XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

15 Oktyabr 2017 - 10:49

Sərdar Cəlaloğlu:“Müxalifət bir namizədlə prezident  seçkilərinə qatıla bilər”

“Seçki ilində siyasi partiyaların blok, ittifaq qurması vacibdir. Seçkilərə yaxınlaşdıqca bütün ümumi müxalifəti əhatə eləməsə də müxalifət partiyalarının bir qismini əhatə eləyən ittifaq meydana çıxa bilər”.

Bu sözləri ADP sədri Sərdar Cəlaloğlu prezident seçkiləri ilə bağlı müxalifət düşərgəsinin perspektiv addımlarını şərh edərkən bildirib.  Onun sözlərinə görə, seçki blokunun  konkret namizədlə, yaxud da ittifaq qurulduqdan sonra seçkiyə az qalmış namizədin müəyyən edilməsi variantlarının hər ikisinin üstün tərəfləri var: “Məsələn, biz gördük ki, Fransada əvvəlcə bir namizəd meydana çıxdı, ətrafında bir blok formalaşdırdı və prezident seçkilərində həmin blokla iştirak edib qalib gəldi. Müxalifət öncə bir araya gəlib birlik yaradıb sonra öz içərisindən bir namizəd seçib bu şəkildə seçkiyə qatıla da bilər. Birinci variant o zaman asan və uğurlu ola bilir ki, namizəd ciddi resurslara malik olsun. Ona sadəcə seçki kampaniyasını təşkil eləmək üçün kadrlardan ibarət blok lazım olsun. İkinci halda isə namizəd çox da güclü olmaz, amma partiyalar öz güclərini birləşdirməklə seçkidə onun qələbəsinə çalışır. Bu iki variantdan hansının üzərində dayanılması namizədin kimliyindən asılı olacaq. Ortada kifayət qədər güclü fiqur olacaqsa onun ətrafında öncədən bloka yaranacaq”.

S.Cəlaloğlu seçki ilində iqtidarla müxalifətin dialoqunun perspektivini də şərh edib. ADP sədrinin sözlərinə görə, onlar dialoqdan imtina etmədiklərini  dəfələrlə bəyan ediblər: "Hakimiyyət seçki ilində siyasi partiyalarla dialoqda maraqlı olacaqsa, məsələ reallaşacaq. Yəni dialoq məsələsində əsas söz hakimiyyətdədir". (Yeni Müsavat)