XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 November 2017 - 12:34

Sabir Rüstəmxanlı DTK sədri Vaqif Hüseynovla Meydandakı görüşünü açıqladı:“Dedi ki, Moskvadan gələn DTK-çılarla kəskin danış...”

Bu gün 17 noybar Milli Dirçəliş Günüdür. 1988- ci ildəki Meydan hadisələrinin iştirakçısı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı teleqraf.com-a həmin hadisələrlə bağlı maraqlı məqamı açıqlayıb.

Xalq şairi “Meydan hərəkatı”nın mərkəzin və yerli partiya nomenklaturasının bir əməliyyatı olması ilə bağlı deyilən fikirlərlə razılaşmadığını bildirib. S.Rüstəmxanlı deyib ki, yerli və mərkəzi hakimiyyət proseslərə təsir etmək gücünü itirmişdi:

“Gəlib bizdən soruşurdular ki, “biz nə deyək ki, bizi burdan qovmasınlar”. Yəni, belə bir şərait mövcud idi. Ancaq yerli hökumətin içində olan bəzi milli təfəkkürlü insanlar başa düşürdülər ki, mərkəzə başqa cür təsir etmək imkanı yoxdur. Ona görə də onlar bu prosesin xeyirli olacağını düşünürdülər. Məsələn, noyabrın 26-27-də, yəni 1,5 milyon insanın meydanda olduğu günlərdə DTK sədri Vaqif Hüseynovdan mənə meydana yaxın bir yerdə görüş təklifi gəldi. Mən də çox ciddi bir ehtiyatla onunla görüşə getdim. Yəni, həbs oluna, yaxud başqa bir təxribatla üzləşə bilərdim. Gördüm ki, Moskvadan gələn şəxslər – 2-3 nəfər SSRİ DTK-sının əməkdaşları var. Vaqif Hüseynov mənimlə çox mehriban görüşdü, məni qonaqlara “meydan qəhrəmanlarından biri budur, nə sualınız varsa ona verə bilərsiniz” deyib təqdim etdi. O vaxtadək mənim Vaqif Hüseynovla elə bir təmasım olmamışdı. Amma onun davranışından hiss elədim ki, o meydana da, bizə də xoş münasibət bəsləyir. Mənə Azərbaycan dilində dedi ki, “indi meydanda dediklərindən qat-qat kəskin şəkildə bunlara de, qoy görsünlər, qulaqlarını açıb eşitsinlər ki, burda millət nə istəyir”. Mən də millətin nə istədiyini, meydanda dediklərimdən beş qat artıq Moskvadan gəlmiş SSRİ DTK-sının əməkdaşlarına dedim. Qonaqlardan arxada oturan Vaqif də barmağı ilə mənə tez-tez işarə edib “əla, əla” deyirdi. Bu, mənim DTK və onu sədri ilə meydanda və meydandan sonra ilk və son təmasım oldu. Onu da deyim ki, bu epizodu mən ilk dəfə sizə danışdım”.

S.Rüstəmxanlı Milli Dirçəliş Gününün Azərbaycanın müasir tarixində çox böyük rolu olduğunu da deyib: “SSRİ-nin dağılmasında və müttəfiq respublikaların Rusiyadan qopmasında həmin hadisələr böyük tarixi rol oynadı”.

S.Rüstəmxanlı bildirir ki, mitinq dağıdıldıqdan sonra fövqəladə vəziyyət rejiminin tətbiq olunmasına başlanıldı: “Lakin buna baxmayaraq, biz bütün rayonları gəzdik, təşkilatlanma prosesi getdi və 1989-cu ilin yayında AXC yarandı. Elə həmin ildən Azərbaycanın ilk müstəqil qəzeti olan “Azərbaycan” qəzetinin çapına başladıq. Qarabağa Xalq Yardımı Komitəsi yaradıldı və Qarabağın kəndlərinə yardım göstərilməsi istiqamətində çox ciddi işlərə başladıq. Bir sözlə 88-ci ilin “Meydan hərəkatı”ndan sonra milli oyanış zirvəsinə çatdı”.

Qeyd edək ki, 1992-ci ildən Prezident Əbülfəz Elçibəyin fərmanı ilə noyabrın 17-i qeyri-iş günü elan edilməklə Azərbaycanda Milli Dirçəliş Günü elan edilib. 2006-cı il ildən etibarən isə Milli Dirçəliş Günü əlamətdar gün kimi saxlanılsa da, iş günü hesab olunur.

Səxavət Həmid