Almaniya ABŞ-da yaşayan müsəlman vaiz Fəthullah Gülənin tərəfdarlarına aid mülkiyyətin dondurulmasına dair Türkiyənin rəsmi ricasını rədd edib.
Almaniyanın “Spigel” jurnalı yazır ki, Ankara Fəthullah Güləni ötən ilin iyulunda baş vermiş çevriliş cəhdinin arxasında durmaqda ittiham edir. “Spigel”in məlumatına görə, Berlinin etirazı böyük bir ehtimalla iki NATO üzvü arasındakı gərginliyi daha da artıracaq.
Bundan əvvəl Almaniya kansleri Merkel Türkiyədə daha iki Almaniya vətəndaşının siyasi ittihamlarla həbs edilməsini kəskin pisləmişdi. İnformasiya mənbəyini açıqlamayan Spiegel yazır ki, Türkiyə hökuməti ötən apreldə Almaniya Xarici İşlər Nazirliyinə müraciət edərək Gülən təşkilatının və onun üzvlərinin Almaniyadakı mülkiyyətinin dondurulmasını rica edib. Türkiyənin Almaniyaya təqdim etdiyi siyahıda 80 nəfərin adının olduğu bildirilir.
Məqalədə deyilir ki, Almaniya hökuməti bu ricanı iyun ayında rəsmən rədd edib və Ankaraya belə bir addımın atılması üçün hüquqi əsasların olmadığını bildirib.
Almaniya Xarici İşlər Nazirlyi bu xəbərlə bağlı heç bir şərh verməyib. Məqalədə bu da deyilir ki, Türkiyənin Almaniyaya verdiyi ektradisiya ərizələrinin sayı ilin əvvəlindən 53-ə çatıb, halbuki bu, 2016-cı ildə verilmiş bütün ekstradisya ərizələrinin sayından çoxdur. Türkiyənin Doğan xəbər agentliyi bildirir ki, Türkiyənin hakimiyyət orqanları ötən cümə axşamı daha iki Almaniya vətəndaşını ötənilki çevriliş cəhdi ilə əlaqədar həbs edib.
Agentlik bildirir ki, Almaniya vətəndaşı olan iki türkü Antalya hava limanında həbs ediblər. Onlara qarşı Gülen təşkilatı ilə bağlı ittihamlar itrəli sürülüb. (BBC)