XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

04 Sentyabr 2017 - 13:32

Hüseynbala Səlimov test imtahanından yazdı:“İndi nə edək? Yenidən həmin dövrə qayıdaq?”

Hüseynbala SƏLİMOV

 

Güman ki, tez bir zamanda bu suala da dəqiq cavab veriləcəkdir. Hər halda, belə deyilmişdi. Etiraf etmək lazımdır ki, bu xüsusda cəmiyyətdə narahatlıq duyulur.

Səbəbi də budur ki, son illərdə heç olmasa, bir məsələdə müəyyənlik vardı. İnsanlar bilirdi ki, ali məktəblərə qəbulun bircə yolu var var – bu da imtahanlardan uğurla keçməkdir.

Təbii ki, ideal modellər olmur həyatda. Hər bir modelin müəyyən qüsurları da olur. Şəxsən mən testlərlə ilk dəfə 80-ci illərin ortalarında tanış olmuşam. Bir ara o dövrün çox məşhur jurnallarından biri – nəinki məktəblilərin, hətta azacıq yaşlı insanların da sevdiyi “Kvant” jurnalı Amerika məktəblərində təklif olunan riyaziyyat və fizika testlərini dərc etməyə başlamışdı. Sonradan bu üsul Azərbaycanda da tətbiq edilməyə başladı.

Bir daha deyirəm ki, ideal model yoxdur. Bunu tədris və təhsil modellərinə də aid etmək olar. Məsələn, riyaziyyatı və fizikanı çox yaxşı bilən adam kimi qeyd edim ki, testlər riyaziyyatın bəzi aspektlərinə dair məktəblilərin və abituriyentlərin biliyini yoxlamağa imkan vermir. Bircə onu deyək ki, riyaziyyatda isbat və həndəsi qurma məsələləri var. Onları testdə əhatə etmək olmur. Eləcə də fizikada testlər daha çox formulların  mexaniki şəkildə əzbərlənməsinə gətirib çıxarır…

Amma bu qüsurlara göz yummaq olar. Bir daha deyirəm ki, ideal modellər olmur. Hər şey nisbətdə yaxşı və ya pis olur. Üstəlik, onu da deyim ki, elə sovetlərin vaxtında da riyaziyyatda və fizikada daha çox hesablama məsələlərinə üstünlük verirdilər.

Burada bir detalı da qeyd etmək yerinə düşər. Məşhur riyaziyyatçı A.N.Kolmoqorov xatırlayırdı ki, o, sovetlərin ilk illərində universitetə daxil olarkən hətta qəbul imtahanları belə yox idi. Amma hətta belə bir hal çox istedadlı gənclərin universitetlərə axınına mane olmurdu…

İndi ola bilsin ki, bizim müəllimlərimiz abituriyentləri hərtərəfli yoxlamaq və onların nəzəri biliklərinin hansı səviyyədə olmasını bilmək, araşdırmaq istəyirlər. Amma testlər buna bir o qədər də imkan vermir.

Fəqət, nə etmək olar? Əsas heç bilirsinizmi, nədir? Odur ki, test üsulu təhsil sahəsində korrupsiyaya demək olar ki, son qoyubdur. Bu, bəlkə də “Asan xidmət”lə yanaşı ikinci bir sferadır ki, əlini çox rahatca ürəyinin üstünə qoyub “Burada rüşvət yoxdur!” deyə bilərsən…

Amma etiraf etmək lazımdır ki, sovetlər vaxtı heç də belə deyildi. Düzdür, Rusiyanın ali məktəblərinin demək olar ki, hamısında qayda və qanun vardı. Fəqət, bunu bütün sovet respublikaları haqqında demək olmurdu – neqativ cəhətlər istənilən qədər idi…

İndi nə edək? Durub yenidən, bir daha həmin dövrə qayıdaqmı? Düzdür, bu işə məsul insanlar bildirdilər ki, heç bir halda test üsulunun ləğvindən söhbət gedə bilməz, sadəcə, onu təkmilləşdirmək lazımdır.

Amma dəqiq cavab verilməyənə qədər bunlar da təsəlli ola bilmir. Ona görə ki, bir çox hallarda “təkmilləşmə”, “təftiş” cəhdləri ona gətirib çıxarır ki, mexanizm öz gücünü tamam itirir və onun müdaxilələrə qarşı immuniteti azalır.

Rəsmi açıqlama verilməyənə qədər qəti söz demək istəmirik. Amma daha yaxşı olardı ki, qəbul qaydaları və yaxud da ki, üsulları toxunulmaz qalsın. Bir daha deyirik ki, ola bilsin, onların hansısa neqativ cəhətləri vardır. Amma elə olmasın ki, qaş düzəldən yerdə gözü vurub çıxarmalı olaq…

Bəli, biz də etiraf edirik ki, təhsilin problemləri çoxdur. Amma bu problemlərin çoxu həm də ölkədəki sosial– iqtisadi modelin özəlliyindən irəli gəlir. Yaxşı təhsilə tələbat o vaxt artacaq ki, iqtisadiyyat elmitutumlu sferaya çevriləcəkdir, yaxşı təhsilli adama həqiqətən də tələb yaranacaq, ona ehtiyac olacaqdır. Artıq bəzi sahələrdə bunu sezmək olur.

Ümumi halda isə vəziyyət hələ o qədər də qənaətbəxş deyil. Burada həm də rəqabət mühiti olmalıdır. Rəqabət və yaxud da seçim olanda yaxşı olmaq uğrunda yarış gedir cəmiyyətdə. Bu olmayanda isə durğunluq baş alıb gedir…    

Ona görə də ümid edirik ki, müstəqillik dövrünün ən uğurlu tapıntılarından biri – test üsulu toxunulmaz qalacaqdır. Bir daha deyirəm ki, elə etməyək ki, qaş düzəldən yerdə gözü də vurub çıxaraq…

musavat.com