XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

11 Aprel 2015 - 05:40

Prezident İlham Əliyevdən düşmənə sərt xəbərdarlıq

Azərbaycan prezidentindən düşmənə sərt xəbərdarlıq

İlham Əliyev bir daha təcavüzkara və vasitəçilərə səsləndi, “işğala, ikili standartlara son qoyun” dedi; Bakının hərbi təlimləri intensivləşdirməsinin gerçək səbəbi; ABŞ mətbuatı: “Azərbaycan erməni ordusunu darmadağın edəcək…”

“Ermənistan sülh istəmir, status-kvonun dəyişilməz qalmasına çalışır, buna görə də münaqişə həll olunmur”. Bunu prezident İlham Əliyev dünən Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

ölkə başçısı vurğulayıb ki, keçən il həmsədr ölkələrin dövlət başçılarının iştirakı ilə təşkil olunan görüşlərdə Ermənistan özünü qeyri-səmimi aparıb, münaqişənin həllində maraqlı olmayıb, Azərbaycan ərazilərinin işğal altında saxlanmasını davam etdirib. O, bir daha qeyd edib ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq normaları çərçivəsində həll olunmalı, ikili standartlara son qoyulmalıdır.
Yada salaq ki, bundan az öncə prezident, həmçinin də müdafiə naziri Zakir Həsənov erməni xalqına müraciətlə bildirmişdilər ki, əgər övladlarının boş yerə ölməsini istəmirlərsə, onları Ağdama, Füzuliyə, işğal altındakı digər Azərbaycan ərazilərinə göndərməsinlər. Elə acı statistika da ermənilərin əleyhinədir və onlara növbəti xəbərdarlıq sayla bilər.
Belə ki, təkcə bu ilin ilk aylarında düşmən tərəf özünü də etiraf elədiyi kimi, 30-dan çox hərbçisini itirib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə bir neçə dəfə çoxdur. üstəlik, bir erməni əsgəri – Andranik Qriqoryan öz silahını ataraq könüllü şəkildə Azərbaycan tərəfə keçib.
* * *
Təbii ki, sülh prosesi uzandıqca münaqişə zonasında yeni müharibə ehtimalı da artmaqdadır. Bu arada ABŞ-ın“The National İnterest” jurnalı hərbi əməliyyatların bərpası mümkünlüyü haqda geniş məqalə dərc edib (Publika.az). “Harvey&Company” şirkətinin analitiki Cek Malkeyin müəllifi olduğu məqalədə öncə cəbhə xəttindəki son insidentlərə diqqət çəkilir.
“Bu gün dünyanın bir çox yerində münaqişələr alovlanıb. Ukraynada savaş davam edir və bir çox yerlərdə müharibə şəraiti qızışır. Lakin mənim fikrimcə, 2015-ci ilin ən qaynar nöqtəsi Dağlıq Qarabağ olacaq. Cənubi Qafqazda bu qeyri-müəyyən anklav zonası uğrunda Ermənistan və Azərbaycan arasında hərbi konflikt gərginləşir.
Dağlıq Qarabağ Azərbaycanın qərb torpaqlarıdır… Bakı öz torpaqlarını geri istəyir. Hazırda bu ərazi ermənilərin nəzarətindədir və oradakı əhali Ermənistanın dəstəyi ilə yaradılan “DQR” tərəfindən idarə olunur. Baxmayaraq ki, atəşkəsə Rusiya vasitəçilik edir, müharibə heç vaxt rəsmən qurtarmayıb. Azərbaycan Dağlıq Qarabağın geri qaytarılması üçün mübarizə aparır və hazırkı status-kvonu qəbul etmir”, – deyə yazıda bildirilir.
Müəllifə görə, iki tərəf arasında kompromis faktiki olaraq yoxdur: “Ermənistan Azərbaycan tərkibində Dağlıq Qarabağın qismən müstəqilliyini qəbul etmir və bütün əraziyə nəzarəti əldən vermək istəmir. Bütün hallarda, Azərbaycanın öz torpaqlarının kiçik bir hissəsini güzəştə gedəcəyini təsəvvür etmək çətindir. Azərbaycan prezidenti İlham Əliyev qətiyyətlə öz ölkəsinin haqlı mövqeyini tələb edir. Ermənistan üçün isə Qarabağ münaqişəsi sıfır məbləğlə oynamaqdır. Dağlıq Qarabağın ərazisi dənizə çıxışı olmayan Ermənistanın üçdə bir hissəsi qədərdir. Bununla yanaşı, münaqişə son dövrlər daha çox hərbiləşmiş formada davam edir və ciddi təhlükə yaradır”.
Müəllif daha sonra yazır: “Hər iki tərəf öz ordusunu təkmilləşdirib. Erməni qüvvələri Dağlıq Qarabağın ətrafında 100 kilometrdən çox möhkəmləndirilmiş müdafiə xətti qurub. Tərəflərin səngərlər, bunkerlər və artilleriya mövqeləri ilə möhkəmləndirilmiş müdafiə xətləri bir-birindən cəmi bir neçə yüz metr məsafədədir. ötən ilin yayından başlayaraq təmas xəttində toqquşmalar intensivləşib. Hər iki tərəf yaxın bir neçə il ərzində hərbi əməliyyatlara başlamaq üçün güclü stimullara malikdir.

