XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

22 Sentyabr 2017 - 19:06

Şərqşünas Aida Qəmbər:“Kürdlərin keçirəcəyi referendum yeni situasiya yaradacaq”

“Sentyabrın 25-də İraqın şimalında kürdlərin referendum keçirməsindən sonra Türkiyə üçün çətin və mürəkkəb yeni bir dönəm başlayacaq”.

Bu fikri Gununsesi.info-ya açıqlamasında Yaxın Şərq üzrə mütəxəssis Aida Qəmbər sentyabrın 25-dən sonra bölgədə yaranacaq vəziyəti şərh edərkən deyib.

Onun sözlərinə görə, referendumdan sonra bölgədə ümumiyyətlə yeni durum yaranacaq. “Referendumun keçirilməsi kürdlərin bölgədə Kürdüstan dövləti yaradılması istiqamətində növbəti bir addımıdır. Uzun illərdir bölgədəki ölkələrin ərazisindən kompakt şəraitdə yaşayan kürdlər bu istiqamətdə müxatəlif vasitələrlə mübarizələrini aparırlar. Düzdür, bəzi dövrlərdə kürdlərin dövlət yaratmaq, öz müqəddəratını təyinetmə istiqamətində apardığı hərəkatların dirçəliş və eniş məqamları olub. Yəni situasiyadan asılı olaraq hərəkat dirçəliş, elə zaman da sakit dövrünü yaşayıb. Amma bu mübarizə hər zaman olub. Bütün bunlara baxmayaraq, uzun müddətdir İraqın şimalındakı Kürd Yerliözünüidarəetmə mərkəzi mövcuddur və uzun zamandır bir dövlət kimi fəaliyyət göstərir. Bu qurumun özünün rəhbəri, hökuməti, parlamenti və bir müstəqil dövlətə məxsus bütün atributları mövcuddur. Ona görə də kürdlərin keçirəcəyi referendumun nəticələri bölgədə yeni situasiya yaradacaq”– deyə, A.Qəmbər vurğulayıb.

O əlavə edib ki, referendumdan sonra bölgədə öz sözlərini deyəcək və bu da yeni situasiyanın yaranmasına səbəb olacaq: “Bu da ondan ibarət olacaq ki, referendumun nəticəsi olaraq Kürdüstan dövlətinin yaranması uğrunda mübariz aparanlar yaradacaqları ölkənin gələcəyi və xalqı necə yönəldəcəyi, region ölkələrinin məsələyə yanaşması və üçüncüsü də böyük dövlətlərin tutduğu mövqe yeni situasiyanı şərtləndirən əmillərdən ibarət olacaq. Odur ki, bundan sonra əsas problem bu üç xətt arasındakı məsələlərin aydınlaşdırılması və maraqlı tərəflərin mübarizəsi davam edəcək”.

Referendumun bölgədə yeni müharibə və münaqişə ocaqlarına yol açacağı ilə bağlı məsələyə gəldikdə A.Qəmbər bildirib ki, genişmiqyaslı hərbi əməliyyatlar gözlənilmir. “Çünki məsələ artıq yeni müstəviyə qədəm qoyub. Burada əsas mübarizə diplomatik müstəvidə davam edəcək. Diplomatik müstəvidə isə gərgin anlar yaşanacaq və bu qaçılmazdır. Ona görə ki, bölgədə yeni bir dövlətin yaranması Yaxın Şərqdə yeni vəziyyət yaratdığından bu yeni situasiya heç də bölgə dövlətlərinin marağına uyğun olmadığından gərgin anlar yaşanması da təbiidir”- deyə, o bildirib.

Türkiyəni hansı hadisələr gözləyir məsələsinə gəldikdə isə A.Qəmbər deyib ki, ümumiyyətlə bölgədə hansı ölkədə kompakt şəkildə kürd yaşayırsa, orada problemlər yaşanacaq: “Konkret olaraq Türkiyəyə gəldikdə isə onu demək olar ki, bu ölkənin cənub sərhəddində kürdlərin kompakt yaşadığı ərazilər onsuz da qeyri-sabit bir bölgədir. Bundan sonra bu ərazilərdə hər hansı formada hərəkatlar canlana bilər. O baxımdan Türkiyə dövlətçiliyi üçün böyük təhlükə mövcuddur. Yəni parçalanma üçün zəmin var. Ona görə də bundan sonra Türkiyə üçün çox çətin və mürəkkəb bir dövr başlayacaq”.