XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

02 Oktyabr 2017 - 23:42

Heydər Əliyevin sabiq köməkçisi:“İran hədəfdədir, Azərbaycan üçün çox ciddi təhlükələr yarana bilər”

 

“Əgər Suriyada İŞİD-lə bağlı proseslər başa çatandan sonra hədəf İran olsa, bura artıq bizim sərhədlərimizdir, qonşu ölkədir. Bu, o deməkdir ki, artıq geopolitik savaşın mərkəzi Suriyadan İrana tərəf gələcək və Azərbaycan üçün çox ciddi, geopolitik təhlükələr yarana bilər. Belə vəziyyətdə Azərbaycan öz imkanlarından istifadə etməyi bacarmalıdır. Eyni zamanda bizim xarici siyasətimiz beynəlxalq səviyyədə səylərini artırmaqla ölkəmizə olan təhlükələri dəf etmək üçün çox ciddi işləməlidir”.

Strateq.az bildirir ki, bu sözləri musavat.com-a müsahibəsində Prezidentin sabiq köməkçisi, politoloq Eldar Namazov İraq Kürdüstanındakı seçkiləri və Yaxışn Şərqdəki vəziyyəti şərh edərkən bildirib.

Politoloqun sözlərinə görə, müxtəlif dövrlərdə Azərbaycanla bağlı da iddialar açıqlanıb. Hətta “Qırmızı Kürdüstan” məsələsindən tutmuş, müxtəlif xəritələrdə Azərbaycanın müxtəlif bölgələrini də “Böyük Kürdüstan”a aid etmək cəhdləri olub: "Demək olar, Yaxın Şərqdə və bizim bölgədə elə bir ölkə yoxdur ki, onun ərazisinin bir qismini həmin projeyə aid etməsinlər. Bu məsələlərdə, təbii ki, çox diqqətli olmaq lazımdır. Bu 4 ölkəni əhatə edən Kürdüstan projesi indi yalnız İraqda reallaşmağa başlayıb. Digər ölkələrdə vəziyyət tamamilə fərqlidir. İraqda isə bu proses artıq real müstəviyə keçib, praktiki addımlar atılır. Suriyada da ölkə parçalanıb, mərkəzi hökumət proseslərə təsir edə bilmir. Burada da kürd qüvvələri ABŞ-ın müttəfiq kimi çıxış edir, onun təsiri altındadır. İŞİD-ə qarşı mübarizə başa çatandan sonra onların mövqeyi necə olacaq, ABŞ necə bunu tənzimləyəcək, orada söhbət muxtariyyətdən, yoxsa müstəqil dövlət ideyasından gedəcək, bu, hələ bəlli deyil”.

E. Namazov qeyd edib ki,  Suriya ilə bağlı proses hələ başlanğıcdadır: “Türkiyə və İran suveren dövlətlərdir, öz ərazi bütövlüyünü qoruyub-saxlayırlar. Ancaq sabah çox böyük hədəfdə İran olacaq. Ona görə ki, İranın ABŞ, İsrail və Səudiyyə Ərəbistanı ilə bağlı çox ciddi problemləri var. Tramp administrasiyası hətta İranla bağlanan nüvə sazişini də ləğv etməklə bağlı çağırışlar edir. Açıq görünür ki, İran növbəti hədəfdədir”.

Onun sözlərinə görə, Türkiyəyə də qarşı təzyiqlər ola bilər. Düzdür, Türkiyənin NATO üzvü olması və ABŞ-la uzun illər boyu sıx əlaqələrinin olması, İsraillə əvvəllər çox ciddi, strateji müttəfiqlik münasibətlərinin mövcudluğu faktı var: “Amma son illər həm ABŞ, həm də İsraillə soyuqluq yaranıb. Ona görə də Türkiyə də bu proseslərdə hədəfə gələ bilər. Odur ki, biz ən azı, yaxın 10 ildə davam edəcək çox böyük geopolitik gərgin proseslərin başlanğıcındayıq. Biz hələ bunun ilkin mərhələsini sizinlə müzakirə edirik. Bunun böyük və təhlükəli hissəsi hələ qabaqdadır”.