqların böyük bir hissəsini geri ala bilib.

Digər tərəfdən özünü İŞİD adlandıran təşkilat Suriya ordusu, habelə ABŞ tərəfindən dəstəklənən ərəb və kürd döyüşçülərin hücumları ilə Şərqi Suriyadakı istehkamlarından vurulub çıxarılır. Bu arada ABŞ-ın NATO mürttəfiqi olan Türkiyə Suriyadakı kürd qüvvələrinin fəallığından və artan nüfuzundan narahatdır.

Bu yaxınlarda Türkiyə mediası prezident Ərdoğana istinadən xəbər verirdi ki, Ankara və Tehran kürdlərin silahlı qüvvələrinə qarşı birgə hərbi əməliyyat keçirə bilər. Lavrov və Şeyx Abdullah münaqişənin danışqlar yolu ilə başa çatdırılmasına tərəfdar olduqlarını bildiriblər. Rusiya Qazaxıstanın Astana şəhərində aparılan danışıqlarda Suriya müxalifəti ilə Əsəd arasında razılaşmaya nail olmaq istəyir.