XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

01 Oktyabr 2017 - 16:57

Deputat:"Yaqlandın siyasəti bu qurumla Azərbaycanın münasibətlərinin pozulmasına səbəb ola bilər"

Avropa Şurasının (AŞ) baş katibi Torbyorn Yaqlandın siyasəti bu qurumla Azərbaycanın münasibətlərinin pozulmasına səbəb ola bilər. Bunu Trend-ə açıqlamasında millət vəkili Elman Nəsirov deyib.

E.Nəsirov qeyd edib: "Biz dəfələrlə Torbyorn Yaqlandın Azərbaycan əleyhinə fəaliyyətinin şahidi olmuşuq və xüsusilə son zamanlar onun bu antiazərbaycan fəaliyyəti daha da genişlənib. Sentyabrın 13-də AŞ-yə daxil olan ölkələrin səfirləri ilə görüşündə də biz bunun şahidi olduq və o, hətta Azərbaycanın Avropa Şurasından çıxarılması ilə bağlı məsələnin gündəmə gətiriləcəyinə işarə etdi. Təbii ki, onun Azərbaycan əleyhinə çıxışları cəmiyyətimizdə, ziyalılarımız arasında çox mənfi qaşılanıb və ictimaiyyətimiz haqlı olaraq Avropa Şurası kimi böyük bir təşkilata rəhbərlik edən şəxsin Azərbaycan dövləti əleyhinə, dövlətçiliyimizin əleyhinə bu cür bəyanatlarını qəbul etmir, pisləyir və qınayır. Biz güman edirdik ki, Avropa Şurasının baş katibi Azərbaycan ictimaiyyətinin bu haqlı iradlarından nəticə çıxaracaq və Azərbaycan xalqının hiddətinə səbəb olmuş yalanla, iftira ilə dolu çıxışlarına, yanaşmalarına son qoyacaq. Amma biz bunun əksinin şahidi olduq".

Deputatın sözlərinə görə, təəssüf ki, T.Yaqland özü də "Feysbuk" səhifəsində Azərbaycanda demokratiya ilə bağlı təhrif olunmuş fikirlər paylaşıb, əsassız ittihamlar səsləndirib:

"Çox maraqlıdır ki, Yaqland, Azərbaycanı guya Avropa İnsan Haqları Məhkəməsinin qərarlarını icra etməməkdə təqsirləndirən bir adam Böyük Britaniya, İtaliya, Fransa və digər dövlətlərlə bağlı Avropa Məhkəməsinin qəbul etdiyi 10 mindən artıq qərarın yerinə yetirilməməsi barədə bir kəlmə belə söyləmir. Yaqland yalnız və yalnız Azərbaycan haqqında danışır və yalanla, iftira ilə dolu, ziddiyyətli fikirlər səsləndirir. Azərbaycan cəmiyyətinin, ictimaiyyətinin yekdil olaraq Yaqlandın bu antiazərbaycan mövqeyinə qarşı çox sərt mövqe ortaya qoyması və onun bu mövqeyini tənqid etməsinə baxmayaraq, Avropa Şurasının baş katibi nəticə çıxartmayıb, öz ifadələrinə, bəyanatlarına diqqət yetirmək əvəzinə, elə bəyanatlar, elə fikirlər səsləndirməyə başlayıb ki, sözün həqiqi mənasında, bu, Avropa Şurası ilə Azərbaycan münasibətlərinə çox böyük kölgə salır. Və faktiki olaraq Yaqland elə siyasət həyata keçirir ki, bu, Avropa Şurası ilə Azərbaycanın münasibətlərinin kəsilməsinə gətirib çıxara bilər. Səbəb isə Yaqlandın, bu təşkilatın baş katibinin Azərbaycan əleyhinə fikirləri, Azərbaycan xalqı, Azərbaycan ictimaiyyəti ilə həqiqətə uyğun olmayan yanaşmaları ola bilər. Hesab edirəm ki, bu məsuliyyəti gərək Yaqland heç zaman unutmasın".