XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

11 Aprel 2015 - 05:57

“KTMT Ermənistanın müdafiəsinə cavabdehdir, Dağlıq Qarabağın yox”

“KTMT Ermənistanın müdafiəsinə cavabdehdir, Dağlıq Qarabağın yox”

Elxan Şahinoğlu: “Rusiyalı rəsmilərin və diplomatların ermənipərəst açıqlamalarına susduqca, onlar daha çox üzərimizə gələcəklər…”

Cari ilin ilk aylarında aralarında soyuq küləklər əsən, xüsusilə də Gümrü hadisələrindən sonra kritik həddə çatan Rusiya-Ermənistan münasibətlərindəki gərginlik nisbətən səngiyib. Hər halda hər iki ölkə rəsmilərinin son vaxtlar verdiyi açıqlamalar bu mənzərəni ortaya çıxarır.
Bir neçə gün əvvəl Moskvada səfərdə olan Ermənistanın Xarici İşlər naziri Edvard Nalbəndyan hətta Moskvanın Qarabağ məsələsində İrəvana dəstək olacağını iddia edib.
“Rusiya Dağlıq Qarabağ konfliktinin həll olunması üçün fəaliyyətini davam etdirəcək”, – deyə, o, bildirib. Erməni nazir ruisyalı həmkarı Lavrovla görüşü zamanı Cənubi Qafqazdakı situasiyanı dəyərləndirdiklərini bildirib. Qeyd edək ki, Nalbəndyan az öncə Putinin yaxın zamanlarda İrəvana səfər edəcəyini bildirmişdi. Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə erməni həmkarı ilə Moskvada düzənlədiyi birgə mətbuat konfransında deyib ki, Dağlıq Qarabağda müharibəni təsəvvür etmir.
Hələlik rəsmi Bakı rusiyalı nazirin mövqeyini şərh etməyib. XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev E.Nalbəndyanın Moskvada keçirdiyi mətbuat konfransında söylədiyi fikirlərini şərh edərək bildirib ki, beynəlxalq sənədlərdə Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz və tam çıxarılması tələb olunur.
“Ermənistan xarici işlər naziri bu bəyanat ilə əslində ölkəsinin rəhbərliyinin danışıqlar prosesində yalana və möhtəkirlik əsasında yürütdüyü siyasətini bir daha ifşa edir. Ona görə də məqsədyönlü şəkildə danışıqlar prosesini pozan və Azərbaycana qarşı işğal və təcavüz nəticəsində yaranan mövcud status kvonu saxlamağa çalışan Ermənistana münasibətdə sülhə məcburedici mexanizmlər, o cümlədən sanksiyaların tətbiq edilməsi ciddi surətdə nəzərdən keçirilməlidir”, – deyə, açıqlamada qeyd olunur.
“Atlas”Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Rusiya XİN başçısının mövqeyi barədə “Yeni Müsavat”a bildirdi ki, Rusiya keçmiş dövrlərdə olduğu kimi Azərbaycanla yenə böyük qardaş kimi davranmaq istəyir: “Yəni açıq şəkildə deyir ki, mən nəyi məsləhət görürəmsə onu da elə. Bu, Lavrovun mətbuat konfransında Azərbaycana ünvanladığı birinci mesajı idi. Müharibə bizim haqqımızdır və indiki şərtlər altında bu haqqı beynəlxalq hüquq da tanıyır. Lavrov Bakıya ikinci sətiraltı mesajında erməni jurnalistin sualına cavab olaraq deyib ki, müharibə başlayacağı təqdirdə Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsinin şərtləri daxilində Ermənistana nə lazımdırsa, o cür də kömək edəcək. Yəni Lavrovun hədəfində yenə Azərbaycandır”.
