İraq Kürdüstanı Regional Administrasiyasında (İKRA) 2015-ci ildə ortaya çıxan siyasi böhrandan sonra paytaxt Ərbilə girişi qadağan edilən “Qoran (Dəyişiklik) Hərəkatı”ndan olan Məclis sədri Yusif Məhəmməd müstəqillik referendumunun təxirə salınmasına çağırış edib.
Strateq.az CNN-Turk- ə istinadla xəbər verir ki, İKRA Məclisinin Süleymaniyyədəki nümayəndəliyində “BBC Türkçe”nin suallarını cavablandıran Məhəmməd “legitim hesab etmədiyi” bu referendumun böyük problemlərə səbəb olduğunu bildirib və kürd tərəfinin beynəlxalq birliyin nəzarətində “Bağdadla dialoqa girməsinin lazım olduğunu” vurğulayıb.
CNN-Turk xatırladıb ki, İKRA başçısı Məsud Bərzaninin səlahiyyət müddəti 2013-cü ildə bitdiyi zaman daha iki il uzadılmışdı. Bərzaninin Kürdüstan Demokrat Partiyasının (KDP) 2015-ci ildə bu müddətin siyasi və iqtisadi şərtlər səbəbilə daha iki il uzadılması tələbinə isə Məclisdəki müxalifət etiraz etmiş və bununla bağlı fərqli təkliflər irəli sürmüşdü. Bu dövrdə dərinləşən iqtisadi böhran çərçivəsində maaşların verilməməsinə etiraz olaraq Süleymaniyyədə və ətraf yaşayış məntəqələrində keçirilən kütləvi etiraz tədbirlərində KDP büroları yandırılmış və ölüm halları baş vermişdi. KDP baş verənlərlə əlaqədar olaraq “Qoran”ı suçlamış, həmçinin Kürdüstan Vətənpərvərlər Birliyini (KVB) də tənqid etmişdi. Bu zaman Məhəmmədin Ərbilə girişinə imkan verilməmiş, Məclis isə bağlanmışdır.
Məclis sədri Məhəmmədə görə, bu böhranın səbəbi “KDP-nin kreslosunu buraxma niyyətinin olmaması"dır. Məhəmməd, iqtidarın hazırkı referendum qərarı ilə İKRA-dakı hakimiyyət böhranı arasında əlaqə olduğunu önə sürüb: “2012-2013-cü illərdə referendum məsələsi çox qızışmışdı. 2015-ci ilə qədər soyudu. 2015-ci ildən sonra yenə bu məsələ qızışdı. İndi bu il də prezident seçkilərinin keçirilməsi lazım olduğu halda, yenə referendum məsələsi qızışıb. Nə zaman prezidentlik böhranı çıxmağa başlayır, referendum məsələsi qızışdırılır. Bu dəfə isə o qədər qızışdırılıb ki, bəlkə də bütün regionu yandıracaq”.