XƏBƏR LENTİ

06 Avqust 2020
05 Avqust 2020

Digər Xəbərlər

03 Sentyabr 2017 - 13:51

Səfir Ramil Səfərovun azad edilməsindən yazdı:“Səfər Əbiyevin o əmri Macarıstanı pis vəziyyətdə qoymuşdu...”

Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev Ramil Səfərovun ekstradisiyası və ondan sonrakı proseslərlə bağlı sosial şəbəkədə maraqlı xatirəsini bölüşüb.

Strateq.az bu xatirəni oxucularına təqdim edir:

 "Düz 5 il bundan əvvəl, bazar günü səhər saat 9-da Macarıstan XİN-ə dəvət edilmişdim. Bir gün əvvəl mobil telefonuma zəng vurub soyuq və rəsmi səslə təyin olunan vaxtda nazirliyin dövlət katibi Jolt Nemetin məni gözləyəcəyini bildirmişdilər.
Səbəbini bilmək üçün böyük dərrakə sahibi olmaq lazım deyildi. Təbii ki, iki gün əvvəl ekstradisiyasına nail olduğumuz Ramil Səfərovun məsələsi ilə bağlı idi. Təbii ki, etiraz notası təqdim edəcəkdilər.

Hələlik belə naqolay vaxtda akkreditə olunduğu ölkənin XİN-nə çağırılan ilk və son Azərbaycan səfiriyəm. Ermənistanda da diplomatik missiyamız yoxdur ki, işğal altındakı torpaqlarımızı azad etmək üçün genişmiqyaslı hərbi əməliyyatlara başlayanda gecə yarısı düşmən ölkənin XİN-inə çağırıb izahat istəyələr…

Əlbəttə, notanı həftənin birinci günü versəydilər, dünya dağılmazdı. Amma gün və saat məxsusi seçilmişdi. Diplomatik dildə bu qarşı tərəfin narahatlığının, narazılığının, hətta hiddətinin ifadəsi idi. Düdür, müqayisəyə gələn fakt deyil, amma Hitler Almaniyası SSRİ üzərinə hücuma keçəndə SSRİ xalq xarici işlər komissarı V.Molotov alman səfiri qraf Şulenburu sübh çağı saat 5.30-da XİN-ə çağırıb izahat istəmişdi. (Yeri gəlmişkən, bu Şulenburq da ruslar demişkən,"особый зверь" və tarixçilərimiz onunla daha ətraflı maraqlanmalıdırlar.1918-сi ilin iyununda o, Almaniyanın Gürcüstanda diplomatik nümayəndəsi idi. Almanlar bir neçə ay əvvəl müttəfiqləri türklərə arxadan bıçaq saplayaraq bolşevik Rusiyasi ilə separat sülh imzalamışdı. Sülhün şərtlərinə görə Bakı neftinin 25 faizi Almaniyaya vəd edilmişdi. Ölkəsinin bu əvəzsi neməti alması üçün Şulenburq gürcü hökumətini Gürcüstan ərazisindən keçib Azərbaycan türklərinin köməyinə tələsən Qafqaz İslam ordusuna hər vasitə ilə maneçilik törətməyə təhrik edirdi).

Protokol xidmətinin əməkdaşı məni nazirliyin sakit, hətta bir az yarımqaranlıq koridorlarından keçirib Jolt Nemetin kabinetinə apardı. Bu kabinetdə əvvəllər dəfələrlə olmuşdum. Jolt Nemet də incə yumor hissinə malik ziyalı, türklər demiş, cana yaxın insan idi. Amma bu səhər üzünə sərtlik, barışmazlıq maskası taxmışdı.
Otaqda daha iki nəfər vardı. Belə başa düşdüm ki, Ədliyyə Nazirliyinin və xüsusi xidmətin əməkdaşlarıdır.
Soyuq qarşıladılar. Çay, yaxud qəhvə təklif olunmadı. Söhbətə Jolt Nemet başladı və R.Səfərovu qəhrəmana çevirməklə macar hökumətini həm öz xalqının, həm də Avropa Birliyinin sərt qınağına məruz qoyduğumuzu dedi. Bir neçə dəfə "Bu dəhşətdir!" dedi və arada vəcdə gəlib "horror" ("dəhşət") və "hero" (qəhrəman) sözlərindən babat bir kalambur da düzəltdi.
Macar tərəfini ən pis vəziyyətdə qoyan keçmiş müdafiə nazirimiz Səfər Əbiyevin əmri ilə bir gün əvvəl R.Səfərova mənzil, 8 illik maas və mayor rütbəsinin verilməsi idi. Əlbəttə, burada pis heç nə yox idi. Amma bütün bunların mətbuat və televiziya vasitəsi ilə şouya çevrilməsi, internet vasitəsi ilə dünyaya yayılması yaxşı deyildi. İlk növbədə istəyimizi yerinə yetirən macar hökumətini pis vəziyyətdə qoymaq idi. Özümüz üçün də elə yaxşı reklam deyildi. Hətta həmişə yersiz zarafatları ilə seçilən səfir həmkarlarımdan biri "Deyəsən, erməni ovu üçün yaxşı qrant ayırırsınız. Bəzi çətinliklərim var, mənə bir erməni göstərin, işini bitirim, sonra 5-6 il yatıb köməyinizlə oradan çıxım, mükafatımı alıb problemlərimi həll edim"-deyə şit zarafat da eləmişdi.
 