E.Şahinoğlu hesab edir ki, Azərbaycan Xarici İşlər Nazirliyi Lavrovun Nalbandyanla birgə mətbuat konfransında söylədiyi açıqlamalara reaksiya verməlidir: “Azərbaycan XİN-nin bəyanatında Lavrovun diqqətinə çatdırılmalıdır ki, Azərbaycanın Ermənistana hücum etmək kimi planı yoxdur. Bu baxımdan Kollektiv Təhlükəsizlik Müqaviləsi çərçivəsində Rusiyanın Ermənistanı müdafiəsinə ehtiyac da qalmır. Azərbaycan işğal altındakı torpaqlarını azat etmək istəyir, bu torpaqların isə Ermənistana dəxli yoxdur. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı isə Ermənistanın müdafiəsinə cavabdehdir, Dağlıq Qarabağın yox. Rusiyalı rəsmilərin və diplomatların ermənipərəst açıqlamalarına susduqca, onlar daha çox üzərimizə gələcək və zənn edəcəklər ki, Azərbaycan Rusiyadan bütün mənalarda qorxur. Rəsmi Bakı balanslaşdırılmış xarici siyasət yürüdür. Bu isə loru dildə desək, o deməkdir ki, hamıya eyni gözlə baxırıq, dosta-dost, düşmənə-düşmən kimi yanaşırıq. Bəli, Rusiya ilə normal münasibətlərdən yanayıq, ancaq bu, o demək deyil ki, Moskvanın işğalçı Ermənistana hərtərəfli dəstəyinə dözməliyik”.
Politoloq digər bir fakta da diqqət çəkdi: “Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin İrəvan səfərində deyir ki, “erməni soyqrımının” tanınması siyasətində erməni xalqının yanındadırlar. Bir başqa rusiyalı deputat “soyqırımın” dünya miqyasında tanınmasında İrəvana hər cür dəstək verəcəklərini bildirir. Əslində Dövlət Duması “soyqırımı” hələ çox əvvəl tanıyıb, görünür, ermənilərə indi bir az da artıq dəstək vermək istəyirlər. Bu azmış kimi Rusiya dövlət kanalı olan “RTR”-də analitik proqramın aparıcısı Dmitriy Kiselyov bazargünkü
verilişdə dedi ki, Rusiya “erməni soyqırımını” tanıdığı halda ABŞ hələ belə bir addım atmayıb. İndi guya Kiselyov özlüyündə bununla ABŞ-ı hədəf seçib.
Əslində isə hədəf Türkiyə və Azərbaycandır. çünki saxta “soyqırımın” beynəlxalq aləmdə tanınması əleyhinə ən çox çıxış edən Türkiyə və Azərbaycandır. Bu, o iki ölkədir ki, Moskva sözdə hər ikisi ilə sıx tərəfdaşlıqdan yana olduğunu açıqlayır. Kiselyov sıradan bir jurnalist deyil, Rusiya prezidenti Vladimir Putinin əsas media silahıdır. Kiselyov yaxınlarda Azərbaycana da gəlmiş və rəsmi səviyyədə qəbul olunmuşdu. Göründüyü kimi, Rusiya ilə münasibətlərdə biz balansı gözləyirik, Moskva isə Ermənistanı əlində saxlamaq üçün Azərbaycanın maraqlarına diqqət yetirmir”.
E.Şahinoğlu dedi ki, əgər belə olmasaydı Putin 24 apreldə İrəvana getməyə hazırlaşmazdı: “Kreml sahibi Türkiyə və Azərbaycanla münasibətləri nəzərə almadan İrəvana gedir. Putin heç olmazsa Fransa prezidenti Fransua Olland kimi İrəvanın ardından Bakıya da gələ bilərdi ki, balansın pozulmadığına işarə etsin. Ancaq yox, Putin Ollandan fərqli olaraq İrəvandan Moskvaya qayıdacaq. Fransanı ermənipərəst dövlət adlandırırıq, ancaq Rusiya ermənipərəstlikdə ondan da irəlidədir. Moskva necə ki, “yumşaq güc”lə Ermənistanı, Qazaxıstanı və Belarusu idarə edir, eləcə də Azərbaycanı bu siyahıya daxil etmək istəyir”.