XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 September 2017 - 12:47

XİN-dən əsir alınmış İŞİD-çi azərbaycanlı qadınlarla bağlı mövqe –Azərbaycan təsdiqləyici məlumatlara malik deyil

Azərbaycan Xarici İşlər Nazirliyi bildirib ki, Mosul şəhərində düşərgədə saxlanılan İŞİD-çi  ailələri arasında azərbaycanlıların olması ilə bağlı hansısa təsdiqləyici məlumata hələlik malik deyil.

Bu barədə nazirlikdən BBC  radiosuna məlumat verilib. Radionun digər hüquq-mühafizə orqanları ilə əlaqə saxlamaq cəhdləri də uğurlu olmayıb. Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini İlqar Musayev  bu günlərdə bildirib ki, əksəriyyəti gənclər olan bəzi Azərbaycan vətəndaşları radikal və ekstremist təbliğatın təsiri altında Suriya və İraqda fəaliyyət göstərən terrorçu təşkilatlara qoşulublar: "Məlumatlara görə, onların çoxu döyüşlər zamanı öldürülüb",- deyə APA –nın yaydığı xəbərdə rəis müavini deyib.

İ. Musayev əlavə edib ki, terrorçu təşkilatlara qoşulmuş 82 nəfər Azərbaycana qayıtdıqdan sonra cinayət məsuliyyətinə cəlb olunub, 151 nəfər isə son bir ildə "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" qanuna əsasən, terrorçu təşkilatların tərkibində döyüşdüklərinə görə ölkə vətəndaşlığından məhrum edilib. 2015-ci ildə qanunvericiliyə edilən dəyişikliyə görə, Azərbaycan vətəndaşının terror fəaliyyətində iştirakı onun vətəndaşlığının itirilməsi ilə nəticələnir.

Qeyd edək ki, Mosul şəhərində saxlanılan təxminən 1300-dən çox İŞİD-çi  ailələri arasında azərbaycanlı qadınlar və uşaqlar da var. Bu barədə İraq rəsmiləri və humanitar yardım rəsmiləri bildirib. İraq rəsmilərinə görə, onların şəxsiyyəti müəyyən edildikdən sonra öz ölkələrinə göndərilmə ehtimalı var. Bu qadınların arasında Azərbaycan vətəndaşları olanlar da var. Təhlükəsizlik üzrə təhlilçilər isə onların qayıdacağı halda nəzarət altında saxlanılmasını vacib hesab edirlər. 2014-cü ildə özünü İŞİD  adlandıran təşkilat İraqın şimalında və qərbində "xəlifəlik" elan etdikdən sonra minlərlə xarici yaşamaq üçün İraqa və Suriyaya gediblər.

İraq ordusu və kəşfiyyatı rəsmiləri Hammam əl-Alil düşərgəsini ziyarət edən “Reuters”ə bildirib ki, həmin qadın və uşaqların çoxunun sənədləri yoxdur, amma onların çoxu Türkiyədəndir: “Digər əksəriyyəti Azərbaycan da daxil olmaqla, Tacikistan, Rusiyadan və daha azı isə fransızlar və almanlardır”.

Düşərgədə 100-dən çox xarici vətəndaşın olduğunu təsdiqləyən Norveç Qaçqınlar Şurası İraqı bu adamların gələcək taleyinə tez bir zamanda aydınlıq gətirməyə çağırıb. Vəziyyəti “BBC Azərbaycanca”ya izah edən təhlükəsizlik eksperti İlham İsmayıla görə, qadınların İD ərazilərinə necə getdiklərini araşdırmaq önəmlidir: "Müəyyənləşdirilməlidir ki, qadınlar ərlərini qoyub, təkbaşınamı ora gediblər? Belədirsə, terrorçu ola bilərlər. Amma tendensiya bundan ibarət olub ki, daha çox kişilər ailələri ilə birgə gediblər. İŞİD yenicə yarananda və hələ Suriyada müharibəyə girmədən əvvəl onlar yataqxanalarda yaşayırdılar, müəyyən pul müqabilində. Hamımız bilirik ki, buradan gedən ailələr var və orada qalırlar."

İ.İsmayıl qeyd edib ki, tutulan qadınlar Azərbaycan gəlmək arzularını bildirsələr xüsusi xidmət orqanları onların necə getməsini və meyllərini müəyyənləşdirməlidir: "Dindar ola bilərlər, amma əsas odur ki, radikal olmasınlar, terrorçu olmasınlar", o deyib.