Bu gündən Qarabağadakı separatçı rejimin başçısı Bako Saakyanın “prezident" vəzifəsində ən azı daha üç il müddətinə fəaliyyəti başlayır.
Cümə axşamı tanınmamış qondarma rejimdə inauqurasiya mərasimi keçirilib. Saakyan əlini 17-ci əsrin “İncil”i və "DQR Konstitusiyasına" qoyaraq “ərazi bütövlüyünü" qoruyub saxlamağa and içib.
Rəsmi Bakı Azərbaycanın işğal olunmuş ərazilərində seçkilər keçirməyi "növbəti təxribat" kimi qiymətləndirib. Azərbaycan XİN-in sözçüsü Hikmət Hacıyev bildirib ki, "qanunsuz parlament tərəfindən saxta prezident seçkisinin keçirilməsi özünü gülünc vəziyyətinə qoymaqdan və öz-özünü aldatmaqdan başqa bir şey deyildir."
1994-cü ildə Rusiyanın vasitəçiliyilə imzalanmış atəşkəs razılaşmasından sonra Dağlıq Qarabağ və ətrafındakı Azərbaycan əraziləri erməni silahlılarının əlinə keçib. BMT erməni silahlı qüvvələrinin geri çəkilmələrini tələb edib. Həmin dövrdən bəri tez-tez atəşkəs pozulması halları baş verir. (BBC)