XƏBƏR LENTİ

02 İyun 2020

Digər Xəbərlər

18 Sentyabr 2017 - 20:30

Ölkədən “pul oğurlamağın” daha bir yolu –Varlılar Kipr vətəndaşlığına niyə can atırlar?

Rusiyadan olan oliqarxlar və Ukraynanın korrupsiyada ittiham edilən elita nümayəndələri "qızıl viza sxemi" deyilən üsulla Avropa İttifaqının pasportlarına sahib olublar.

BBC radiosunun məlumatına görə, bu  barədə "The Guardian" yazıb.  Məqalədə deyilir ki, Kipr 2013-cü ildən bəri superzənginlərə vətəndaşlıq satışından 4 milyard avro əldə edib. Kipr qanunlarına görə ölkəyə böyük məbləğdə investisiya qoymaları müqabilində zənginlərə vətəndaşlıq verilir. Kipr pasportu isə avtomatik olaraq Avropa İttifaqı boyunca işləmək və yaşamaq hüququ verir. "The Guardian" yazır ki, bu sxem üzrə təkcə bu il 400 pasportun verildiyi təxmin edilir. 2013-cü ilədək Kipr vətəndaşlığı ölkə nazirlərinin sərəncamları ilə verilirdi. "The Guardian" yazır ki, sözü gedən sxemlə Avropa İttifaqı pasportu alanların sızmış siyahısını görüb və bunların arasında tanınmış biznes adamları və siyasətçilər var.

Məqalədə deyilir ki, Kipr pasportunu bir keçmiş Rusiya millət vəkili, Ukraynanın ən böyük kommersiya bankının təsisçiləri və kazino sahibi də ala bilib. Qəzet yazır ki, Kipr vətəndaşlığı vasitəsilə Aİ-yə bu cür girişin əldə edilməsi ittifaqın bır sıra vəzifəlilərini narahat edir. 2013-cü ildən əvvəl Kipr vətəndaşlığı almış bir biznesmenin Suriya prezidentinə qohum şəxs olduğu bildirilir. İncəsənət kolleksiyaçısı və oliqarx olan başqa bir adam vaxtilə Donald Trampa məxsus “Palm Beach” malikanəsini alıb.

Bir sıra Avropa siyasətçiləri "qızıl viza" adlanan bu sxemin vətəndaşlıq konsepsiyasını pozduğunu deyirlər. Avropa Parlamentinin portuqaliyalı üzvü Ana Qomes "qızıl vizaları" "tamamilə mənəviyyatsız və əxlaqsız" sxem adlandırıb.

Millət vəkili deyib ki, o Aİ-yə üzv ölkələrin onların iqtisadiyyat və mədəniyyətinə töhfə vermiş şəxslərə vətəndaşlıq verməsinin əleyhinə deyil, amma bu, vətəndaşlığın satılması yox, məhz verilməsi olmalıdır. Xanım Qomez deyib ki, o öz vətəni Portuqaliyada "qızıl viza" almış şəxslərin kimliyini öyrənməyə çalışsa da, buna nail ola bilməyib: "Niyə bu məsələnin üzərində məxfilik var? Bu məxfilik çox şübhəli deyilmi?" – deyə millət vəkili sual edib.

Bu ilin sonlarına doğru xanım Qomezin təşəbbüsü ilə Avropa Parlamenti "qızıl viza" sahiblərinin kimliyinin açıqlanmasını tələb edən qanunu müzakirə edəcək. Avropa Şurası artıq belə bir yoxlamanın aparılmasına öz xətti ilə sərəncam verib.

2013-cü ildən qüvvədə olan qaydalara görə, Kipr vətəndaşı olmaq üçün bu ölkədə 2 milyon avro dəyərində daşınmaz əmlaka və yaxud 2, 5 milyon avro məbləğində şirkət səhmlərinə və hökumət bondlarına sahib olmaq lazımdır. Vətəndaşlıq verilərkən heç bir dil və ya yaşayış məhdudiyyəti qoyulmur.

ABŞ Suriya prezidentinin əmisi oğlu Rami Məxlufa qarşı 2008-ci ildə korrupsiya ittihamı ilə sanksiya qoymuşdu, lakin o artıq 2010-cu ildə Kipr vətəndaşlığı ala bilmişdi. "The Guardian" yazır ki, Məxluf 2011-ci ildə Suriyada münaqişə başlanandan sonra Aİ sanksiyalarına məruz qalıb və onun Kipr vətəndaşlığı ləğv olunub. Başqa tanınmış "Kipr vətəndaşları" Rusiyanın biznes adamları və siyasətçiləridir.

"The Guardian" yazır ki, Rusiya milyarderi və incəsənət kolleksiyaçısı Dmitri Rıbolovlevin adı, ABŞ seçki kampaniyası zamanı Donald Trampla görüşdüyü məlum olandan sonra beynəlxalq xəbər başlıqlarına çıxmışdı. Rıbolovlev Trampla görüşdüyünü inkar edir. Məqalədə deyilir ki, Tramp 2005-ci ildə Floridanın “Palm Beach” ərazisində “515 N County Road” ünvanlı malikanəni 41 milyon dollara almışdı. Malikanədə təmir və yenidənqurma işləri aparıldıqdan sonra bu mülk 2008-ci ildə həmin bu Rıbolovlevə satılıb.

2012-ci ildə Kipr vətəndaşlığı almış və Forbes nəşrinə görə sərvəti 7, 4 milyard dollar civarında təxmin edilən Rıbolovlevin sözçüsü "The Guardian" qəzetinə deyib ki, Kipr Bankında sərmayəçi olduqdan sonra bu ölkənin vətəndaşına çevrilməkdə heç bir "qeyri-təbiilik" yoxdur. Sözçü deyib ki, Rıbolovlev Trampla heç vaxt görüşməyib, haqqında danışılan malikanə isə artıq üç hissəyə bölünüb və bir hissəsi satılıb.

“Global Witness” antikorrupsiya kampaniyası bu faktlar aşkar edildikdən sonra ayrı-ayrı ölkələrin "qızıl viza" verməsi prosesinin təftiş edilməsinə çağırıb. Qrupun bəyanatında deyilir ki, indiki halında qızıl vizalar "korrupsiyaçı kriminalları həbsxanadan xilas edən" vasitədən başqa bir şey deyil.

Bu arada Kiprin Maliyyə Nazirliyi bildirib ki, "qızıl viza" sxemindən məqsəd ölkəyə "qanuni investorların" cəlb edilməsidir. Nikosiya bunu da əlavə edib ki, Məxluf vətəndaşlığını "qızıl viza" sxemi ilə almamışdı və onun vətəndaşlıqdan məhrum edilməsi Kiprin öz səhvlərini düzəldə bildiyini göstərir.