XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

26 Dekabr 2015 - 07:12

Politoloq Şahin Cəfərli: “Moskva göstərir ki, kürd məsələsindən Türkiyəyə qarşı istifadə edə bilər”
demirtas-1.jpg
 
PKK-nın siyasi qanadlarından sayılan HDP-nin lideri Səlahəddin Dəmirdaşın Moskva səfəri bir çox gizli məsələləri ortaya çıxarıb. Onun Moskva səfəri, keçirdiyi görüşlər, verdiyi açıqlamalar ölkəmizdə də ciddi narahatlıq və qəzəb doğurub.
 

mirmahmud-1.jpg

Daim Türkiyəyə açıq dəstək verən ölkəmizin siyasi qurumlarından biri kimi KXCP sədri Mirmahmud Mirəlioğlu Dəmirdaşın mövqeyindən təəccüblənmədiyini dedi: “PKK-nın yaradılmasında Rusiyanın birbaşa iştirakını nəzərə alsaq, bu, tam təbii məsələdir. Dəmirdaşın əlinə fürsət düşüb ki, böyüklərini ziyarət etsin, onların əlini sıxsın, yaxud öpsün. Bu, tarixi siyasətin davam etdirilməsinin göstəricisidir. Rusiyanın əlinə şans düşüb ki, kürdlərin arxasında olduqlarını göstərsin. Tarixən bu, belə olub. Rusiya PKK-nın yaradılmasında birbaşa iştirak edib. Hətta Azərbaycan əsilli şəxslər də bu məsələlərdə yardımçı olublar. 40 ilə yaxındır ki, mücadilə gedir. Nə qədər ki, bunların baş cəlladı İmralıdadır, proseslər davam edəcək. Türkiyənin hazırkı hakimiyyətinin yürütdüyü siyasətin məntiqi nəticəsidir ki, bunlar parlamentə düşə bilirlər. Rusiya daim bu məsələlərin arxasında dayanıb. Bu, indinin problemi deyil. Rusiya Türkiyə daxilindəki satqınlardan istifadə edir. Bu dövlət dünya siyasətində daim ədalətsizliyin yanında olub. Bu Suriya, Ermənistan-Azərbaycan və digər məsələlərdə davam edir. Biz daim Türkiyəni dəstəkləmişik”.
 
sahin-1.jpg
 
Politoloq Şahin Cəfərli öncə HDP liderinin Moskva ilk dəfə səfər etmədiyinə diqqət çəkdi: “Dəmirdaş ötən il Rusiya ilə Türkiyə arasında münasibətlərinin yüksək səviyyədə olduğu dövrdə də Moskvaya səfər etmişdi. Rusiyanın Xarici İşlər nazirinin müavini Mixail Boqdanovla, digər rəsmi şəxslərlə və Rusiyadakı kürd icmasının nümayəndələri ilə görüşlər keçirmişdi. Lakin budəfəki səfər hər halda istər dəyişən geosiyasi durum, istərsə də, Rusiya-Türkiyə münasibətlərində yaranan ciddi problemlər səbəbindən əvvəlkindən daha çox diqqətəlayiqdir. üstəlik, Dəmirdaş Xarici İşlər naziri Sergey Lavrov səviyyəsində qəbul olunub. Bu faktla Moskva Ankaraya nümayiş etdirir ki, Türkiyə daxilində, ümumən bölgədə mövcud olan kürd problemi ilə maraqlanır və bu məsələdən Türkiyəyə qarşı istifadə edə bilər. Paralel olaraq, Rusiya Suriyadakı kürd qruplaşması Demokratik Birlik Partiyası (PYD) ilə yaxın əməkdaşlıq qurub, hətta Moskvanın bu qruplaşmanın silahlı qanadı Xalq Qoruma Birliklərinə (YPG) hərbi yardım göstərdiyi barədə məlumatlar gəlir. Hazırda Suriyanın şimalında, Türkiyə ilə sərhəd xəttinin böyük hissəsinə məhz PYD nəzarət edir. PYD-nin nəzarətindəki Afrin və Kobani kantonları arasında qalan Cerablusdakı 90 kilometrlik zolaq isə İŞİD-in nəzarətindədir. PYD həmin zolağı da ələ keçirərək, Afrin və Kobanini birləşdirmək niyyətindədir və məsələdə Rusiyanın dəstəyinə ümid edir. Əgər həmin 90 km-lik zolaq da kürdlərin əlinə keçərsə, Türkiyənin Suriya ilə əlaqəsi kəsiləcək və Ankaranın orada cərəyan edən hadisələrə təsir imkanları minimuma enəcək. Bu səbəblə Türkiyə PYD-nin Fərat çayının qərbində yerləşən həmin bölgəni ələ keçirmək cəhdini savaş səbəbi (“casus belli”) sayacağını rəsmən elan edib. PYD-nin Rusiya aviasiyasının köməyi ilə Cerablusa hücumunun Türkiyə və Rusiya arasındakı gərginliyi daha artıracağı şübhəsizdir”.
 
