XƏBƏR LENTİ

01 İyun 2020
31 May 2020

Digər Xəbərlər

24 Sentyabr 2017 - 10:30

“Kürdüstan” xəyalına son? –Şimali İraqda müstəqillik referendumu təxirə salına bilər

Bu gün günorta saatlarında Şimali İraqın mərkəzi şəhəri (paytaxt) Ərbildə çox mühüm mətbuat konfransı keçiriləcək. Brifinqdə sabah keçirilməsi nəzərdə tutulan referendumla bağlı son qərar açıqlanacaq.

Strateq.az xəbər verir ki, məlumatı Şimali İraq Kürd Muxtariyyatlığının Prezident Adminsitrasiyası yayıb.

Müşahidəçilər brifinqdə referendumun təxirə salındığının açıqlanacağını güman edirlər. Nədən ki, başda ABŞ olmaqla, bir çox dünya dövlətləri Bərzaninin referendum qərarını İŞİD-ə qarşı mübarizədə diqqəti başqa istiqamətə yayındıran təxribat kimi qiymətləndirir və buna qarşı çıxırdılar. Region dövlətləri də referendumun təxirə salınmasını tələb edir və hətta bunun müharibəyə səbəbi olacağı mesajını verirdilər.

Təsadüfi deyil ki, dünən İraqın Baş qərargah rəisi Türkiyəyə gəlmiş, öz həmkarıyla görüşmüşdü. Ardından Türkiyə parlamenti bir neçə il əvvəl çıxartdığı Suriya və İraqa müharibə elan etmək qərarını 1 il daha uzatmış, cənub sərhədlərindəki ordu birliklərini gücləndirmişdi. Daha sonra isə İraq Konstitusiya Məhkəməsi keçiriləcək referendumun Ana qanuna zidd olduğu barədə açıqlama vermişdi. Bu isə referendumun keçiriləcəyi təqdirdə İraq ordusunun də bölgəyə müdaxilə edəcəyinə işarə kimi qiymətləndirilirdi. İran və Suriyanın da başlanacağı güman olunan hərbi əməliyyatlarda rəsmi Bağdadın yanında dayanacağı bəlli idi.

Vəziyyətin bu qədər kritik hal aldığı bir zamanda Şimali İraq hakimiyyətinin təmsilçiləri Bağdada getmiş, ölkə rəsmiləriylə danışıqlara başlamışdı. Görünən budur ki, sonunda Bərzani də daşın qayaya rast gəldiyini anladığından geri çəkilmək məcburiyyətində qalıb. Halbuki, bir gün əvvəl Bərzani bu yolda ölümə belə hazır olduğunu deyərək, referendumdan vaz keçilməyəcəyini bəyan edirdi. Fəqət referendumun məsuliyyətini də öz boynundan atır, bunun kürd xalqının arzusu olduğunu bildirirdi.

Deyəsən, Bərzaninin açıqlamaları dünya dövlətləri tərəfindən real qəbul olunmayıb. Bunun isə ciddi əsasları var. Zira referendumu kürd xalqının yekdilliklə tələb etmədiyi ortada idi. Bölgənin ana müxalifət partiyası sayılan Goran hərəkatı dünya ictimaiyyətinin iradəsinə qarşı getməyi ağılsızlıq kimi qiymətləndirir və qərara Bərzaninin öz reytinqini yüksəltmək əməliyyatı kimi baxırdı. Eynilə Şimali İraqın ikinci böyük əşirətinin lideri Təlabani də referenduma şübhə ilə yanaşırdı.

Belə aydın olur ki, Bərzani müxalifləri çox da haqsız deyillərmiş. Referendum qərarı keçirilmək üçün yox, Bərzanini ən böyük vətənsevər kimi göstərib təxirə salınmaq üçün verilmişdi.

Heydər Oğuz