XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

08 Aprel 2015 - 21:07

Asim Mollazadə: “Qalib gələn sülh və sabitlikdir”

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə İran və “Altılıq” ölkələrinin razılaşmasına münasibət bildirib. Strateq.az-a açıqlamasında A. Mollazadə deyib:“Bölgədə stabillik hər zaman Azərbaycanın xeyrinədir. Azərbaycan təkcə Cənubi Qafqazda deyil, bütövlükdə regionda sülhü və əminamanlığı istəyən bir ölkədir. Azərbaycanın həyata keçirdiyi layihələrin hamısı bölgədə stabilliyin olmasını tələb edir. Əldə edilən razılaşma da regionda sabitliyin əldə olunması istiqamətində atılmış çox mühüm addımdır”.

ADİP sədri hesab edir ki, bu razılaşmaya görə nə ABŞ-ı, nə də İranı qalib tərəf elan etmək yanlış davranışdır: “Qalib gələn sülhdür. Sülh qazanır, stabillik qazanır, Azərbaycanın istəyi də elə budur”.

Sözügedən razılaşmanın dünya bazarında neftin qiymətinə təsir dərəcəsinə də toxunan millət vəkili deyib ki, İran nefti dünya bazarında hal-hazırda böyük həcmdə Hindistan və çin tərəfindən alınır: “Buna görə də inanmıram ki, bu razılaşma dünyada neftin qiymətinə əsaslı təsir göstərsin. Neftin qiyməti hər 15-20 ildən bir kəskin dəyişir – qalxır və ya enir. Sabit qiymətin olmasında ölkələrin iqtisadi inkişafının, tələbatın rolu əsasdır. Hal-hazırda bu tələbat olmadığına görə, neftin qiyməti azalıb”.

Taleh