“İqtidara indiki dəngəni qorumaq üçün xeyli vəsait lazımdır. Həmin maliyyə axınları artıq 2 ildir ki, tükənib. İndiki şəraitdə hakimiyyət islahatlara getməyə məhkumdur. İslahatlar isə ya obyektiv şəkildə ölkənin simasını dəyişəcək, ya da ki, hakimiyyəti dəyişəcək”.
Strateq.az bildirir ki, bu sözləri VİP sədri Əli Əliyev ölkənin müxalifət düşərgəsində passivliyi “Yeni Musavat”a şərh edərkən bildirib.
Partiya sədrinin sözlərinə görə, siyasətdə bataqlıq vəziyyətini xatırladan susqunluq getdikcə aradan qalxacaq. Vəziyyət ümidsiz deyil: “Hakim qüvvə tarixi məsuliyyətini dərk edib, düzgün davranmalıdır. Vəziyyəti davamlı şəkildə dondurmaq mümkün deyil. Qarşıda gələn prezident seçkilərində namizəd, onunla da bütün fəlsəfə dəyişməlidir. Həmin islahatlar nəticəsində ölkənin müqəddəratı müəyyən olunacaq”.
Ə.Əliyevin fikrincə, təəssüf ki, müxalifət bu ağır dönəmdə savad nümayiş etdirmir: “Belə vəziyyətdə müxalifətin konsolidasiyası prosesi YAP monopoliyasından çıxarar, beynəlxalq səviyyədə diqqəti Azərbaycana yönəldərdi. İçi biz qarışıq vəzifəmizin öhdəsindən gələ bilmirik. Təəssüf… Belə şəraitdə müxalifət yalnız statist ola biləcək. Qarşıda zaman var. İnanaq ki, müxalifətin vahid platforma formalaşdırmaq funksiyası icra olunacaq”.