XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

01 Sentyabr 2017 - 20:51

Mehman Əliyevin müdafiə komitəsi müraciət yaydı –Turan Agentliyi işini dayandırdı

“Mehman Əliyevə azadlıq" komitəsi müraciət yaydı.

Musavat.com xəbər verir ki, müraciətdə M.Əliyevin həbsindən və hakimiyyətə yönəlmiş tələblərdən söz açılıb: “Mehman Əliyevin həbsi onun cəmiyyətdən təcrid edilməklə cəzalanmasına yönəlmiş hərəkətdir. Belə olmasaydı, onun barəsində alternativ qətimkan tədbiri seçilər və bununla da Mehman Əliyev normal müdafiə hüququnu təşkil etmiş olardı”.

Komitə hesab edir ki, hakimiyyətin tənqidçiləri susdurmaq, azad mətbuatı, müstəqil vətəndaş cəmiyyətini sıradan çıxarmaq məqsədi ilə apardığı repressiya siyasəti durdurulmalıdır.

“Azərbaycan hakimiyyətindən tələb edirik ki, Konstitusiyaya, beynəlxalq hüquq normalarına və beynəlxalq qurumlar qarşısında götürülən öhdəliklərə əməl etsin. Azərbaycanda demokratik inkişaf, fundamental hüquq və azadlıqların təmin edilməsi üçün siyasi islahatları əməli işlərlə həyata keçirsin. Mehman Əliyev və həbsdə olan bütün siyasi məhbuslar qeyd- şərtsiz azadlığa buraxılsın”, – sənəddə qeyd edilir.

Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbus olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər törətdikləri əmələ görə, məsuliyyətə cəlb ediliblər.

Avqustun 25-i Yasamal Rayon Məhkəməsinin qərarı ilə «Turan» İnformasiya Agentliyinin direktoru M.Əliyev haqqında noyabrın 7-nə kimi həbs-qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 213.1 (vergi ödənişindən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittiham irəli sürülüb.

Vergilər Nazirliyi avqustun 8-də «Turan» agentliyinin fəaliyyətinin səyyar vergi yoxlamasına başlayıb. Nazirlik iddia edir ki, 60 min manat vergidən yayındırılıb. M.Əliyev ittihamları qəbul etmir.

Avqustun 17-də isə artıq agentlikdən son 7 ilin sənədlərinin istənildiyi bildirilib. Üstəlik, agentliyin bütün bank hesabları dondurulub.

Dünən, avqustun 31-i isə kollektiv bəyan edib ki, «Turan» İnformasiya Agentliyi kommersiya qurumu olaraq fəaliyyətini dayandırır. Ancaq «Turan»da çalışanlar, onunla əməkdaşlıq edənlər sayt vasitəsilə fəaliyyətlərini könüllülük əsasında davam etdirəcəklər.