Əlbəttə, elə düşünülməsin ki, indi yalnız Səfər vəzifədə olmadığı üçün bunları yazıram. 2012-ci il sentyabrın 7-də görüşdüyümüz zaman "Ermənilərdən acıq çıxmaq üçün həm nazir, həm də general kimi onlarla imkanın var. Belə bədii yaradıcılığa ehtiyac yoxdur"- sözlərini özünə demişdim.
Jolt Nemetə dedim ki, biz R.Səfərova "qəhrəman" saydığımıza görə yox, Azərbaycan vətəndaşı olduğuna görə kömək etmişik. Dövlət hətta cinayət törətmiş vətəndaşına da sahib çıxmalıdır. Üstəlik də o, əməlinin müqabilində kifayət qədər sərtliklə cəzalandırılıb və cəzasını da layiqincə çəkib. Bu situasiyada R.Səfərov da, onun qətlə yetirdiyi erməni də daha çox erməni faşizminin və revanşizminin qurbanlarıdır. Əgər onun torpağı işğal olunmasaydı, yaxınları və doğmaları ermənilər tərəfindən qətlə yetirilməsəydi, öz həyatını da puç edən belə bir işə əl atardımı?
Daha sonra Jolt Nemet bizim Ədliyyə Nazirliyinin məktubunu burnumun qabağında yellədərək R.Səfərovun cəzasının qalan hissəsini vətənində çəkəcəyi ilə bağlı üzərimizə öhdəlik götürdüyümüzü qızğınlıqla sübut etməyə başladı. Azərbaycan prezidentinin baş nazir Viktor Orbanla 31 iyun tarixli görüşdə ekstradisiyadan dərhal sonra əfv fərmanı verəcəyini, macar həbsxanasının Azərbaycan həbsxanası ilə əvəz edilməsinin erməni zülmünün dəhşətlərini yaşamış insanlarımız tərəfindən düzgün anlaşılmayacağını qətiyyətlə bildirdiyini və baş nazirin də "Əgər qanunlarınız Sizə belə səlahiyyət verirsə, o zaman istədiyiniz kimi hərəkət edin"- dediyini yada saldım və əgər istəsə bu söhbətin audioyazısını təqdim edə biləcəyimi dedim.
Təbii ki, Jolt Nemet məndən heç bir audioyazı istəmədi. Orban komandasının üzvü kimi yəqin ki, prosesdən xəbərsiz deyildi. Bu ittihamlar isə daha çox proforma üçün lazım idi.
Görüş üçün ayrılmış 40 dəqiqəni ruslar demiş, "переменным успехом" mübahisə elədik. Vaxt tamam olanda Jolt Nemet ayağa qalxıb qara qovluqdakı notanı təntənə iləmənə təqdim elədi, mən də dərhal eyni təntənə ilə elə günü bu gün hökumətimin diqqətinə çatdıracağımı bildirdim.
Jolt Nemet məni qapıya qədər ötürdü və burada əlini çiynimə qoyub üzündə birdən-burə peyda olan işıqlı ifadə ilə "Sir, İ am in your disposition in any time" (Ser, mən istədiyiniz zaman sizin ixtiyarınızdayam") deyəndə başa düşdüm ki, əvvəlki status-kvo bərpa olundu. İndi Macarıstan Parlamenti Beynəlxalq əlaqələr komitəsinin sədri olan Jolt Nemetlə bu yaxınlarda görüşəndə həmin günün söhbətlərini bir daha yada saldıq.
Bazar günü olmasına baxmayaraq, telefonla dərhal dövlət başçısına görüş barədə məlumat verdim və sonrakı addımlarımızla bağlı təlimat aldım. Bir saatdan sonra isə dünyanın bütün aparıcı xəbər agentlikləri Azərbaycan səfirinin bazar günü Macarıstan XİN-ə çağrıldığı və ona sərt nota təqdim edildiyi barədə məlumat yaymışdılar".