XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 Oktyabr 2017 - 10:13

Sərdar Cəlaloğlu:“Nobel mükafatı üçün sənədlərimi göndərməyə pulu çətinliklə tapıram”

serdar-1.jpg

Bu il də Nobel mükafatları artıq öz sahiblərinə verilib. Fiziologiya və tibb sahələri üzrə Nobel mükafatının sahibləri amerikalı alimlər Ceffri Holl, Maykl Rozbaş və Maykl Yanq elan ediliblər. Kimya üzrə Nobel mükafatını isveçrəli Jak Debuş, amerikalı Yoahim Frank və Böyük Britaniya təmsilçisi Riçard Henderson alıb.

Nobel mükafatının məbləği 1 milyon ABŞ dollarıdır. Fizika üzrə Nobel mükafatı amerikalı Kip Torn, Rayner Vayss və Harri Berrişə verilib.

Xatırladaq ki, ötən il ADP sədri Sərdar Cəlaloğlu da Nobel mükafatı üçün öz namizədliyini irəli sürmüşdü və iki turdan keçmişdi. Onun “Kosmik hadisələr haqqında nəzəriyyə”si 2 dəfə dünyanın yüzlərlə tanınmış alimlərinin elmi ekspertizasından keçərək gizli səsverməyə çıxarıldı. Ancaq Fizika nominasiyası üzrə mükafata S. Cəlaloğlu yox, ABŞ alimləri David Saules (David J. Thouless), Danken Haldeyn (F.Duncan M. Haldane) və Maykl Kosterilts (J.Michael Kosterlitz) layiq görüldü.

Bəs, Sərdar bəy bu ildə Nobel mükafatı üçün sənədlərini göndəribmi? “Yeni Müsavat”a açıqlamasında o, bu il də sənədlərini göndərdiyini dedi: “Nəzəriyyəmin bu il hansı mərhələyə qədər getməsindən xəbərim yoxdur. Həmin nəzəriyyəm fizikada çox böyük elmi kəşflə bağlı idi. Mən maddənin nəzəri olaraq 5-ci halı haqqında fikirlərimi ifadə eləmişdim. Eyni zamanda informasiyasının maddə ifadə olunmasının qanunauyğunluqları ilə bağlı yazmışdım. Çox ciddi bir elmi nəzəriyyədir. Sadəcə olaraq, mən baxıram ki, son vaxtlar Nobel mükafatı eksperimental nəticələrə, yəni nəzəriyyəyə yox, nəzəriyyənin təcrübədə sübutuna görə verilir. Axırıncı Nobel mükafatı alanların tədqiqatları üçün lazım olan avadanlıqlara bir milyard dollar pul qoyublar. Yəni onlar eksperimental almaq üçün iki ayrı-ayrı ölkədən bir milyard qoyub, iki ölkə birləşib həmin şeyi kəşf ediblər. Mənim Nobel mükafatı üçün sənədlərimi göndərməyimə hər il 3-4 min manat lazım olur. Mən bu pulu tapmağa çətinlik çəkirəm. Mənim elə böyük fizika institutum, laboratoriyam yoxdur ki, bu nəzəriyyəmi praktikada sübut edəm. Ola bilsin ki, gələcəkdə dövlət pul ayırıb bu nəzəriyyəni praktikada  sübut edə biləcək və bu da elmdə öz yerini alacaq. Amma açığı deyim ki, işin hansı səviyyəyə qədər getməsi ilə bağlı keçən il Nobel Komitəsi mənə demişdi ki, gizli səsverməyə buraxılmışam. Amma bu il məlumat almamışam. Heç özüm də sözün düzü maraqlanmadım. Ona görə maraqlanmadım ki, mən Nobel mükafatının əsasnaməsindən bilirəm ki, Nobel nəzəri kəşflərə nadir hallarda mükafatlar verirlər. Mükafatı nəzəriyyələrin eksperimental sübutuna verirlər. Məsələn, Eynşteyn 10 dəfə ümumi nisbi nəzəriyyəsini Nobelə göndərib. O, ümumi nisbi nəzəriyyəsinə görə Nobel almayıb, apardığı eksperimental tədqiqatlara görə mükafat alıb. Mənim də nəzəriyyəm mütləq nisbilik nəzəriyyəsidir. Yəni Eynşteyn nisbilik nəzəriyyəsini bir növ inşa elətdirmişəm və onun əsasında yox, ondan fərqli bir nəzəriyyə irəli sürmüşəm. Bu da maddənin 5-ci halının nədən ibarət olması ilə bağlıdır. Mən əminəm ki, nəzəriyyəm bu dəfə də yüksək səviyyəyə qədər gedib, sadəcə olaraq, dəqiq deyə bilmərəm ki, hansı səviyyəyə qədər gedib. Onu gərək Nobel Komitəsindən öyrənək”.

S.Cəlaloğlu 6 nəzəriyyəsinin olduğunu və onların da hər birinin Nobel mükafatına layiq olduğunu dedi: “Bu il kinetik nəzəriyyəsini vermişəm. Kinetik nəzəriyyə – yəni bir fizikadan başqa fizikaya keçid necə baş verir. Bu keçid hərəkətləri ilə bağlı fizikada heç bir məlumat, nəzəriyyə, elmi mülahizə  yoxdur. Biz bunu ayrı-ayrı fizikalar kimi təsəvvür edirik. Halbuki dünya vəhdətdədir və bu vəhdətin də mahiyyəti o keçiddən ibarətdir. Bu, dünyanın əmələ gəlməsi məsələsidir. Üç fiziki hərəkət haqqında nəzəriyyə, onların fiziki düsturlarını və s. hazırlamışdım. Hər dəfə mən nəzəriyyəmi Nobelə göndərmək üçün 3-4 min pul axtarıram. Bu pulu tapa bilmirəm. Heç kim sponsorluq etmək istəmir, hökumət, iş adamları bu sahəyə pul ayırmır. Biz müxalifət olduğumuza görə yaxın dostlarım belə qorxusundan investisiya qoymur ki, mən nəzəriyyələrimi hər il göndərim. Ona görə də mən həm də iqtisadi cəhətdən göndərmədim. Yoxsa mən ardıcıl olaraq öz nəzəriyyələrimin hamısının Nobelə layiq olduğunu  və Nobelə də göndərilməsinin vacib olduğunu bilirəm. Azərbaycandan Nobelə ardıcıl olaraq işlər daxil olursa, bu həm də ölkəmizin elmin inkişafını və səviyyəsini dünyaya tanıtmaqdır. Amma nə edək ki, maddi imkan yoxdur. Azərbaycan hökuməti elmə investisiya qoymur, ümumiyyətlə, elmlə maraqlanmır. Ona görə də düşünürəm ki, bir az gözləyim. Əgər maddi imkanlar əldə edə bilsəm, gələn il Nobelə nəzəriyyələrimi yenə də göndərəcəm”.

Əlavə edək ki, mükafatın təqdimat mərasimi hər il dekabrın 10-da İsveçin və Norveçin paytaxtlarında keçirilir. Belə ki, fizika, kimya, fiziologiya və təbabət, ədəbiyyat, iqtisadiyyat sahələrində mükafatlar Stokholmda İsveç Kralı tərəfindən, sülhün qorunması istiqamətində mükafat isə Osloda Norveç Kralının və kral ailəsi üzvlərinin iştirakı ilə Norveç Nobel Komitəsinin sədri tərəfindən təqdim edilir.