XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

15 Oktyabr 2017 - 14:06

Heydər Əliyevin sabiq köməkçisi:“Qərblə Bakının münasibətlərində ən riskli və təhlükəli bir vəziyyət yaranıb”

Azərbaycanın müstəqillik əldə edəndən sonrakı dövrdə Qərblə münasibətləri indi ən aşağı səviyyədədir. Yəni ən riskli və təhlükəli bir vəziyyət yaranıb.

Strateq.az bildirir ki, bu sözləri musavat.com-a müsahibəsində Prezident Katibliyinin sabiq rəhbəri, politoloq Eldar Namazov ABŞ-Azərbaycan münazsibətlərini şərh edərkən bildirib.

Onun sözlərinə görə, Suriyada, Ukraynada baş verənlərdən sonra Qərbin hədəfində İranın olacağı haqda ABŞ administrasiyası açıq bəyanatlar verir: Yəni beynəlxalq konfliktlər artıq Azərbaycanın sərhədinə yaxınlaşır. Belə bir şəraitdə təbii ki, Azərbaycan həm öz gücünü səfərbər etməlidir, eyni zamanda beynəlxalq aləmdən kifayət qədər güclü dəstək almalıdır ki, torpaqlarımızın azad olunması, həmçinin müstəqilliyimizi qoruyub saxlamağa nail olsun.

Politoloq bildirib ki, münasibətlərin bu şəklə düşməsi bu ayın, bir günün məsələsi deyil. Kifayət qədər uzun proses olub, ildən-ilə münasibətlər korlanıb: “Burada hər iki amil öz rolunu oynadı. Təbii ki, ABŞ-da da, Avropada da müxtəlif səbəblərdən Azərbaycana qərəzli mövqe sərgiləyən qüvvələr var. Elə erməni lobbisinin fəaliyyətini nəzərə alsaq, bu, çox açıq-aydın görünür. Eyni zamanda bizim öz tərəfimizdən də atılan addımlara bir daha baxmalıyıq. O cümlədən həm Avropa Məhkəməsinin qərarı olan adamların azadlığa çıxması, bir sıra digər məsələlərlə bağlı Azərbaycan tərəfdən də müəyyən vəziyyəti normallaşdırmağa doğru addımlar atılmalıdır.

E.Namazov bu təzyiqlərin qarşıdakı prezident seçkisi ilə əlaqəndirməyib: “Bunun ən vacib səbəbi odur ki, biz daim ABŞ-la əlaqələr quranda Ağ Ev və Dövlət Departamentinin xətti ilə Konqresdə olan qrupları neytrallaşdıra bilirdik. İndi ABŞ-da elə bir durum yaranıb ki, artıq icra hakimiyyəti tərəfindən bu dəstəyi Konqresdən ala bilmərik. Nəinki Azərbaycan, heç bir ölkə indi Konqresdə məsələləri həll etmək üçün ABŞ administrasiyasının dəstəyindən istifadə edə bilmir.  Artıq açıq görünür ki, Avropa ilə ABŞ bu məsələlərdə sinxron çıxış edirlər”.

Politoloq ölkənin Avropa Şurasından çıxması barədə səslənən çağırışları tənqid edib: Mən onun tərəfdarı deyiləm. Çünki Azərbaycan elə bir bölgədə yerləşir ki, biz həm torpaqlarımızın azad olunması, həm müstəqilliyimizi qoruyub saxlamaq üçün daim gərək bütün aparıcı beynəlxalq qurumlarla işgüzar əməkdaşlıqda olaq. Ona görə də yaranmış durumdan çıxış edərək bu münasibətləri addım-addım normallaşdırmaq daha düzgün olardı, nəinki qapını çırpıb ordan çıxmaq. Hər halda ümid edək ki, qarşılıqlı səylər nəticəsində bu vəziyyətdən çıxış yolu tapılacaq. Rusiya Avropa Şurasını saymaya bilər, Azərbaycan kimi ölkələrsə gərək həmişə bütün aparıcı beynəlxalq qurumlarla çox işgüzar münasibətlərdə olsun ki, biz həm işğal olunmuş ərazilərimizi azad edə, həm də müstəqilliyimizi qoruya bilək”.