XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

17 Oktyabr 2017 - 16:23

Cenevrə görüşünün mesajları –Moskvanın “rayon əvəzinə təhlükəsizlik”  ideyası dəfn edildi? TƏHLİL   

Azərbaycan və Ermənistan prezidentlərinin dünənki Cenevrə görüşü son aylarda ATƏT-in Minsk Qrupunun üzərinə yağış kimi yağan tənqidlərin fonunda baş tutdu.

Buna qədər həmsədrlər KİV-də rəsmi şəxslər tərəfindən münaqişənin həlli ilə bağlı fəaliyyətsizlikdə ittiham olunurdular. Sentyabr ayında Bakıda olan ATƏT-in Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigen bütün tənqidlərə cavab olaraq  demişdi ki, “Azərbaycan tərəfinin ATƏT-in Minsk qrupunun fəaliyyətindən razı olmamasını başa düşür. Çünki münaqişənin həllində faktiki heç bir irəliləyiş yoxdur”. Bu baxımdan Minsk Qrupunun tələsik bu görüş formatını hazırlayıb razılaşdırması özünü sığorta cəhdinin bir detalı hesab etmək olar. Bütün hallarda görüşü vacib edən məqamlar var idi və hər iki ölkə başçısı “nəbz yoxlanışı” üçün belə görüşün baş tutmasına etriaz etmədilər.

Serj Sərkisyan hazırda ciddi şəkildə gələn il keçiriləcək parlament seçkilərinə hazırlaşır. Çoxkombinasiyalı oyuna start vermiş Sərkisyan Moskva və Qərbin diqqətli nəzərləri altında reveranslar edərək daha çox özünün siyasi hakimiyyəti üçün təminat almağa can atır. Məlumdur ki, o, Konstitusiya dəyişikliklərindən sonra ölkəni parlament idarəçiliyinə keçirərək prezident postunu tərk edəcək. Odur ki, indi və gələn il Qarabağda hər hansı gərginlik heç bir halda Sərkisyana maraqlı deyil. Çünki ölkəsində başlanacaq belə kövrək keçid prosesi zamanı Qarabağda istənilən hərbi toqquşma, yaxud böhran onun siyasi hakimiyyəti üçün ciddi vakkum yarada bilər. Sərkisyanı Cenevrəyə gətirən səbəblər bu baxımdan aydındır.  

Amma istənilən halda görüş baş tutubsa onun müəyyən yeni elementləri elan edilməlidir. Belə elementlər barədə isə bir neçə aydır ki, müxtəlif versiyalar səsləndirilirdi.  Bir ay əvvəl XİN rəhbəri Nalbəndyan danışıqlarda Azərbaycanın işğal altında olan rayonlarının Dağlıq Qarabağın təhlükəsizliyi müqabilində qaytarılmasının mümkünlüyü ilə  bağlı dedikləri sensasiya doğurmuşdu.  Bu isə 2016-cı ildən Rusiya XİN rəhbərinin adı ilə çağrılan “Lavrov prinsipləri”nin əsas təklifində yer alır. Lakin Cenevrə danışıqlarından sonra çox xəsisliklə yayılan məlumatların təhlili zamanı aydın olur ki,  Bakı və Yerevan bu prinsipləri bir kənara tullayaraq daha çox “Madrid prinsipləri” üzərində dayanıblar.

Burada isə nə tələb olunur? İlk olaraq cəbhədə hərbi toqquşmalara yol verməmək.  Sərkisyanın dünənki görüşdən sonra verdiyi açıqlamada bunun bəzi məqamlarını görmək olar. Sərkisyan “biz qərara aldıq gərginliyin azaldılması üçün tədbirlər görək ki, ön cəbhədə qurbanlar olmasın” cümləsi bu baxımdan Qərbin danışıqlarda əsas tələbini nümayiş etdirir.  ABŞ ötən ay verdiyi açıqlamada bəyan etmişdi ki, Vaşinqton Minsk Qrupunun həmsədrləri tərəfindən təkan verilən mövqeyi dəstəkləyir: “Bu mövqeyə əsasən ədalətli həll yolu Helsinki Son Aktının və gücün və ya güc təhdidlərin istifadə olunmaması, ərazi bütövlüyü və bərabər şəkildə öz müqəddəratını müəyyənləşdirmə prinsiplərini daxil edən beynəlxalq qanun əsasında qərarlaşmalıdır”.