Politoloq HDP-nin minimum məqsədinin Türkiyə daxilində muxtariyyat qazanmaq olduğunu söylədi: “Bu məqsədin reallaşdırılması üçün Türkiyə dövlətinə daxildən terror və siyasi üsullarla təzyiq göstərməklə yanaşı, həm də beynəlxalq dəstək qazanmaq zəruridir. HDP liderlərinin ABŞ-a, Avropa İttifaqının mərkəzi Brüsselə və Rusiyaya intensiv səfərlərinin əsas məqsədi budur. BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin siyasi dəstəyini əldə etmək kürd separatizmini öz məqsədlərinə yaxınlaşdıra bilər. Bu səbəblə analoji səfərlərin və təmasların davam edəcəyini söyləyə bilərik”.
 
Ş.Cəfərli təhlükəni önləmək üçün qardaş ölkənin lazımı addımlar atacağını düşünür: “Türkiyə həm içəridə, həm də beynəlxalq müstəvidə özünü qorumaq üçün zəruri addımları atır və atacaq. Hazırda ölkənin bəzi şərq və cənub-şərq vilayətlərində son illərin ən böyük hərbi əməliyyatı keçirilir. PKK son aylarda həm muxtariyyət planını reallaşdırmaq, həm də bəzi xarici oyunçuların sifarişi ilə Türkiyənin diqqətini bölgədəki məsələlərdən yayındırmaq məqsədilə İraq-Suriya sərhədindəki bir sıra rayon mərkəzlərini faktiki olaraq nəzarətə götürüb. Türkiyənin cənub-şərqini, belə demək mümkündürsə, “suriyalaşdırmaq” və beynəlxalq birliyin diqqətini bu məsələyə cəlb edərək, Türkiyədəki kürd məsələsini beynəlxalq gündəmə daşımaq niyyəti güdülür. Dövlət bu təhlükəli planları boşa çıxarmaq üçün ağır hərbi texnika və xüsusi təyinatlıları cəlb edərək həmin rayon mərkəzlərində sərt təmizləmə əməliyyatına başlayıb. Siyasi addımlara gəldikdə isə Türkiyənin İraqın şimalındakı kürd idarəçiliyinin başçısı Məsud Bərzani ilə yaxın əlaqələr qurmasını gələcəyə hesablanmış ağıllı addım kimi qiymətləndirmək olar. Onsuz da bölgədə kürd dövlətinin qurulmasını bu mərhələdən sonra əngəlləmək mümkün deyil. Bu baxımdan, daha əvvəl bu məsələni özünün “qırmızı cizgisi” elan etmiş Türkiyənin reallığı qəbul edərək gələcəkdə qurulacaq kürd dövlətinin nüvəsini təşkil edəcək Şimali İraqdakı de-fakto dövlətlə sıx münasibətlər yaratması rasional addımdır. Bu yolla Türkiyə həm bölgədəki bütün kürd qruplarının birləşməsini və Türkiyə əleyhinə hərəkət etməsini, həm də gələcəkdə yaranacaq kürd dövlətinin anti-Türkiyə mahiyyəti daşımasını qabaqcadan əngəlləmiş olur”.
 
“Yeni Müsavat”