“Hər hansı bir partiyanın bağlanması prosesi hüquqi baxımdan ancaq məhkəmə vasitəsilə ola bilər”.
Strateq.az bildirir ki, bu sözləri Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa Milli Məclisdə hazırlana “Siyasi partiyalar haqqında" qanuna dəyişikliklərlə bağlı təklifləri kaspi.az-a şərh edərkən deyib.
Deputatın sözlərinə görə, Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsi bununla bağlı iddia qaldırır və mübahisəli məsələ məhkəmədə araşdırılır: “Əgər hansısa bir partiyanın fəaliyyətində müəyyən problemlər varsa, o zaman məhkəmə tərəfindən həmin siyasi quruma birinci dəfə xəbərdarlıq edilə bilər. Yaxud da bir neçə prosedurdan sonra həmin partiyanın bağlanması gerçəkləşdirilə bilər”.
F.Mustafa qeyd etdi ki, bu təklif parlamentdə dəfələrlə səslənib və görünür, indi qanunvericiliyə dəyişiklik edilməsi məqsədə müvafiq sayılıb: "Hər halda bu məsələ ilə bağlı müzakirələr olanda öz fikirlərimiz bildirəcəyik. Onu da qeyd edim ki, bu dəyişikliklər bütün partiyalara aiddir. Əgər qanunda tələb varsa, o istər parlamentdə təmsil olunan, istər olunmayan bütün siyasi partiyalar üçün məcburidir”.
Fazil Mustafanın sözlərinə görə, hesabat verməyən partiyaların bağlanması ilə əlaqədar olaraq məsələ qaldırıla bilər.