“Bu gün artıq referendumu boykot etmək gecdir. Çünki referendum barədə qərar bir neçə il əvvəl verilib. Narazı qalan dövlətlər imkanları var idisə, zamanında referendumu ertələyə bilərdilər. İndiki mövqelər yalnız diplomatik addımdır”.
Bu sözləri şərqşünas-alim Aida Qəmbər İraqda keçirilən bu günkü referendumunu Meydan TV-yə şərh edərkən bildirib.
Ekspertin sözlərinə görə, referendumdan sonrakı vəziyyətə gəlincə, bir çox xalq var ki, müstəqilliklərini elan etsələr də, dünya dövlətləri müxtəlif səbəblərdən onları qəbul etməyə hələ hazır deyillər: “Ola bilsin ki, Kürdüstan referendumu da bu məcrada olacaq. Ancaq İran, Türkiyə və Suriya müəyyən çətinliklərlə üzləşəcək və bu proses tədricən daha şiddətli xarakter alacaq”.
A.Qəmbər deyib ki, hədəfin Türkiyə olması barədə fikirləri bölüşmür: “Kürd dövləti əsasən indiki İraq ərazisində yaranacaq. Türkiyənin və digər dövlətlərin təhdid olunması sonrakı mərhələnin işidir. Amma Türkiyə və İran bu problemlə bağlı çətinliklər yaşayacaq. Hər iki ölkənin ərazi bütövlüyünün təhdid olunması təhlükəsi var”.
Ekspertin fikrincə, Kərkükün statusu Türkiyə üçün həm təhlükəsizlik, həm də dövlət siyasətinin hədəfidir. Ona görə Kərkükün statusu bu və ya digər şəkildə ya həll olunmalıdır, ya da daim masa üzərində olmalıdır. A.Qəmbərin sözlərinə görə, Azərbaycan bu prosesdə aparıcı dövlət olmasa da, müstəqil dövlət kimi münasibəti olmalıdır.