Deməli, ABŞ  “solo oxumaq” istəyən digər həmsədr dövlətlərin bu cəhdinə qarşıdır,  cəbhədə sabitlik və danışlqların dinc yolla davam etdirilməsi prioritet sayılır.

Bundan başqa Cenevrə görüşündə Dağlıq Qarabağın gələcək statusuna toxunulduğunu təxmin etmək olar. Ermənistan prezidentinin “bizim üçün yeganə həll odur ki, Qarabağ Azərbaycan hüdudlarından kənarda olsun” ifadəsini buna işarə saymaq olar. Belə aydın olur ki,  ATƏT-in və beynəlxalq təşkilatların mövqeyinə rəğmən Yerevan “status-kvo” barədə müzakirələrin əleyhinədir. Bu cümlə eyni zamanda Nalbəndyanın “rayonların qaytarılması müqabilində təhlükəsizlik” haqqında bəyanatının üstündən də xətt çəkir. Sərkisyanın açıqlamada dediyi “heç bir zaman heç bir erməni rəhbər Qarabağın təhlükəsizliyini bu və ya başqa mənada poza biləcək qərarı qəbul edib gerçəkləşdirə bilməz” sözləri buna bir daha subutdur. Bu tezisi həm də Moskvanın son aylarda aktiv şəkildə ictimai rəyə ötürdüyü “status əvəzinə rayonların qaytarılması” təklifini rədd edən bir mesaj saymaq olar.

Belə anlaşırı ki, Sərkisyan rejimi status-kvo üçün nəsə başqa “büket” fikirləşib.

Neçə vaxtdır ki, Ermənistanın Avropa İttifaqı ilə əlaqələrinin bərpası və Şərq Tərəfdaşlığı ilə bağlı sazişə qoşulmaq niyyəti müzakirə olunur.  Mötəbər kürsülərdə birdən birə insan hüquqlarının carçısına çevrilən Sərkisyan rejimi  Avropanın təməl prinsipləri barədə çığır- bağır salmaqdadır. Görünür, Sərkisyan Avropa dəyərləri ilə bazarlıq etməklə hərbi teatrda dəyişikliyin mümkünlüyünə özünü inandırmaq istəyir. Çox guman ki, Ermənistanın Avropa İttifaqı ilə tərəfdaşlıq sazişi ətrafında yeni hay-küyü Qarabağ probleminin dinc yolla həlli üçün Yerevana edilən təzyiqləri dəf etməkdə yeni bir priyomudur. Təsadüfi deyil ki, Cenevrə danışıqlarından 2 gün əvvəl qəfildən Yerevan Aİ ilə müzakirə etdiyi sazişin qapalı mətnini ictimaiyyət üçün açıqladı.  Belə görünür ki, Ermənistan aparılan danışıqlar prosesində “demokratiya”, “insan azadlığı” sloqanlarını Qarabağ münaqişəsinin müzakirə edilən detalına çevrimək və diqqəti daha çox hərbi deyil, siyasi mesaja vermək istəyir. Bu baxımdan o, və Yerevanın siyasi hamiləri son aylarda Bakının başının üzərini almış ciddi tənqid selindən faydalanmağa cəhd göstərirlər. Bu siyasətin ucu isə  Qarabağa gedib çıxır. Məqsəd problemin həlli üçün zəruri olan konstruktiv  müzakirələri “əzabkeş erməni xalqının” “diktatura rejimi hökm sürən Azərbaycanın” tərkibində necə yaşa bilmələri barədə ahu-zar ladına keçirmək və Bakının dipomatik cəbhədə diskreditə etmək cəhdidir.  Bu baxımdan danışıqların davamı üçün Azərbaycan XİN-i daha səmərli “baqaj” barədə düşünməlidir.

Münaqişənin həllinə gəlincə, Azərbaycanın mövqeyi birmənalıdır. Düşmən işğal etdiyi torpaqları tərk etməli və ölkənin ərazi bütövlüyü bərpa olunmalıdır.  

Payız xəzanı altında keçirilmiş Cenevrə danışıqlarının soyuq havası və həmsədrlərin ritorik bəyanatı onu deməyə əsas verir ki, Qarabağ danışıqlarında status-kvonu dəyişdirmək  sanki daha bir “aprel küləyini” zəruri edir.

Xaqani SƏFƏROĞLU

Strateq.az