Azərbaycan Dillər Universitetində (ADU) “İndoneziya və Azərbaycanda multikulturalizm: müqayisəli araşdırma” mövzusunda seminar təşkil olunub.
Strateq.az xəbər verir ki, ADU və İndoneziyanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə keçirilən seminarda çıxış edən rektor Kamal Abdulla bu günlərdə İndoneziyanın milli bayramının Azərbaycanda yüksək səviyyədə qeyd edildiyini xatırladaraq, iştirakçılar adından qonaqlara təbriklərini çatdırıb. O, ADU-da İndoneziya Araşdırmalar Mərkəzinin fəaliyyət göstərdiyini və mərkəzin fəaliyyəti nəticəsində ölkəmizdə İndoneziyaşünas mütəxəssislərin yarandığını vurğulayıb. Rektor həmçinin, səfir Hüsnan Bəy Fənaninin dəstəyi ilə Cakartadakı İndoneziya Universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılması istiqamətində konkret addımların atıldığını deyərək, yaxın vaxtlarda orada tələbələrin Azərbaycan himnini səsələndirəcəklərinə ümid etdiyini bildirib.
Səfir Hüsnan Bəy Fənani seminarın Azərbaycanda keçirilən II İndoneziya mədəniyyət festivalının tərkib hissəsi olduğunu qeyd edib. O, Bakıda 3 gün İndoneizya Mədəniyyət Festivalının keçirildiyini deyərək, açılışın 9 sentyabrda Heydər Əliyev Sarayından başladığını, növbəti günlərdə Bakı Bulvarında davam etdiyini xatırladıb. Festivalın ölkələr arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə təsadüf etdiyini, Azərbaycan xalqına, xüsusilə Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkən məcburi köçkünlərə həmrəylik əlaməti olaraq keçirildiyini bir daha xatırladan diplomat Azərbaycanın zəngin mədəniyyət və çoxmillətlilik xüsusiyyətlərə malik olduğunu önə çəkib. O, İndoneziyanı dünyanın ən böyük multikultural ölkəsi kimi dəyərləndirib, bu ölkədə yaşayan 270 milyon insanın 1300-dən çox etnik qrupa məxsus olduğunu, lakin onları dil və dinin birləşdirdiyini qeyd edib.
Azərbaycanı özünün ikinci vətəni adlandıran H.B.Fənani deyib ki, Azərbaycan onun sevimli ölkəsidir.
Sonra səfir royal arxasına keçərək, İndoneziya musiqiləri ifa edib.