“Tos-1A Buratino”

Müqayisədə Azərbaycan ordusu öz üstünlükləri ilə xeyli öyünə bilər. Hansı ki, rəsmi Bakı ordunu gücləndirmək üçün milyardlarla vəsait xərcləyir. Bu gün Azərbaycan ordusu malik olduğu texnika ilə erməni piyada qoşununu ərazidən asanlıqla çıxara bilər. Azərbaycan müasir hərbi aviasiyaya malikdir və bu işdə İsraillə əməkdaşlıq edir. Azərbaycanın İsraildən aldığı pilotsuz təyyarəsi Ermənistan artilleriyasının məhv etmək üçün əvəzsiz texnikadır. Azərbaycan bu yaxınlarda Rusiyadan ağır termobarik raketlər atan dəhşətli “Tos-1A Buratino” odsaçan sistemlərini alıb. Əgər bu sistemlərin hamısı birdən işə salınsa, onlardan açılan yaylım atəşi Ermənistanın əsasən Ağdam kimi düzənlik ərazidə yerləşdirilmiş müdafiə xəttini darmadağın etmək üçün kifayətdir. Ermənistanın isə vəziyyəti çətindir. Bu ölkə və Qarabağdakı qondarma erməni rejimi Azərbaycanla müqayisəyə gəlməz dərəcədə zəifdir. Onlar zəif iqtisadi inkişaf fonunda ordunu gücləndirə bilmir. Buna görə də Ermənistan müharibədən qorxur”.
Müəllif Ermənistanın müttəfiqi olduğu Rusiyaya arxalandığını da qeyd edib: “Ermənistanın üstünlüyü coğrafi landşaftın mürəkkəb olmasıdır. Belə ki, Azərbaycan ordusu Qarabağa hücum etmək üçün sərt dağlıq əraziləri keçməlidir. Düzənlik istiqamət yalnız Ağdam hesab olunur. Əgər Azərbaycan qüvvələri bu istiqamətdən ermənilərin müdafiə xəttini yarıb Əsgərana çıxsa, o zaman Qarabağın əsas şəhəri olan Xankəndinə birbaşa çıxış əldə edəcək. Azərbaycan Prezidenti İlham Əliyev Dağlıq Qarabağı qaytaracağını zaman-zaman dilə gətirir və göründüyü kimi, rəsmi Bakı bu mövqeyindən geri çəkilməyəcək. Müharibə üçün hər iki tərəfdə stimullar var. Lakin Ermənistanın Azərbaycanla müqayisədə zəif olan ordusu ilə yalnız müdafiə olunmaq seçimi var”.
* * *
Yeni müharibə ehtimalının ciddiliyini bir sıra başqa xarici və yerli analitiklər də bölüşməkdədirlər. Hətta belə versiya səslənir ki, Bakı 1-ci Avropa Yay Oyunlarını yoluna qoyandan sonra konkret olaraq Ağdam rayonun təmizlənməsi üçün blits-müharibəyə (antiterror əməliyyata) başlaya bilər. Bundan ötrü iqlim və fəsil amilinin də əlverişli olduğu söylənilir.
Son vaxtlar Azərbaycanın işğal bölgəsi yaxınlığında, habelə Naxçıvanda, Türkiyə ərazisində qardaş ölkənin də silahlı qüvvələrinin qatıldığı, yaxud təkbaşına keçirdiyi geniş miqyaslı hərbi təlimləri intensivləşdirməsi, düşməni daha böyük itkilərə məruz qoyması, sözsüz ki, ölkəmizin hərbi cəhətdən özünü daha inamlı hiss eləməsindən xəbər verir.
Yeri gəlmişkən, srağagün Azərbaycan Ali Baş Komandanın göstərişi və müdafiə nazirinin rəhbərliyi ilə 15 min nəfər və 200 ağır hərbi texnikanın cəlb olunduğu növbəti təlimlərə start verilib.