XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 March 2015 - 06:42

Razi Nurullayev Milli Şuradan çıxarılacağını gözləyir

  Razi Nurullayev Milli Şuradan çıxarılacağını gözləyir

“Milli Şuraya daxil olan hər bir insan xüsusi bir filtrdən keçirilir”

Bir həftə öncə AXCP-dən istefa verən Razi Nurullayevin Qərb ölkələrinin səfirliklərinin gözündən salınması üçün adıçəkilən partiyanın rəhbərliyinə daxil olan bir sıra şəxslər tərəfindən təbliğat aparılır. Təbliğatın ana xətti ondan ibarətdir ki, həmişə qərbyönümlü mövqeyi ilə seçilən R.Nurullayev hakimiyyət dairələrinin təsiri altında Qərbə asi çıxıb və artıq Moskva meylli xəttə üstünlük verir.

Razi Nurullayev isə bu təbliğatın böhtan olduğunu bildirir. Bu barədə dünən “Yeni Müsavat”a açıqlamasında R.Nurullayev dedi ki, səfirliklərdə görüşləri davam edəcək, Böyük Britaniya və ABŞ səfirliyi ilə görüşləri olacaq: “Mənim mətbuat konfransımdan sonra belə bir fikir onlarda yarana bilərdi ki, guya mən onların üzərinə haqsız olaraq gedirəm.
Ona görə də mən sonradan açıqlama yaydım ki, mən hətta yalan detektorundan da keçməyə hazıram. Yəni mənim heç bir halda nə ABŞ, nə Britaniya səfirliyini günahlandırmaq fikrim olmayıb. Mətbuat konfransında da demişdim ki, onlarla hər zaman görüşüm olub və onların hər hansı məlumatını heç zaman ortaya çıxarmamışam, onlara qarşı heç bir fəaliyyətdə bulunmamışam. Əli Kərimli mənə həmin sözləri deyəndə də mənim cavabım o oldu ki, deyilənlərə inanmıram. Bunu səfirliklərə yazılı müraciətimdə də qeyd etmişəm. İkincisi, AXCP-nin rəhbərliyinə daxil olan şəxslərin də mənim üzərimə gəlməsi tanış ssenaridir. Heç bir ləkəli fəaliyyətdən uzaq durmamağa həmişə üstünlük veriblər. Bu oyunların çoxu AXCP-nin mərkəzindən qaynaqlanır. Bütün oyunlar orada qurulur. çox təhlükəli tendensiyadır. Mən heç zaman moskvapərəst ola bilmərəm. Hər zaman qərbyönümlü olmuşam, indi də bu mövqedəyəm. Azərbaycanın işıqlı gələcəyini, müstəqilliyinin təminatını Qərbə inteqrasiyada görürəm. Bu mənim qəti mövqeyimdir”.
Qeyd edək ki, hazırda Razi Nurullayev Milli Şuranın üzvüdür. Onun AXCP-nin təzyiqi ilə Milli Şuradan çıxarılması gözləniləndirmi?
R.Nurullayev hesab edir ki, belə bir addımın atılması gözləniləndir: “Mən heç bir zaman Azərbaycanda yaradılan koalisiyaların, birliklərin müstəqil və neytral olduğu düşüncəsində olmamışam. Bu gün də beləyəm. Milli Şurada da Əli Kərimlinin təsir imkanları mövcuddur. Milli Şuraya daxil olan hər bir insan xüsusi bir filtrdən keçirilir, əvvəlcədən söhbət aparılır, məqamlar razılaşdırılır və bundan sonra qəbul həyata keçirilir. Müstəqil fikirli insanları, Əli Kərimlinin siyasətini tənqid edən insanları isə qəbul etmirlər. Orada əvvəldən gəlmiş müstəqil fikirli ziyalı insanlar da var. Amma o insanlar hələlik susmağı üstün tuturlar. Onlara mən haqq qazandırıram. Ona görə ki, bu gün onlar hər hansı fikir bildirsələr, Əli Kərimlinin ətrafı tərəfindən vətən xaini elan olunacaqlar”.
R.Nurullayev onu dedi ki, şəxsən özünün Milli Şuradan istefa vermək fikri yoxdur: “Milli Şurada o insanlar təmsil olunmalıdır ki, müstəqil fikir söyləyə bilirlər. Əli Kərimlinin inhisarında deyillər”.